Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar


Emilya Vaqif

12 Noyabr

2012
1971
Vicdan çırağını təmiz saxlayaq

Bu yaxınlarda sediyim və alim kimi hörmət elədiyim xanımlardan biri ilə dünyamızda baş verən qəddarlıqlar, zorakılıqlar barədə danışırdıq. Söhbət arası ondan soruşdum ki, ana-atanı öldürmək, körpələrdən imtina etmək, yaşlıları evlərindən çıxardaraq, onları taleyin ümidinə buraxmaq, dostun namusuna sataşmaq və sair bu kimi iyrənc hadisələri törədən insan görəsən vicdanını necə yatırdır?
Həmin xanım isə cavabında vicdanın çırağa bənzədiyini dedi: «Çırağın vaxtlı vaxtında neftini tökəndə, dibinin çöküntüsünü, şüşəsindəki ləkəni, piltəsinin yanıq yerini kəsəndə o, daha artıq parıldayır, şölələnir. Ancaq bunlardan birini etmədikdə isə getdikcə hiss eləməyə başlayır. Beləliklə, işığı zəifləyir. Hətta elə vəziyyətə çatır ki, hisli şüşəni arxasından onun yandığını güclə sezirsən. Sonra başlayır «pır-pır» eləyərək yanıb sönməyə. Elə bir an gəlir ki, o daha yanmır».

Çox gözəl bənzətmədi. Deməli, insanda vicdan lampasının daim şölələnməsi üçün onu hər gün təmizləmək lazımdır. Zəmanəmizdə isə nəfsin diktəsi isə hər işi qaçaraqdan görmək, daha çox pul qazanmaq istəyi gün ərzində bizləri o qədər yorur ki, axşam «vicdan çırağını»  təmizləməyə halımız qalmır. Beləliklə, o hiss verir, qaralır, «pır-pır» edir və nəhayət sönür…

Diqqətlə araşdırsaq, görərik ki, doğrudan da son zamanlar baş verən qəddarlıqların, zülmlərin səbəblərindən biri, bəlkə də ən mühümü elə budur. Axı vicdan çırağının sönməsi ilə ətraf qaranlığa qərq olur. Bu zülmət içində ilk itirilən şey insanlıq olur. Vicdan çırağı sönən şəxs isə bunu başa düşmür. Beləliklə, onun və ətrafındakıların fəlakətli günləri başlayır. O şəxs ilk olaraq, başqalarını paxıllıqda, həsəddə qınayaraq özünün haqlı olduğuna inanır, sonra yaxınları ilə olan sevgi zəncirlərini onların boynuna dolayaraq sıxmağa başlayır. Öz hərəkətinə bəraət qazandırmaq üçün əvvəlcə vicdanını susduracaq bir səbəb tapır, sonra isə başqalarını təqsirləndirir.  Beləliklə, qohumlar, qonşular, dostlar və nəhayət ailə zülmətlər içində qərq olur…

O, artıq qaranlıqda yalnızdır. Nə işıqlı çırağı var, nə də yol göstərən dostu. Tənhalığın gətirdiyi acı həqiqət gecə kabuslarına çevrilir və sona doğru yolu daha da sürətləndirir.

Əgər bizlər də belə sonluqla üzləşmək istəmiriksə, unutmayaq ki, təmiz bir vicdan qədər yumşaq balış yoxdur. Gəlin tənbəliiyi bir kənara qoyaq, hər gecə vicdan çırağımızı təmizləyək…

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-11-2018 20:26



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com