Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar


Aqil Mehdi

21 Noyabr

2012
1374
Tağı Əhmədova dəstək verək!

Uzun müddətdir Azərbaycanda nəqliyyatın problemləri ilə bağlı müzakirələr gedir. Ancaq hamı problemlərdən danışır. Bu işin rəhbərliyində, yəni nəqliyyat sahəsinə məsul şəxslərə isə böhrandan çıxış yolları göstərilmir. Sizə zarafat gəlməsin o boyda strukturu idarə eləmək. Məsələn, götürək elə marşrut avtobuslarına nəzarət edən nəqliyyat nazirimiz Ziya Məmmədovu. Bir anlıq təsəvvür edin, bir nəfər və 200-ə yaxın marşrut xətti, hər marşrutda da 15-20 avtobus.

Biri deyir “sürücülər avtobusu vəhşi kimi sürür”. Bir başqası deyir “sürücülər siqaret çəkir”. O biri də avtobuslardakı natəmizlikdən şikayətçidir. Hələ sürücülərin gediş haqlarını özbaşına qaldırmasından şikayətçi olanları demirəm. İşə gecikən vaxt dayanacaqda “yatan” sürücülərdən isə danışmağa dəyməz.

İndi özünüz fikirləşin, bir nəfər bu problem necə həll etsin? Təkcə sürücülərin sayı 2-3 mindir. İndi kimə desin ki, “ay bala, avtobusda siqaret çəkmək qadağandır” və ya “şəhər daxilində avtobusun sürətini 60-dan yuxarı qaldırma”, “qaraja getməzdən əvvəl avtobusların içini təmizləyin, yuyun”.

Başqa bir acınacaqlı vəziyyətdə olan ictimai nəqliyyat vasitəsi isə metrodur. Nə səhəri bilinir, nə günortası, nə də axşamı. Bir az da açıqlayım. Təsəvvür edin ki, səhər 7-də metroda da adam əlindən tərpənmək olmur, günorta 1-də də, axşam 6-da da. Birdən hesab edərsiniz ki, xalqın metroya sevgisindəndir bu tünlük. Yox a, metrodakı basabasın günahı da Ziya Məmmədovun yollarına görədir. Heç kəs deyə bilməz ki, iş başlamazdan bir saat əvvəl evdən çıxdım, mindim filan avtobusa, işin başlanmasına 10 dəqiqə qalmış çatdım mənzil başına. Hamının səhərlər bir dərdi və bir sözü var: “qardaş canı, saat yarımdır tıxacdayam”. Bu söz Sumqayıtdan gələnlər üçün də eynidir, Bayıldan gələnlər üçün də, hətta Əhmədlidən gələnlər üçün də. Problemin kökündə isə nəqliyyat sektorunda yeyilən milyonlar, mənasız yerdə və mənasız yöndə tikilən körpülər, ilin 200 günü bağlı qalan və ildə 4 dəfə qaşınan yollardır. Təsəvvür edin ki, 3-cü mikrorayon dairəsində tikilən körpünün üstü hər zaman boş olduğu halda, altında hamı siqnalla bir-birini söyür. Əvvəl dedilər “tıxac avtovağzala görədir”. Onu xaraba qoyub təzəsini tikdilər. Amma tıxacı ora apara bilmədilər. Hər gün bu ərazidən və “20 Yanvar” dairəsindən keçənlər cəhənnəm əzabı çəkirlər.

Bəs səbəb nədir? Bu günlərdə Tağı Əhmədov maraqlı bir açıqlama vermişdi. Demişdi ki, “mən metro sürə bilirəm, Cahangir Əsgərov da “AZAL”ın rəhbəri kimi təyyarə sürə bilir”. Bəlkə nəqliyyatdakı problemləri elə bu yolla aradan qaldırmaq olar? Məsələn, Ziya Məmmədov oturur 11 saylı marşrut avtobusun sükanı arxasında və 28 May metrosundan yola çıxıb gəlir “Əhmədli” metrosuna kimi. Amma şərt var. Heç kəs onu müşayiət eləmir, getdiyi yolu təmizləmir. İnanın ki, heç Təhsil Nazirliyinə kimi səbir edə bilməz. Hələ mən onun Heydər Əliyev prospektində tunelin içində tıxaca düşməyindən, Qara Qarayev metrosundan sağa burulub “Planet” şadlıq sarayının qarşısından keçib, guya tez gedəcəyini düşünərək saat yarım “Xan bağı” restoranının qarşısında qaz-tormoz verməsindən, oradan çıxdıqdan sonra isə 8-ci kilometr bazarının qarşısında avtobusun bir yanının neçə aylardır tikilib başa çatmayan keçidə görə qalaqlanmış torpaq təpəsinin üstünə qaldırmasından danışmıram.

Məncə ölkədəki problemlərin axırına çıxmaq üçün aidiyyəti şəxsləri birbaşa öz sahələrinə göndərmək lazımdır. Qoy gedib “yoxdur” dedikləri problemləri öz gözləri ilə görsünlər. Yəni qısası Tağı Əhmədova dəstək vermək lazımdır. Necə ki, o metro sürür, insan sıxlığını aradan qaldırmaq üçün yollar axtarır (istidən ürəyi gedən insanlara görə, də bir əlac fikirləşsə yaxşı olar – A.), qoy digəriləri də onlara aid sahələrə ezam olunsunlar. Tağı müəllimin təklifi ictimai müzakirəyə çıxarılmalıdır.

Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


11-12-2019 11:59



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru