Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar


Emilya Vaqif

09 Avqust

2010
3011
BİR GENERALIN OĞLU ÖLSƏ...
Ermənilər. Bu bizim əzəli və əbədi problemimizdir. Onlar bizim tarixi düşmənimizdir və bu düşmənlik heç zaman bitməyəcək. Bu məntiqi qəbul etməyən məncə kimsə yoxdur. Hamı bu problemi əlində bayraq tutub Azərbaycandan o ki var istifadə edir. İstər dostlar, istərsə də düşmənlər.

Bu düşmənçilik haradan başlanır


Sondan başlasaq 20 ildir Azərbaycan olaraq terrorun, müharibənin içindəyik. Gözümüzü "atəşkəs pozulub" xəbərsiz açdığımız gün olmur. Ölkədə yalnız müharibə vəziyyəti deyil, daimi bir böhran halı da var. Qəzetlərə, televiziyalara baxdıqda, hər gün başqa bir hadisə görürük. Artıq cəmiyyətimizin bu hadisələri həzm edəcək gücdə deyil. Səbir kasası daşıb artıq. Yalnız müharibə şəraiti deyil, cəmiyyətdə elə bir gərginlik var ki, küçələrdə yaranan tıxaclarda belə insanlar az qala bir-birlərini öldürürlər. Adi xırda bir problem belə ABŞ-İraq müharibəsinə bənzəyir. Az qala qonşular bir-birinə qənim kəsiliblər. Ölkə daxilində bir regionlaşma ab-havası var. İnsanlar tanış olanda bir-birilərindən ilk olaraq "haralısan" deyə soruşurlar. Talışsan, ləzgisən, türksən, kürdsən, sünnüsən, şiəsən... İllərdir bizi aldatdılar. Şovinist şəkildə hazırladılar bizi bu günlərə. Müxtəlif siyasətlər tətbiq olundu, müxalif səslər susduruldu, rəsmi ideologiya xaricində heç kimə göz açdırılmadı. Nəhayət, elə fanatik, elə cahil, məlumatsız bir cəmiyyət ortaya çıxdı ki, son dərəcə pessimist bir cəmiyyət olduq. Bu cəmiyyət, hüquqsuzluq üzərinə tikilmiş bir sistem üzərində irəliləyir. Məhkəmələrin vəziyyətini görürsünüz. İnsanların son sığınacaq yeri olan hüquq. Ora da artıq güvənli deyil. Siyasətçilərə belə zərrə qədər güvən qalmamış bir cəmiyyətə sahibik. Bəsdir, artıq insanlar buna dözə bilməz dedikdə, hamı sənə ikrah hissi ilə baxır. "Bunun da başı xarab olub" deyirlər. Xeyr, başım xarab olmayıb. Bunu hər kəs söyləyə bilər, bu bir az vicdan işidir.


Hirs cəmiyyəti bölürmü?


Əvvəllər ermənilərə qarşı insanların içərisində bir hirs var idi, artıq o hirsi insanlarımız bir-birinə yönəldib, bu çox qorxuludur. Mübariz insanlar artıq hər şeydən çəkilib, evlərini satıb xaricə köçürlər. Və siyasətçilərin buna diqqət yönəltməməsini başa düşə bilmirəm. Belə bir Azərbaycanmı istəyirik biz? Bununlamı biz özümüzü regiondan lider dövlət olaraq görürük? Qonşularla "sıfır problem" gözəldir, amma öz daxili problemini təmizləmədiyin müddətdə, hər zaman təcavüzə, istifadə edilməyə açıq bir ölkə olacaq, hər vaxt vurulmağa açıq bir ölkə olacaq. Biz bunu unutmamalıyıq. Ermənilərlə problemimiz bilmərrə həll edilməmiş, regional güc olmaq boş söhbətdir. Çünki bu problem bizim zəif nöqtəmizdir. Kim istəsə bu problemdən istifadə edib, bizi istədiyi şəkildə idarə edəcək.


Siyasətçilər niyə razılaşa bilmir?


Çox gülüncdür. Heç kəs Qarabağ barədə barədə düşünmür. Nə iqtidarı, nə müxalifəti. Hamı "kreslo" davası edir. Müxalifət fikirləşir ki, görəsən necə edə bilərəm parlamentdə filan qədər yer əldə edim. İqtidar isə fikirləşir ki, necə edim seçkiləri bu ildə saxtalaşdırım, xarici təşkilatlara da bu saxta nəticələri sırıyım. Amma Qarabağ... Yenə qeyd edirəm, bu barədə düşünən yoxdur. Nə iqtidarlı, nə müxalifətli başlar bir dəfə baş-başa gəlib ölkəni ayağa qaldırıb düşmənləri lərzəyə gətirmək istəmirlər. Niyə bəylər? Niyə göz bəbəyimiz olan Qarabağımızı qartal yuvasını sevən qədər sevmirsiz? Yaxşı, tutaq ki, iqtidar bu məsələdə passivdir. Bəs müxalifət? Bu təkcə AXCP, Müsavat, ADP, AMİP, KXCP, QAT, Ümid vəs. məsələsi deyil. Bu hər şeydən üstündür. Bundan reytinq qazanmaq üçün istifadə etməyin özü ədəbsizlikdir, bu ölkəni intihara sürüməkdir. Siyasətçilərimiz seçkini bir kənara atıb, təcili olaraq toplanıb bütün ölkə üzrə Qarabağı müdafiə aksiyaları keçirməlidirlər. Oturub romantik analizlər verməkdən imtina etmək lazımdır. Demirsiz iqtidar filan prinsiplərlə torpaqları satır, siz qoymayın də satsın. Bəs siz niyə susursuz, guya sizin bəyanatlarınızı saya salan var. Amma böyük xalq kütləsinin səsini hələ indiyə kimi saya salmayan olmayıb. Bizim bir Vətənimiz var. Onun bir parçası isə Qarabağdır. O Qarabağ ki, onun adı üçün dünən 3 topa görə bütün Azərbaycan sevinc göz yaşları axıdırdı.


Bu nəylə bitəcək?


Sizə çox acı bir həqiqəti söyləyim. Əgər bir gün məscidin birindən bir cənazə qalxsa, bir məmurun, bir generalın oğlu müharibədə ölsə, bax o zaman bu müharibə barədə bəlkə düşünən oldu. Həmişə ön cəbhəyə kasıbın füqəranın, kəndlinin uşağı gedir. Mən artıq buna dözə bilmirəm. Bir qadın olaraq dözə bilmirəm. Bu analar şəhid cənazəsinə sarılıb ağlayarkən qəhərə boğuluram. Bu gün 3 il əvvəl ölən uşaqlarımızın adını ailəsindən başqa xatırlayan varmı? Bu hadisəni artıq ölüm ədəbiyyatından çıxarıb şüurlu bir şəkildə düşünməyimiz lazımdır. Bu ölənlərin hamısı bizim övladımızdır. Bəsdirin küçələri pivə, araq, lüt qız reklamları ilə doldurdunuz. Bəsdiri televiziyalarda iyrən verilişlərlə gənlərimizin əxlaqını korladınlz. Bəsdirin bu xalqın vətənpərvərlik hisslərini öldürdünüz. Bayaq dediyim kimi, bir generalın, bir məmurun oğlu ölsə, küçələri doldurarsız şəkillərlə, televiziyaların gündəmindən düşməz, hələ bəlkə matəm də elan edərsiz. Amma o cür qəhrəman igidimiz şəhid olub, hamısının gözü bağlanıb, qulaqları kar, dilləri lal olub. Bir məmur danışmır Mübariz İbrahimovdan. Niyə danışmırsan Səfər Əbiyev, məgər Mübariz İbrahimov sənin əsgərin deyil, niyə əsgərinin meyidini yağı düşməndən almırsan? Cəsarətin çatmır? Ya qorxursan ki, atəşkəs dövründə Azərbaycan əsgəri onlarla erməni öldürdüyü üçün və sən də onun bu qəhrəmanlığından danışdığın üçün beynəlxalq təşkilatların qınağına tuş gələsən? Allahın lənəti olsun bütün beynəlxalq təşkilatlara və onların himayədarlarına. Məgər onlar gətirməyiblər bu oyunu bizim başımıza? Lap əcəb edib öldürüb ermənini, nə vaxtdan düşmən öldürmək cinayət hesab edilib. Mən də oğlumu o ruhda böyüdəcəm. Böyüdəcəm ki, əsgər olanda səngərdə, postda yatmasın, gedib düşmən içinə girib Mübarizin qəhrəmanlığını təkrarlasın, onun ruhunu şad etsin. Siz isə, məmurlar, susun. Susun ki, hakimiyyətiniz davamlı olsun, kabinetiniz əlinizdə qalsın. Şəhid qardaşımızın ruhu isə şad olsun, şad olsun ki, bu xalq QƏHRƏMAN ÖVLADLARINI heç vaxt unutmur. Unudanlar və unutduranlar isə bir gün unudulacaq, buna əmin olun!



Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-11-2018 19:53



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com