Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar


Emilya Vaqif

25 Yanvar

2010
1775
DÜRÜST OLA BİLİRİKMİ?

"Biz, Adəm övladını şərəfli və hörmətli etdik, onları quruda və suda (münasib miniklərə) mindirdik, onlara gözəl və pak şeylərdən ruzi verdik və onları yaratdığımız məxluqatın çoxundan üstün etdik" sra, 70).

Bəli,Quranın bir çox ayələrində insanın bütün yaranmışlardan ən kamili olduğu haqqında aydın dəlillər var. Lakin məxluqların əşrəfi adını layiqincə necə qoruya bilərik? Bu yazımızda onu aydınlaşdırmağa çalışacağıq.

Müqəddəs dinimiz İslama görə insan xüsusiyyətinin təməlində düzgünlük, dürüstlük və etibarlılıq yer almalıdır. Qurani-Kərimin  "Hud" surəsində Allahın hər şeydən xəbərdar olduğu buyurularaq, insanları doğru olmağa, haqq və ədalət ölçülərini keçməməyi əmr etmişdir (ayə 112). "Abidlərin zinəti" ləqəbini qazanmış dördüncü imamımız Həzrət Səccad (ə) da möminliyin əlamətlərini vəsf edərkən "qorxu olmasına baxmayaraq doğruçuluğu" da əsas şərtlərdən biri saymışdır. Lakin təəssüflər olsun ki, zəmanəmizdə etibarlı insanların sayı getdikcə  azalır, var-dövlətlər mənimsənilir, qəsb edilir ən maraqlısı, zülmkarlar öz saxtakarlıqlarını pərdələmək elədiklərinə haqq qazandırmaq üçün dünyanı, zəmanəni qınayır. Möminlərin əmiri Həzrət Əli (ə) belələrinə xitab edərək buyurmuşdu: "Ey dünyanı məzəmmət edən kimsə, axı onun puçluqlarına məftun olan və batilinə aldanan da sənsən... Dünya, ona doğru-düzgünlük qapısından daxil olan hər kəs üçün doğruluq sarayıdır. Onu yaxşı dərk edən üçün əmin-amanlıq və səadətdən bir imarət, ondan (axirətə) azuqə yığançün qüdrət və ehtiyacsızlıq sarayıdır".  Deməli,  dünya hər kəsin hesab verəcəyi bir gündə xilas yolu olu bilər. Bunun  üçün də niyyətdə, düşüncədə, sözdə, işdə dürüst olub, hər cür saxtakarlıqdan çəkinməliyik.

Dürüstlüklə uyğun gəlməyən söz və davranışlar İslam dinində qətiyyətlə qadağan edilməsinə baxmayaraq, əhalisinin 90 faizi müsəlman ölan ölkəmizdə  əxlaqi çöküş və çürümələr  artan xətlə davam edir, saxta məhsullarla ticarət obyektləri, bazarlar doldurulur. Bazarlıq edən zaman isə çəkidə, tərəzidə aldatılmağa hamı artıq bir növ "adətkərdə olub". Və mübağiləsiz deyim ki, bu, çox dəhşətli haldır. Müqəddəs Qurani-Kərimizdə də bu barədə dəfələrlə insanlara xəbərdarlıq edilib: "Vay halına çəkidə və ölçüdə aldadanların! O kəslərin ki, özləri xalqdan bir şey alan zaman onu tam ölçüb alar, xalq üçün ölçdükdə və ya çəkdikdə isə onu əskildərlər" ("Mutəfifun", 1-3, həmçinin Ənam 152, Hud 84-85; "Şuəra" 181-183; "Ər-Rəhman", 7-9).

Əlbəttə, dinimizdə ticarət halaldır, hətta bəyənilir. Lakin hər işdə orlduğu kimi burda da bəzi şərtlər var. Həzrət Məhəmməd (s) alver edən şəxsi beş işdən çəkindirmişdir: sələmdən, and içməkdən, malın eybini gizlətməkdən, satanda tərifləməkdən və alanda pisləməkdən.

İmam Əli (ə) ticarət edərkən işə başlamazdan əvvəl  Allahdan xeyir diləməyi və malın bərəkətli olması üçün alverdə sadə olmağı, alıcılarla yaxınlaşmağı, onlarla mülayim davranmağı tövsiyə edir, həmçinin  zülm etmək və haqsızlıqdan çəkinməyi, məzlumlarla insaf və ədalətli davranmağı hökm edərək buyurur:  "Ölçü və çəkini kamil edin, camaatın haqqından bir şey kəsməyin və yer üzündə fəsad törədən olaraq dolaşmayın".

Dürüstlük təkcə ticari və peşə fəaliyyətlərdən deyil, ümumiyyətlə bütün fərdi əlaqələrdən ictimai əlaqələrə, cəmiyyət vəzifələrinə qədər həyatın bütün sahələrini əhatə edən və mütləq riayət edilməsi lazım olan bir davaranışdır.
Unudulmamalıdır ki, müdir-işçi, müştəri-satıcı, ər-arvad, yoldaş, dost və qonşuların  bir-birlərinə inamı qalmazsa belə bir cəmiyyətdə dinclik və xoşbəxtlikdən söz belə gedə bilməz. Çünki ictimai həyatda asayiş iş həyatında məhsuldarlıq insanların bir-birlərinə dürüst davranmalarına bağlıdır.

Buna görə gəlin, bu pis gedişatı dayandırmaq və doğruluğu davranışlarımıza əks etdirə bilmək üçün, cəmiyyət olaraq üzərimizə düşən vəzifə və məsuliyyətləri yerinə yetirək, dürüstlük mövzusunda düşmənlərinin belə təqdirini qazanmış olan sevimli Peyğəmbərimizi onun Əhli-beytini (ə) özümüzə nümunə və rəhbər edək.

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-11-2018 20:51



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com