Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar


Emilya Vaqif

08 Dekabr

2009
1831
YOXSULLUQ MÖHÜRÜ
Son vaxtlar insanlar arasında yeni bir "dəb" meydana gəlib: ölməmişdən əvvəl gəzilməsi, görülməsi, yaşanması lazım olan məkanlara getməli, mütləq izləniləcək filmlərə baxmalı, bu "3 günlük dünyada" yeyib-içməli, sabahı düşünmədən keyf eləməlidirlər. Onların fikrincə dünən keçmişdə qalıb, sabaha sağ çıxacağımız bilinmir, elə bu günü yaşayaq. Bəli, çox təəssüf ki, insanların böyük əksəriyyəti həyatı maddədən və yalnız "dolu-dolu yaşamaq"dan ibarət görür, varlığını və həyatının sonunda nə olacağını bir dəfə olsun sorğulamadan bu dünyadan köçüb gedirlər.
Gəlin düşünək. Axı həyatın əsl məqsədi nə ola bilər? Doğrudanmı, yemək-içmək, əylənmək, alış-veriş, mövqe, şan-şöhrət...?

İmam Əli (ə): "Kim axirəti çox yadına salsa günahı və (Allaha qarşı) itaətsizliyi az olar"


Bu gəlimli-gedimli dünyada demək olar ki, hamımız yas yerlərində olmuşuq, heç "rəhmətlik kaş yaşayarkən axirəti üçün daha çox şeylər edəydi, ya filan günahlardan çəkinəydi" deyəni eşitdinizmi? Sözsüz ki, bunu fikirləşənlər olur, ancaq böyük əksəriyyət vəfat edənin, hətta çox yaşlı olsa belə, gənc yaşda getdiyini, həyatdan doymadığını, nəvəsinin  xeyir işini görə bilmədiyi və sair kimi ifadələr işlədirlər. Yəni, yenə bu dünya, yenə bu dünya... Halbuki, dünya həyatında etdiyi səhvlər qarşısına gətirilən və Allahın ayələrini inkar edən insan dərin bir ah çəkər və Quranda buyurulduğu kimi "kaş ki, torpaq olsaydım!" deyər ("Nəbə" surəsi, ayə 40).
Gəlin papağımızı qarşımıza qoyub bir balaca düşünək: görəsən həqiqətdə ölməzdən əvvəl  etməyimiz vacib olan işlər nədir, nə üçündür və Kimdən ötrüdür?

"Biz axirət qazancını istəyənin qazancını artırır, dünya mənfəətini istəyənə də ondan veririk. Onun axirətdə heç bir payı yoxdur". ("Şura" surəsi, ayə 20)


Onu da qeyd edim ki, halallıq çərçivəsində insanın dünyəvi bir sıra gözəlliklərdən istifadə etməsi, gəzib-görməsi, araşdırması, Allahın sənətinə və yaradışındakı üstünlüklərə şahid olması çox gözəl bir hərəkətdir. Ancaq bunu əsl qayədən uzaqlaşaraq həyatın mərkəzinə oturtmaq insanları qəflətə salır. Unutmayaq ki, "Bu hərəkətimin Axirətimə xeyri nədir" sualını özlərinə verməyənlər üçün bütün yaşananlar, dənizə tullanarkən ayağına bağladığı dəyirman daşı olacaq.

İmam Sadiq (ə): "İnsanlar öz ömürlərindən çox öz yaxşılıq və ehsanları ilə yaşayırlar. Həmçinin əcəllərinin çatmasından çox günahlarının nəticəsində ölürlər"


Bu yaşımıza gələnə qədər, müvəqqəti dünyada özümüz üçün arzuladıqlarımızı, reallaşdırdıqlarımızı əbədi dünyamız üçün etdiklərimizlə müqayisəsini etsək, ortaya ürək ağrıdan mənzərə çıxacaq. Möminlərin əmiri Həzrət Əli (ə) buyurur: "İnsanın nəfəsləri onun ölümə tərəf addımlarıdır". Bəli, aldığı hər nəfəsinə görə, Yaradanına borclu olan insan, Allahın hüzuruna borc dəftəri qabarıq bir şəkildə gəldiyində, hesabını silməyə nə dünyadakı sərvəti, malı, nə də gəzib gördüyü yerlər yaraya bilər. İnsana fayda verəcək tək şey Allaha etdiyi ibadətləri, xeyir əməlləri olacaq.

İmam Əli (ə): "Həqiqətən dünya səndən ayrılandır, axirət isə sənə yaxındır"  


Nə qədər gec deyil, özümüzə gələk. Bizlərə verdiyi nemət və imkanlar qarşısında başımızı səcdələrdən qaldırmasaq, əllərimizi dualardan endirməsək də, Allaha olan minnətdarlığımızın ehtiyac və borcumuzun bitməyəcəyini bilməli, Rəhmət dəryasından damla istəyənə ovuc-ovuc təqdim ediləcəyini anlamalı, bir azdan deyil, dərhal, elə bu anda qərarımızı verməli, "Mən özümə necə bir əbədi həyat hazırlayıram və seçdiklərim axirətimə necə təsirl edər" və sair bu kimi  sualları tez-tez özümüzə verməliyik.
Yazımı bütün dünyaya rəhmət olaraq göndərilən Həzrət Məhəmmədin (s) bir hədisi ilə bitirmək istəyirəm: "Allah gecə-gündüz ən böyük dərd-qəmi axirət olan kəsin qəlbini ehtiyacsız və zəngin edər, onun işini qaydaya salar. O, ruzisini tam şəkildə əldə etəməyincə, dünyadan köçməz. Allah gecə-gündüz ən böyük dərd-qəmi dünya olan kəsin alnına isə yoxsulluq (möhürü) vurar, işinin nizamını pozar. O dünyada öz qismətindən artıq bir şey əldə etməz".

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-11-2018 20:05



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com