Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar


Emilya Vaqif

17 Aprel

2010
2333
MÜSİBƏT...
SƏBRLİ ŞƏXS ÜÇÜN BİR, DÖZÜMSÜZLÜK EDƏN ÜÇÜN İKİDİR

"Ey iman edənlər... özünüzü öldürməyin. Şübhəsiz Allah sizə qarşı çox mərhəmətlidir" ("Nisa", 29).

Son zamanlar insanların özlərinə qəsd etmə saylarının artması bizi yenidən bu mövzuya toxunmağa vadar etdi. Ona görə də intihar və insanları bu yola sövq edən səbəblər haqqında yazmağı qərara aldıq.

Nə şəkildə olursa-olsun bir kimsənin özünü öldürməsinə "intihar" deyilir. İntihar Allahın yaratmış olduğu cana qıymaqdır və İslamın haram etdiyi böyük günahlardan biridir. İntihar üçün bir sıra səbəblər, o cümlədən diqqəti cəlb etmək, eşqdə məğlubiyyətə uğramaq, ictimai və iqtisadi rəqabətlərdə məğlubiyyət, yoxsulluq, içki və narkotik maddələr düşkünlüyü, həyat və varlığın puç sanılması kimi müxtəlif amillər qeydə alınıb. Amma onların hamısının ən başlıcası imansızlıqdır.

Ümumdünya səhiyyə təşkilatı statistik rəqəmlərə əsaslanan hesabat yayaraq bildirib ki, intihar günü-gündən genişlənərək üçüncü ölüm amilinə çevrilib, yəni o, xərçəng xəstəliyindən çox adam tələf edir. Hesabatda o da qeyd olunur ki, bu iş iman və etiqadını əldən verməkdə olan inkişaf etmiş ölkələrdə, əsasən də ziyalılar arasında daha çox baş verir.

Vilyam Ceymsin "Din və ruh" adlı tərcümə edilmiş kitabının birinci fəslində Mark Orl adlı materialist yazıçı, həmçinin Nitse və Şopenhauer barəsində belə deyilir: "Mark Orlın sözləri əsaslı acılıq, qəm və kədər nişanəsidir, onun nalələri bıçaqla başı kəsilməkdə olan donuzun nalələrinə bənzəyir. Nitse və Şupenhaverin ruhi vəziyyəti isə onların diş qıcamaqla qarışmış qaraqabaqlıqları və düşkünlüklərini göstərir. Bu alman yazıçılarının acınacaqlı nalələri can verməkdə olan siçanın cır-cırlarını xatırladır. Hər ikisinin sözlərində həyatın çətinlik və məşəqqətlərinə dinin verdiyi saf məna və məfhum görünmür".

Vilyam Ceymsin bədbin adlandırdığı Nitse məşhur güc və qüdrət fəlsəfəsinin banisidir. O, həmin fəlsəfi görüşlərində belə yazır: "Mülayimlik və qəlbin riqqətini kənara atmaq lazımdır; ürəyiyumşaqlıq acizlikdən yaranır; təvazökarlıq və itaətkarlıq alçaqlıqdır; həlimlik, hövsələ, əfv və birinin səhvinə göz yummaq zəiflik və süstlükdür. Nəfsi öldürmək nəyə lazımdır? Nəfsi bəsləmək lazımdır! Başqasını istəmək nə deməkdir? İnsan özünə pərəstiş etməli, zəif və aciz şəxslərin məhv olub aradan getməsi üçün onlara qarşı laqeyd yanaşmalıdır".

Nitse təbii ki, bu cür fikir və düşüncə ilə dünyanı özünə zindan etmişdi. Bu düşüncələrin səmərəsi, ömrünün sonunda onun öz payına düşdü. Bacısına yazdığı məktubdan: "Günlər keçdikcə həyat mənim üçün daha da çətinləşir. Xəstəlik nəticəsində, ruh düşgünlüyü və narahıtçılığımın son həddində bu qədər qəmli və ümidsiz deyildim, görəsən nə olub? Olmalı şeylər olub ! Camaatla fikir ayrılıqlarım onların mənə etimadlarını aradan aparıb və indi hər ikimiz səhv olduğumuzu görürük; ilahi, mən bu gün necə də yalqızam! Deyib-güləcəyim, bir fincan çay içə biləcəyim kimsə yoxdur. Məni dostcasına nəvaziş edəcək bir nəfər belə yoxdur!.."

İslamın yetişdirdiyi şəxslər hadisə və müsibətlə üzləşəndə ruhi və fiziki çətinliklərə sonuna qədər səbr edirlər. Çünki müqəddəs dinimizə görə, bədən Yaradanın insana verdiyi ən böyük əmanətdir və onu ruh ayrılana qədər qorumaq lazımdır. Dünyəvi çətinlik və problemlər qarşısında özünü aciz bilən müsəlman dərhal intiqal edəcəyi qəbir, axirət həyatında daha böyük çətinlik və fəlakətlərlə qarşılaşacağını bildiyindən səbr edər, Allaha yönələr və yalnız Ondan kömək istəməklə çətinlik və problemlərin həllinə çalışar. Hər birimiz yaşadığımız bu fani dünyada çarəsiz qalarkən dəfələrlə Uca Yaradanın ümid edilməyən, gözlənilməyən yerdən asanlıqlar lütf etdiyinin, el dili ilə desək, "bir qapı açdığının" şahidi olmuşuq. Çünki Allah hər şeyə qadirdir. Ona görə də imanlı insanlar fani və keçici şeylərin altında əzilməz, "yaman günün ömrü az olar" - deyərək səbr göstərərək, savab qazanmağa çalışarlar. Beləliklə, müsibətli hal onlar üçün rəhmətə çevirərlər.

Həmin tərbiyəni almış şəxslərə misal olaraq Peyğəmbərin (s) səhabələrindən olmuş Əbu Təlhədən və onun həyat yoldaşı Ummu Suleymin hekayəsini nəql edirik. Onların oğulları xəsətələnir və vəziyyəti getdikcə ağırlaşır. Ummu Suleym oğlunun öləcəyini başa düşür. Ərinin dözümsüzlük göstərməməsi üçün onu bir bəhanə ilə Peyğəmbərin (s) yanına göndərir. Əbu Təlhə Peyğəmbərin yanına gedəndən bir neçə an sonra uşaq dünyasını dəyişir. Ummu Suleym oğlunun cənazəsini bir parçaya bükərək otaqda gizlədir və qulluqçulara bu barədə danışmağı qadağan edir. Əbu Təlhə bir neçə saatdan sonra qayıdır və oğlunun vəziyyətini soruşur. Ummu Suleym cavab verir ki, uşaq sakitləşib. Əbu Təlhə ac olduğu üçün yemək istəyir.Yeməkdən sonra Ummu Suleym soruşur:

- Səndən bir şey soruşmaq istəyirəm.

Əbu Təlhə deyir:

- Soruş.

- Əgər sənə, yanımızda olan əmanəti sahibinə qaytardığımızı xəbər versəm, əsəbləşərsən?

 - Xeyr, qətiyyən narahat olmaram, əmanəti sahibinə qaytarmaq lazımdır.

- Subhanəllah, onda xəbər verim ki, Allah, yanımızda olan əmanəti, yəni oğlumuzu bizdən alıb apardı.

Əbu Təlhə arvadının bu sözündən çox təsirlənib deyir:

- Allaha and olsun ki, mən övladımın müsibətində səndən daha səbirli olmalıyam.

Bəli, həyat ən pis şərtlər altında belə gözəldir. Bu gün dözülməz zənn edilən hadisələr zamanla unudular, yerinə yeni məsələlər zühur edər. Ruh bədəndə qaldıqca Allahdan ümid kəsilməməlidir. Çünki hər gecədən sonra gündüz, çətinlikdən sonra bir asanlıq vardır.

Yazımın sonunu möminlərin əmiri Həzrət Əlinin (ə) bir nəsihəti ilə bitirmək istəyirəm: "Dözümsüzlük edib fəryad qoparmaqdan çəkin. Çünki, o ümidi kəsər, işi zəiflədər və qəm-qüssə gətirər. Bil ki, çıxış yolu ikidir: ya çətinliyin çarəsi var və onu tapmaq lazımdır, ya da ki, çarəsi yoxdur və səbr etmək lazımdır".
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-11-2018 20:12



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com