Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar


Aqil Mehdi

13 Oktyabr

2010
1774
BU ŞİLLƏDƏN HƏLƏ ÇOX DANIŞILACAQ
Dünən bütün günü həyacanda idim. Axşam Milli komandamızla qardaş Türkiyənin Milli komandası qarşılaşacaqdı. Uzun illərdir əsl futbol həsrəti ilə yaşayırıq. Biz də Azərbaycan adına sevinib komandamızla fəxr etmək istəyirik. Hələ də bu komanda Milli komandadırsa. Hər küçədən keçən bizi məğlub edir. 7-0, 10-0, 6-0, 3-0 və sair və ilaxır. Belə demək mümkünsə, hər dərənin sürtüyü bizdən xal alacağını yüzdə-yüz bilir.

Kim harada uduzub xal itirirsə, kimin harada burnunu yerə sürtürlərsə, acığı bizə tutur. Sanki bunların əvəzinə biz oynamalıyıq. Türklər demiş "hadi bə", heç öz əvəzimizə top qova bilmirik.

Nə isə, səhər tezdən başlayan həyacanımın bir az da artmasına internetdə oxuduğum bir idman xəbəri oldu. Zatən hər gün belə xəbərləri yüzlərlə oxuyuruq. Amma həyacan yaradacaq xəbər, qardaş dediyimiz Türkiyənin Milli komandasının oyunçularının  və rəhbərliyinin bizim barədə, daha doğrusu Azərbaycan Millisi ilə bağlı söylədikləri idi. Təsəvvür edirsiz, görün iş hansı səviyyəyə çatıb ki, qardaşlarımız burunlarını yerə sürtən Almaniya Millisinin heyfini bizdən çıxacaqlarını, Azərbaycan Millisini darmadağın edəcəklərini açıq şəkildə bəyanlayırdılar. Yenə türklər demiş, "Yuh olsun sizə!"

 Ya bir utanın, bir boyunuza baxın. Siz kimin heyfini kimdən almaq istəyirsiz? Biz erməniyikmi? Biz sizin düşməninizikmi? Ya, Allah xatirinə deyin, nə vaxt sizə yardım etməmişik? Nə vaxt sizlərin ayağından dartmışıq? Zatən siz hər zaman bizə üçüncü növ xalq kimi baxmısınız. Siz hər zaman bizdən trampilin kimi istifadə etmisiniz. Siz bizi qabağa verib arxamızdan işlər görmüsünüz. "Qarabağ düyünü çözülməzsə, Ermənistanla sınırları açmayız" - deyib, az qala qol-boyun gəzirsiniz. Qarabağımızın adından istifadə edib illərlə ucuz qiymətə qaz alıb odumuza qızınmısınız. Siz Türkiyə-Ermənistan matçı zamanı Azərbaycan bayrağını zibil qablarına atmışdınız. Siz Ermənistan-Türkiyə matçında Türkiyə bayrağı ilə Ermənistan bayrağını bir-birinə bağlayıb halay çəkirdiniz. Biz heç o Ermənistan bayrağı ilə ayaqqabımızı belə silmərik, murdarlanmasın deyə. Amma baxın siz neynədiniz? Məlun Hrant Dink öldürüləndə küçəyə çıxaraq "Hepimiz Hrant Dinkiz, hepimiz ermeniyiz!" şüarlarına daha birini əlavə etdiniz: "Almanların heyfini Azərbaycandan çıxacağıq, Azərbaycan Millisini darmadağın edəcəyik". Hələ bir çempionat əvvəl Milli komanda adına sizin qrupdan çıxmanız üçün verilən 3 xaldan danışmıram. Bumu bizə qoyduğunuz hörmət? Bumu abilik? Bumu bir millət, iki dövlət fısqırığı. Zatən sizin kimilər üçün bizdə "Evdə Qatır Məmməd, çöldə qotur Məmməd" deyilən bir məsəl var.

Bu həyacanımı bir balaca azaldacaq başqa xəbəri də oxudum. Milli komandamızın baş məşqçisi Berti Foqts həmişəki kimi optimist bir açıqlama vermişdi. "Türklərə sürpriz hazırlamışam" -  deyə bildirirdi. O qədər də inanmadım. Çünki bizim bu Foqts hər zaman belə açıqlamalarıyla tanınıb. Hər zaman səfərə gedəndə "3 xal üçün getdiyini", ev oyunlarında isə "rəqibi məğlub edəcəklərini" açıqlayıb. Amma nəsə bu dəfə ona inanmaq istəyirdim. İnanmaq istəyirdim ki, nəhayət o dediyini edəcək. Ona görə yox ki, mən də əksər futbol azarkeşləri kimi nəhayət Millimizin qələbə sevincini bayram etmək istəyirdim. Ona görə ki, Türkiyəni təmsil  edən bir Millinin üzvləri bizi "qaz" yerinə qoyaraq, yolacaqlarını bas-bas bağırmışdılar. Və mən də bu həddini bilməz qardaşlarımıza yerini göstərəcək bir Millinin arzusunda idim. "Qarabağ"ın qələbələrinin davamının "Azərbaycan"ın adına da yazılmasını istəyirdim.

Və nahayət o an gəldi. Bütün Azərbaycanı ayağa qaldıran, burnu yerə sürtülmüşlərin boylarından böyük danışmağın cavabını, oyunun ilk yarısının 39-cu dəqiqəsində Sadıqov verdi. Az oldu, bir qol oldu, amma saz oldu.  Belə demək mümkünsə, bu oyunla Azərbaycan Millisi dünya üçüncüsü olmuş bir komandaya futbol dərsi keçdi. Başın sağ olsun abi! Biz vaxtı gələndə ayağa qalxmaq üçün təpər tapırıq, amma bunun üçün kimsəni ayağımızın altına almırıq. Sizin dillə desək, kəndi-kəndimizə, öyləcə, sadəcə kalkıyoruz.

Şərhlər
Vaqif tərəfindən 13-10-2010 15:10:11 tarixində yazıldı
Qelemine quvvet abi! Chox gozel yazmisan, Sen de 2-ci shilleni vurdun!
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-09-2019 17:10



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru