Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar


Emilya Vaqif

22 May

2009
1937
Kimə deyim dərdimi...

İsti yuva, mehriban ata-ana, hər zaman yanında olan dost... Bu şəraiti meydana gətirmək üçün uşağın bir küncdə uyğunlaşmasını və ya intihar etməsini gözləməkmi lazımdır?

 

Məktəb çıxışı yeniyetmələrin "ilişdikləri" yerlərə baxıldığında ya internet salonları, ya da kafeləri, hətta barları görürük. Orada bir neçə saat vaxtlarını öldürür və hava qaralanda evlərinə qayıdırlar. Evə gəldikdə isə yemək və sairə kimi fərdi ehtiyacdan sonra öz otağına çəkilir, əlində cib telefonu, qulağında valkman, qarşısında isə kompüter...

Bu sadaladıqlarımız müasir məktəbli gəncin gündəlik ev həyatının təsviridir və çox təəssüf ki, bir çox ailənin vəziyyətini əks etdirməkdədir.

Ailəsində baş verənlər yeniyetmənin çox da vecinə deyil. Elə onun vəziyyəti də evdəkiləri narahat eləmir. Ata ümumiyyətlə gec gəlir. Bəlkə o da işdən çıxandan sonra haradasa vaxtını öldürür. Ana çətin güzəranı, evdəki saymazlığı özünə dərd eləyir və uşağın problemlərini ya görmür, ya da görməzliyə vurur (Hər ikisi böyük qəbahətdir).

Belə bir mühitdə ailə fərdlərinin münasibətlərini düşünün. Evdəki televiziya zatən ailəvi ünsiyyəti qoparır. Hələ son zamanlarda yayılan cib telefonları və internet də fərdin öz daxili dünyasına qapanmasına səbəb olur. Çünki bunun adı "virtual paylaşma"dır  - yəni həqiqət olmayan (Bu barədə ötən nömrələrdə geniş məlumat verilib).

Bu cür həyat şəraitində onsuz da cəmiyyətdə tək olan gənclər bir az da içlərinə qapanırlar. Çox vaxt özləri üçün vaxt ayırmır, inkişaf etmək üçün heç bir şey etmir, kitab belə oxumurlar. Halbuki, ən azı mütailə etmək, insanın özünə vaxt ayırması deməkdir...

 

"Hər bir insanın rəyinin dəyəri onun təcrübəsi qədərincədir"

 

Mədəni inkişafı olmayan bir gəncin doğru və ya səhvi ayırmada verdiyi qərar nə qədər tutarlı ola bilər ki? Nəfsin  istəyi ilə o, yalnız özünü aldadar. Əlbəttə, heç kim bilərəkdən günah bataqlığına girməz, amma haqqında məlumatı olmadığı zaman cazibədar görünüşünə inanıb ora yaxınlaşar. Çünki günah ilk etapda çox cazibədardır, gözəl və zərif naxışlı ilan kimi. Amma sonra... Artıq vaxt geriyə doğru işləyir; çıxmaq istədikcə, çabaladıqca insanı sıxır və onun xilas olması daha da çətinləşir. Eyniylə narkotik istifadəsində olduğu kimi (Qeyd edim ki, nə qədər dəhşətli olsa da, narkotikdən istifadə etmə yaşı artıq 13-ə enib).

 

"Cənnət çətinliklərlə, cəhənnəm isə nəfsin arzuladığı cazibədarlıqlarla əhatə edilmişdir"

 

Unutmayaq ki, zəhər pis qabda deyil, əksinə çox cazibədar, bəzəkli qablarda təqdim edilir. Bunu anlamaq üçün uşaq və gənclərin təcrübələri çatmaya bilər. Ancaq ana və ata olanlar ki, başa düşürlər...

Həzrət Məhəmməd Peyğəmbər (s) bəzi hədislərində şeytanı bəzəkli, cazibədar bir qadına bənzədir. Yəni Şeytan, heç vaxt qorxunc sifətdə insanlara yaxınlaşmır. Ta ki, özünə bağlayana qədər. Ondan sonrası artıq asandır. Belə bir vəziyyətdə olan gəncin ən böyük sığınacağı, özünü dinləyəcək və maraqlanacaq kimsələrdir. Əgər ev həyatı yuxarıda ifadə edilən bir ailə mühitidirsə, o, özünə kənardan dəstəkçi axtaracaq... Bundan sonra isə Allah köməkçisi olsun. O, yaşının, təcrübəsinin azlığına baxmayaraq hər cür fəlakətlərə qapısı açıq olan dərin bir küçəyə çıxır. Ancaq mənəvi əxlaqı korlanmamış bir ətrafı, mənfəət üzərinə qurulmayan bir yoldaş mühiti varsa, gələcəyi üçün heç bir qorxusu yoxdur.

Amma əgər sadaladıqlarım yoxdursa... hansı ki, gerçək həyatımız daha realdır, o zaman "gələcəyimiz" bütün pislik, şər, çirkinliklərin iştirak etdiyi mühitlərə, insanlara əsir olar. Bu cür yaşamdan da bir "doyum" olmayınca çıxış yolunu intiharda görən gəncələrimiz nə qədərdir?

Artıq qəzet səhifələrinə baxmağa qorxuram. Demək olar ki, hər həftə bir neçə intihar hadisəsi qeydə alınır. Axı bu insanları özlərini öldürməyə nə vadar edir? Bəzisi deyir narkotik çəkirdi, başqa birisi deyir pis yola düşmüşdü, hətta seriala baxıb özünü öldürənlər də var (ya da adını belə qoyurlar).

 

Bəs əsl səbəb nədir?

 

Bu yaxınlarda internetdə belə bir məktub yayıldı. İntihar edən bir gəncin ailəsinə yazdığı son məktubu. Ailəsinin özünə qarşı münasibətdə soyuqluqdan şikayətlənirdi. Onu anlamadıqlarını, dinləmədiklərini və bir dost kimi yaxınlıq göstərmədiklərini söyləyirdi, daha doğrusu fəryad edirdi. Yəni qısası, ölümündən ailəsini və yaxınlarını məsul tuturdu...

Dövrümüzdə belə hadisələrin tez-tez təkrarlanması çox düşündürücüdür.

 

"Övladını pis tərbiyə edərək üzə qayıtmasına səbəb olan ata-anaya Allah lənət eləsin"

 

Axı biz hər şeydən əvvəl hər cür çətinliyə baxmayaraq, ailəsinə vaxt ayıra biləcək bir ənənəyə sahibik, dinini, əhkamını bilən insanlarıq. Bu bizim xoşbəxtliyimizdir. Çünki İslam insanlığı bütün pisliklərdən uzaq saxlayır. Amma bu lütfdən nə qədər faydalanırıq? Həzrət Məhəmməd (s) buyurub: "Övlad qarşısında ata-ananın vəzifəsi ona gözəl ad qoymaq, ədəb öyrətmək və Quran təlim etməkdir".

Övladımıza gözəl ad qoymalıyıq ki, ömür boyu və Qiyamət Günü məhz bu ismlə çağrılacaq. Ədəb öyrətməliyik ki, böyüklərə hörmət etsin, kiçiklərin qayğısına qalsın. Və Quran təlim etməliyik ki, halalı haramdan, yaxşını pisdən, doğrunu yanlışdan ayıra bilsin. Təkcə bu sünnəti yerinə yetirsək övladımızın xoşbəxt gələcəyini təmin etmiş olardıq. Amma təəssüf ki, bir çox valideynlər bu borcun yalnız birinci hissəsini həyata keçirirlər (o da həmişə yox).

Bəli, bu bir həqiqətdir ki, zaman dəyişir və nəsil başqalaşır... Gənclərimizin öyrəndiklərini, əvvəlki nəsil bilmir, anlamır. Çünki fəlsəfə fərqli, anlayış və mədəniyyət yabançı. Bunlardan hansının doğru, hansının yanlış olduğunu müzakirə etmək istəmirəm. Ancaq bu fərqi ailələrin, valideynlərin görməsi lazımdır. Yoxsa uşaqlar ailədən uzaqlaşar və təəssüf ki, uzaqlaşırlar da...

Yaxşı nə etməli? Mühafizə qüvvətlərimiz kifayət qədər çalışır, buna şübhəmiz yoxdur; Ancaq hər yerə və hər kəsin başına bir polis, cangüdən qoymaq olmaz ki. Əvvəlcə ailələrin uşaqlarını izləməsi lazımdır. Əlbəttə, bir agent kimi arxalarına düşüb addımbaaddım yoxlamaq düzgün deyil. Ancaq uzaqdan da olsa nəzarət edilməlidir. İstər ibtidai, istər orta təhsil aldıqlarında, istərsə də universitetdə oxuduqlarında bu olmalıdır.

 

"Çox çətinliklər mülayimliklə asanlaşır"

 

Unutmayaq ki, insan hər yaşda isti münasibətə möhtacdır. Evlərində ağsaqqal, ağbirçək olan ailələr bunu daha yaxşı anlayır. Çünki bu insanlar yaşlı olmalarına baxmayaraq hələ də ünsiyyətə möhtacdırlar. Bəli, biz təbiətən belə yaranmışıq...

Amma ən əhəmiyyətlisi uşaqlarla fərdi olaraq maraqlanmaq, onlarla oturub danışmaq, dərdləşmək lazımdır. Mövzu hər nədirsə, əhəmiyyətli olan paylaşmaqdır. Onların gündəlik həyatlarında yaşadıqlarını dinləmək belə çox vacibdir. İmam Həsən (ə) buyurub: "Sənə o kəs yaxındır ki, dostluq yolu ilə yaxın olsun, qohum olmasa da belə".

 

"Özünü islah etməyən şəxs başqasını necə islah edə bilər?"

 

Ailə sevgisindən uzaq olan uşaqlar və yeniyetmələr hər cür mənfi və günah dolu mühitlərə rahatlıqla düşə bilərlər. Uşağı bu bataqlıqdan xilas etmək üçün əvvəlcə pisi-yaxşını, əyrini-doğrunu izah edə biləcək İSTİ AİLƏ YUVASI yaradılmalıdır. Yoxsa sizi dinləməzlər, dinləsələr belə anlamazlar.

İsti yuva, mehriban ata-ana, hər zaman yanında olan dost... Bu şəraiti meydana gətirmək üçün hökmən uşağın bir küncdə uyğunlaşmasını və ya intihar etməsini gözləməkmi lazımdır?..

Yazımın sonunu tez-tez reklam çarxlarında rastlaşdığım çox təsirli şüarla bitirmək istəyirəm: BU GÜN SİZ ONU ÖPDÜNÜZMÜ?

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-06-2019 11:54



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru