Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar


Emilya Vaqif

17 Noyabr

2012
2397
35 yaşında evlənən qonşumuz və it qudaları

Bu yaxınlarda qonşumuzun oğlu 35 yaşında evləndi: 5 il idi ki, nişanlısı olan  qızı sonunda götürüb qaçdı. Bu xəbəri eşidəndə çox təəssüflənmişdim. Əlbəttə, onların evlənməyinə görə yox, imkansızlıq ucbatından qızı qaçırmağına görə. Çünki ata-ananın xeyir-duası ilə, el adəti ilə evdən çıxmaq hər bir qızın arzusudur. Nə isə… Buna da şükür. Çünki sevdiyi qızla imkansızlıq ucbatından elçi göndərə bilməyənlər, hətta bəzən buna görə özlərinə qəsd edənlər də az deyil. Ona görə də, bu gənclərin yaxşı qurtardıqlarını deyə bilərəm. Onların bundan sonrakı taleləri necə olacaq, onu da bir Allah bilir. Əsas odur ki, biz onlara xoşbəxtlik arzulayırıq.

Toyla bağlı maraqlı bir hadisə də Qırğızıstanda baş verib. Belə ki, bir neçə gün öncə Qırğızıstanda kütləvi toy mərasimi keçirilib. Tədbirdə  ölkənin az imkanlı ailələrindən onlarla cütlük qatılıb. Bütün xərclər də özlərini tanıtmayan sponsorlar tərəfindən ödənib. Toy xərclərindən əlavə, gəlinlərə qızıl, bəylərə isə gümüşdən nişan üzüyü hədiyyə edilib.

Bu xəbəri hazırlayanda düşündüm ki, nə olardı, bizdə də belə adətlər olaydı. Axı necə olsa bizim də mili, dini keçmişimiz var. Qırğızıstanda  sponsorlar özlərini tanıtmayıblar, qoy lap bizdə tanıtsınlar, elə televiziyada da gecə-gündüz versinlər. Hər halda bu, təbliğat da ola bilər.

Elə bunu düşünürdüm ki, xalq artisti Səməd Səmədovla müğənni Nadir Qafarzadənin itlərinə toy edib, it qudası olacaqları, hətta sonuncunun itinə İngiltərədən eksklüziv gəlinlik gətirəcəyi kimi xəbərlə rastlaşdım. Həmin səhifədə «mədəniyyətimizin» digər nümayəndəsi Rəqsanə evlilikdən kənar münasibəti və sevgilisinin hədiyyə elədiyi itlə bağlı müsahibəsi dərc olunmuşdu. Son cümlələrini oxuyanda bilmədim gülüm, yoxsa ağlayım:  «(İtin) Atası odur, anası da mən. İsmayılova Tomi Rəqsanə oğlu»…

Deyəcəksiniz ki, müğənnilərin nə elədiklərindən bizə nə? Mən deyim, siz də qiymətləndirin.

Bu yaxınlarda küləkli bir havada “Azərbaycan” Nəşriyyatından çıxıb evə gedirdim. Plaşıma bürünüb, birtəhər metroya çatmaq üçün tələsirdim. Lakin bu an gördüyüm mənzərə mənə elə təsir elədi ki, soyuq-filan yadımdan çıxdı. Təqribən 45-50 yaşlarında qadın əynindəki jaketi çıxardaraq bərk-bərk bürüdüyü küçüyü qucağına götürüb, təngi-nəfəs halda yoxuşu çıxırdı. Məəttəl qaldım. Mən hələ ona nisbətən gənc olsam da, hər dəfə bu yoldan qalxanda bir xeyli çətinlik çəkirəm. Qadın  isə güclə nəfəs almağına baxmayaraq, qucağındakını - bəlkə heç ömrü boyu övladını elə qucaqlamayıb - yerə qoymurdu. Bir istədim deyəm ki, ay xanım, bu qucağınızdakı heyvandı, Allah onu fitrətən belə şeylərə güclü yaradıb, amma demədim. Çünki iti atasından belə əziz tutanların belə cavabı mədəniyyət səviyyəsinin alt mərtəbələrində olur. Hətta qorxdum ki, o itə heyvan dediyimə görə qınanım da.

Bir az irəlidə isə soyuqdan büzüşmüş bir lal tərəzinin arxasında durub 10 qəpiyə kimin özünü çəkdirəcəyini gözləyirdi…

Bəli, biz artıq buyuq: Soyuq küçələrdə qucağımızdakı küçüklərə həsədlə baxıb, evsizlərin yanından,  «birdən 20 qəpiyimi istəyər», - deyə, tələsik keçən məxluq…

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-11-2018 19:54



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com