Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar


Emilya Vaqif

30 Oktyabr

2010
2241
PARLAMENT SEÇKİLƏRİNİN YALANÇI HACILARI

Seçki təbliğatında "mən hacıyam" deyənlərdən soruşuram: məscidlərimiz bağlananda, söküləndə, hicablıların hüquqları tapdalananda, sakitcə yürüş keçirən günahsız dindarlar döyülüb həbs ediləndə siz hardaydınız?

İstismar hər zaman gündəmdə olan məsələlərdən biridir. KİV-də tez-tez belə bir ifadəyə rast gəlirik: uşaq istismarı, qadın istismarı, din istismarı... Bəs  nədir istismar?
İstismar - lüğətdə birinin yaxşı niyyətindən faydalanma, sui-istifadə etməKdir. Bu vəziyyətdə məsələn, uşaq və qadınların gücsüzlüyündən faydalanmaq,  romantik məzmunlu seriallarla ağlamaya meylli kəslərin duyğuları üzərindən reytinq əldə etməyə çalışmaq, bir sıra tarixi şəxsiyyət və ya ideologiyaların adını istifadə edərək mövqeyini gücləndirmək istismar sayılır.

İstismarın ən pisi


Bütün bu istismar növləri içində ən çirkini dinin fərdi mənfəətlərə alət edilməsidir. Din istismarçılarının bir qisimi bədniyyət kəslərdən meydana gəlir, bəziləri isə qəsdsiz və şüursuzca, qəflətinə məğlub olaraq öz dinini fərdi mənfəətləri üçün istifadə edir. İstər məqsədli və şüurlu, istərsə də qəflətdən ötəri olsun, pul, mövqe, etibar, siyasətə söykənən bu səylər nəticəsində zərər çəkən yenə yaxşı niyyətli dindar insanlar olur. Belə ki, onlar belə insanların Allah adamı olduğuna inanıb böyük maddi və mənəvi zərərə uğrayırlar.

Kimlər aldanır?


Bir müsəlman kimi, dəfələrlə siyasi və ticari həyatda, kütləvi informasiya vasitələrində, təhsildə, dostluq əlaqələrində, qısaca qazanc gətirəcəyi düşünülən hər yerdə müqəddəs dəyərlərimizin istismar edildiyinin şahidi olmuşuq. Cilddən-cildə girə bilən bir sıra insanların, həqiqətdə İslamdan uzaq olduqları bilindiyi halda özlərinə lazım olduqda dinin üzərindən mənfəət əldə etmə səyləri, beləliklə də Allahı və müsəlmanları aldatdıqlarını düşünmələri doğrusu təəccüblüdür. Halbuki, onlar bu davranışlarıyla özlərini aldatdıqlarından xəbərsizdirlər. Qurani-Kərim bu barədə buyurub: "Allahı və iman gətirənləri aldatmaq istəyirlər, halbuki, özlərindən başqa heç kəsi aldatmırlar və başa (da) düşmürlər. Onların qəlblərində xəstəlik (küfr, şəkk və nifaq xəstəliyi) vardır, Allah da xəstəliklərini artırmış və artırmaqdadır və danışdıqları yalanın müqabilində onlar üçün ağrılı bir əzab vardır" ("Bəqərə", 9-10).

Siyasətdə dini istismar


Din siyasi dairələrdə də çox istismar edilmiş, çağlar boyu siyasi hökumət vasitəsi olaraq, ya da iqtidara gedən yolda kütlələri təsir etmək üçün istifadə edilib və edilməkdədir.
Məlum olduğu kimi, hazırda ölkəmizdə deputat seçkilərinə hazırlıq işləri gedir. Artıq hər gün İTV-də namizədlərin təbliğat kampaniyalarının şahidi oluruq. Nə olar? Bu, onların qanuni haqqıdır. Mənə təsir eləyən onların mavi ekranda dindarlıqlarından danışması, "Mən hacıyam" deyə xalqa müraciət edərək onlardan səs istəməsidir. Üzümü onlara tutub soruşuram: Məscidlərimiz bağlananda, hətta söküləndə, hicablıların qanuni hüququ tapdalananda siz hardaydınız? Fevral ayında Əziz Peyğəmbərimizin (s) vəfatının ildönümündə sakitcə yürüş keçirən günahsız insanlar vəhşicəsinə döyülərək tutuldular. Sizlərdən bir nəfər səsini çıxartdımı, ya KİV vasitəsiylə etiraz etdimi? Maraqlandımı ki, artıq bir ilə yaxındır həbsdə suçsuz yerə yatan bu insanların bəziləri təzə evliydilər və bu müddət ərzində körpələri dünyaya gəlib, digərlərinin övladları əsgər gedib, bəlkə ailələrinin nəyəsə ehtiyacı var? Budurmu sizin müsəlmanlığınız, hacılığınız? İndi efirə çıxıb "mənə səs verin, mən Hacıyam" deyirsiniz.
Deyirəm, bütün dinlərdən üstün olan İslamın bu məsələyə münasibəti nə qədər də dəqiqdir: "Sizdən heç bir muzd istəməyən və özləri də hidayət olmuş kəslərə tabe olun". ("Yasin", 21).

Müasir texnologiyada istismar


Bəlkə yadınızdadır, bir vaxtlar yuxusunda Peyğəmbəri gördüyünü, ondan bir sıra göstərişlər aldığını iddia edən və sonda da: "Allah rizası üçün bu yazını filan qədər adama çatdırın, yoxsa işiniz düz getməz, başınız bəladan ayılmaz" mesajlar gəlirdi. Başına bir fəlakət gəlməsindən qorxan bəzi saf ürəkli insanlar da bunu başqalarına göndərərdirlər.
Bu indiyə qədər olanlardan yalnız bir nümunədir. Belə ki, bu cür istismar forması zaman-zaman görünüşünü dəyişərək məktub, şəkil, mail və s. şəklində də həyatımıza daxil olur.
Bəs bunu niyə edirlər? Bəzi informasiya mütəxəssisləri bu tərz elektronik mesajların son dərəcə müvəffəqiyyətli bir fərdi mail ünvanı toplama üsulu olduğunu söyləyir. Belə ki, uyğun kompüter proqramları istifadə olunaraq, bu yolla yığılan mail ünvanları reklam göndəriləri üçün istifadə edilir.
Əlbəttə, dini istismar təkcə bu sadaladıqlarımla bitmir. Lakin fikrimcə bu ikisini qeyd etmək kifayət edər. Burada kimlərin nə üçün belə bir yola müraciət etdiklərini sorğulamaq ayrı bir mövzudur. Ancaq bir həqiqət var ki, bu cür davranışlar müsəlmanların dini duyğularını sui-istifadə etmədən əlavə, onları aldatmaq, inanclarıyla lağ etməkdir. Nə formada olursa-olsun, mənəvi duyğuları istifadə edərək insanları fərdi çıxar üçün istiqamətləndirmək və idarə etmək çox çirkin bir hərəkətdir. Burada Peyğəmbərimizin "Bizi aldadan bizdən deyil" xəbərdarlığını xatırlamaqda fayda var.
Yazımın sonunda qeyd edim ki, dini şəxsi mənfəətlərinə alət etmək, dindar seqmentin müqəddəs dəyərlərini istismar etmək bəzi qrupların daim iştahını qabardıb və hər halda daha da qabardacaq. Çünki bilirlər ki, din insanın ən həssas nöqtələrindən biridir. Bizə düşən isə niyyətimizi, səyimizi, Allah qorxumuzu, dini həssaslığımızı öz mənfəti üçün istifadə edən adam və qruplara aldanmamaqdır.

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-11-2018 19:53



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com