Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar


Emilya Vaqif

13 Mart

2010
1843
Dilimizə sahib çıxaq

Dil - Allahın insana bəxş etdiyi  ən böyük nemətlərindən  biridir. Həcminin balaca olmasına baxmayaraq bu lətif üzv itaət və üsyanın sərhəddidir. Çünki küfr və iman dil vasitəsilə izhar edilir. Buna görə də dilin nəzarətinə səy edilməlidir.

Ümumiyyətlə, Allahın bütün nemətlərindən Ona yaxınlaşmaq və kamala çatmaq yolunda istifadə edilməlidir. Dil də bizə ona görə verilib ki, onun vasitəsiylə  gözəl sözlər danışaq, Allahın razılığını, insanın tərəqqisini əldə edək. Hədislərin birində İmam Sadiq (ə) buyurur: "Dilin zəkatı müsəlmanlara nəsihət etmək, qafilləri oyandırmaq və çoxlu zikr və təsbih deməkdir."

Bu günkü mövzumuz dilə nəzarət etməməyin zərərlərindən, əsasən də dinindən, dilindən, irqindən asılı olmayaraq heç bir insana yaraşmayan söyüş və təhqirin gətirdiyi afətlər barədədir.

 

"Danışın ki, tanınasınız..." (Həzrət Əli (ə))

 

İlk olaraq qeyd edim ki, danışmaq insanın kamala çatması və Yaradanına yaxınlaşması üçün vasitələrdən biri və şəxsiyyətinin göstəricisidir. Necə ki, Əli (ə) buyurur: "Danışın ki, tanınasınız. Bilin ki, hər kəs öz dilinin altında gizlənmişdir". Başqa hədisdə buyurmuşdur: "Möminin dili qəlbinin arxasında, münafiqin qəlbi isə dilinin arxasında olar. Mömin danışmazdan əvvəl fikirləşər, əgər xeyir olsa, dilinə gətirər, əgər şər olsa, onu aşkar etməz.  Münafiq isə dilinə gələni deyər, xeyir-şərini fikirləşməz."

Buna görə də ölçüb-biçib sonra söz söyləmək və başqalarının ictimai, mənəvi mənzilətini aşağı salan ifadələrdən çəkinmək lazımdır.

 

"Fikirləş sonra danış ki, azğınlıqlardan amanda qalasan" Həzrət Əli (ə)

 

Dinimizdə pis danışmaq, söyüş söymək bəyənilməyib, xoşagəlməz sifətlərdəndir. Bu barədə çoxlu rəvayətlər nəql edilmişdir. Həzrət Peyğəmbər (s) buyurur: "Şübhəsiz ki, insanın bir çox xataları onun dilindədir".

Böyük mühəddis Molla Möhsün Feyz Kaşani "Məhəccətül-bəyza" kitabında dilin iyirmiyə yaxın böyük günahlarpını sadalayır ki, başqasını təhqir eləmək də bunların arasındadır. Həmçinin hədislərdə Həzrət Səccad (ə) duanın qəbuluna mane olan yeddi günahlardan biri kimi xalqla danışarkən yersiz sözlərə yol verib söyüş işlətməyi göstərmişdir

 

Şeytana kömək etməyək

 

Yuxarıda da qeyd etdiyimiz kimi bu lətif üzv haqq və müsbət sözlər danışıb xalqı doğru yola yönəltməklə böyük savab qazana bildiyi kimi, məntiqsiz və çirkin sözlər danışıb qeybət və böhtana yol verməklə, əbədi əzaba düçar edə bilər: "Dilin fitnə-fəsadı qılınc zərbəsinin yaratdığı fəsaddan daha kəskindir" (Həzrət Məhəmməd (s))

Bəli, dil - Şeytanın insanı yoldan çıxarması üçün ən böyük vasitəsidir və onu yalan danışmaqdan, töhmətdən, qeybətdən qorumaq lazımdır. İmam Sadiq (ə) bu cür davranışları insanın işində şeytanın iştirak əlaməti kimi dəyərləndirmişdir.

Əyan ibni Səmar söyləyir: "İslam Peyğəmbərinə (s) ərz etdim: "Ya Rəsulullah! Mənim qohumlarımdan biri, özü şəxsiyyətcə məndən aşağı səviyyədə olduğu halda, məni təhqir edir. Onun müqabilində özümü müdafiə edib, onu söyə bilərəmmi?" İslam Peyğəmbəri (s) buyurdu: "Hər iki nəfər ki, bir-birini söyüb təhqir edirlər, bir-birinə kömək edən Şeytan kimidirlər".

 

"Bəndənin ürəyi möhkəm olmayınca, imanı möhkəm olmaz, dili möhkəm olmayınca ürəyi möhkəm olmaz" Həzrət Məhəmməd (s)

 

Bir gün İslam Peyğəmbəri (s) bir dəstənin yanından keçirdi. Onlardan biri ağır daşları yerdən qaldırır, cəmiyyət isə onun bu işindən təəccübə gəlib, alqışlayırdı. Peyğəmbər (s) onların yanına gəlib soruşdu: "Bu nə səhnəsidir?" Cavab verirlər ki: "Ya Rəsulullah! Bu kişi ağır daşları qaldırır. Ona ağır daş qaldıran pəhləvan deyirlər". İslam Peyğəmbər (s) buyurdu: " İstəyirsiniz ki, ondan da güclü və möhkəm şəxsdən sizə xəbər verim?" Dedilər: "Bəli!" Buyurur: "Bir şəxsə söyüş verilsin, amma o şəxs nəfsinə qalib gəlib onun müqabilində səbr etsin. Həm öz Şeytanına, həm də dostunun Şeytanına qalib gəlsin!"

 

"Müsəlman odur ki, insanlar onun əlindən və dilindən arxayın olsunlar" İmam Sadiq (ə)

 

Bəzi insanlarımız da var ki, kənar yerlərdə öz ədəbini qoruyur, evlərində isə bunu gözləmirlər. Halbuki, bu məsələyə ailəli olanlar daha da diqqət etməlidirlər. Əgər sizin haqqınız aradan getmiş olarsa həyat yoldaşınızı, yaxud başqa bir kəsi söyməyə haqqınız yoxdur, əks halda qəbir əzabına düçar olacaq, qiyamət günü söydüyünüz söyüşlərə layiq, müvafiq sifətlərlə məhşur olacaqsınız.

Diqqət edilməli digər məsələ uşaqların ata-ananın rəftar, əməl və sözlərindən təsirlənməsidir. Bu əsasa görə gərək valideynlər nalayiq, boş-boş sözlər işlətməkdən çəkinsinlər. Ev mühitində, övladların gözü qarşısında baş verən bütün hadisələr, onların beyninə yazılaraq rəftarlarında mütləq öz əksini tapacaqdır. Buna görə də evdə baş verən hər bir müşkül öz yolu ilə həll olunmalıdır. Acı sözlər danışıb döymək, söyüş söymək, əxlaqsızlıq və s. kimi qeyri səhih yollar ixtilafları həll edə bilməz. Əlbəttə, bizlərdən heç də Rəsuli Əkrəm (s) və Mövla Əmirəlmöminin (ə) kimi olmağımız gözlənilmir, amma heç olmazsa özümüzü belə böyük şəxsiyyətlərə oxşatmağa çalışmalıyıq: "Şübhəsiz, sizlər üçün Allahın Rəsulunda gözəl nümunələr, ülgülər vardır, o kəslər üçün ki, Allaha, Qiyamət gününə ümidvar olub Allahı çox yad edərlər."

 

"Möminin nicatı dilini qorumasındadır." Həzrət Məhəmməd

 

Peyğəmbərlər və Allah övliyaları insanları tərbiyə etmək niyyətilə onlara eşitdirirdilər ki, hər bir işlərində hesab-kitab var. Mömin bilməlidir ki, Allah-Təala onun hər bir sözünü, hərəkətini izləyir və Qiyamət günü bunun hesabını soruşacaq. Bu nöqtəni Peyğəmbər (s) öz kəlamında belə bəyan edir: "Ey Əbuzər! İzzət və Cəlal sahibi olan Allah hər danışanın dilinin yanında hazır durmuşdur. Buna görə də söz danışan Allahdan qorxmalıdır, nə dediyinin fərqində olmalıdır."

Osman ibn İsa deyir ki, imam Rza (ə)-ın hüzurunda idim, gördüm ki, bir kişi Həzrətdən ona tövsiyə etməsini istədi. Həzrət buyurdu: "Dilini qorusan izzətli olarsan, öz ixtiyarını insanlara vermə, yoxsa özünü zillətə salarsan."

 

"Ey şiələr, bizim üçün zinət olun, rüsvayçılıq səbəbi olmayın" İmam Sadiq (ə)

 

Quran-Kərim ayələrinə və rəvayətlərə görə başqasını təhqir eləmək və nalayiq sözlər danışmaq insanı Allahın rəhmətindən uzaqlaşdıraraq, ilahi əzaba düçar edir. İslam Peyğəmbəri (s) də insanları bu bəladan uzaqlaşmağı məsləhət görür: "Çünki, Allah söyüşü və buna adət edəni sevməz". İmam Mühəmməd Baqir (ə) hədislərdə möminləri təhqir və əziyyət edənlərə Allah-Təalanın qəzəb etdiyini bildirmişdir.

Müqəddəs İslama görə bu cür davranış bir müsəlmandan hətta öz düşmənləri qarşısında belə gözlənilməməlidir. Əmirəlmöminin (ə) buyurur: "Sizin lənət yağdıran və söyüş söyən olmağınızı istəmirəm, söyüş söyməyin və bezarlıq elan etməyin. Əgər bu işin yerinə onların pis əməllərini açıb desəniz, daha təsirli və yaxşı olar. Lənətləmək və bezarlıq elan etmək yerinə onlara dua edib belə deyin: "Ilahi, bizim də, onların da qanını qoru, bizimlə onların arasında sülh bərqərar et. Onları bu zəlalətdən düz yola hidayət et ki, bizim haqqımızı tanımayanlar haqqımızı tanısın." Belə desəniz, mənim üçün daha xoş, sizin üçün daha yaxşı olacaq".

İmam Sadiqdən (ə)  bir hədisdə oxuyuruq ki, bir gün həzrətin dostlarından biri İmamla birgə yol gedirmiş. Həmin səhabə geriyə qalmış nökərini səsləyir, amma nökər cavab vermir. İkinci və üçüncü dəfə yenə onu səsləyir, amma nökərdən cavab gəlmədikdə onu söyür ki, ey haramzadə, səni çağırıram! İmam Sadiq (ə) bu nalayiq sözü eşitcək dayanır və buyurur: "Nə dedin?" Yoldaşı cavab verir: "Yəbnə Rəsulullah, mən ki, sadəcə ona "vələdəzina" dedim, çünki onun ata-anası müsəlman deyil, Hindistan əhlindəndir". Həzrət buyurur: "Mənim onun ata-anası ilə işim yoxdur, nə üçün söyüş söyürsən?" Sonra o həzrət sözünə davam edərək buyurur: "Bundan sonra mənimlə yoldaşlıq etməyə haqqın yoxdur". Deyirlər, nə qədər ki, İmam Sadiq (ə) sağ idi, nə o səhabəni hüzuruna qəbul edirdi, nə də onunla yola çıxırdı.

Yuxarıdakı hədislərdən belə nəticə alırıq ki, müsəlmanlar ədəbli, mərifətli olub dillərini nalayiq və boş-boş danışıqdan, eləcə də söyüş söyməkdən saxlamalıdırlar.

Yazımın sonunu Həzrət Sadiqin nəsihəti ilə bitirirəm: "Ey şiələr, bizim üçün zinət olun, rüsvayçılıq səbəbi olmayın. Camaatla yaxşı davranın, onu yersiz danışmaqdan və nalayiq sözlərdən qoruyun".
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-11-2018 20:09



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com