Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar


Emilya Vaqif

07 Noyabr

2009
2377
SƏDƏQƏ

(Sədəqə) Allah yolunda canından keçərək (dolanmaq, ruzi kəsb etmək üçün) Yer üzündə hərəkət edə bilməyən (və ya buna imkanı olmayan) yoxsullar üçündür. Belə şəxslər həyalı olub dilənçilikdən çəkindiklərinə görə nadanlar onları dövlətli hesab edirlər. (Ya Rəsulum!) Sən isə onları üzlərindən tanıyırsan. Onlar heç kəsdən israrla bir şey istəməzlər. Sizin mallarınızdan (bunlara) nə verdiyinizi, şübhəsiz ki, Allah bilir! ("Bəqərə", 273)

 

"Var-dövlətinə yox, ömrünə xəsis ol" (Həzrət Məhəmməd (s))

 

Sədəqə - Allah rizası üçün kasıblara, möhtac kəslərə verilən yardım, edilən köməkdir. Bu zaman edilənlər qarşılıqsız və təmənnasız olmalıdır. Həzrət Əli (ə) etdiyi yaxşılığa görə minnət qoyan şəxsi xeyirxahların ən pisi adlandırır. İmam Hüseyn (ə) heç bir hədiyyə ummadan (bir şey) əta edənləri xalqın ən səxavətlisi kimi nişan verir. Bəli, əsl yaxşılıq odur ki, əvvəldə bu gün-sabaha salınmasın və sonradan da minnət qoyulmasın (İmam Həsən(ə)).

Bəs sədəqə kimlərə verilər? Bu barədə Qurani-Kərimdən gələn bir ayə ilə kifayətlənirik: "(Sədəqə) Allah yolunda canından keçərək (dolanmaq, ruzi kəsb etmək üçün) Yer üzündə hərəkət edə bilməyən (və ya buna imkanı olmayan) yoxsullar üçündür. Belə şəxslər həyalı olub dilənçilikdən çəkindiklərinə görə nadanlar onları dövlətli hesab edirlər. (Ya Rəsulum!) Sən isə onları üzlərindən tanıyırsan. Onlar heç kəsdən israrla bir şey istəməzlər. Sizin mallarınızdan (bunlara) nə verdiyinizi, şübhəsiz ki, Allah bilir! ("Bəqərə", 273)

Sədəqə həm gizli, həm də aşkar yolla ola bilər: "Mallarını gecə və gündüz, gizli və aşkar (yoxsullara) sərf edənlərin Rəbbi yanında böyük mükafatları vardır. Onların (Axirət-də) heç bir qorxusu yoxdur və onlar qəm-qüssə görməzlər" ("Bəqərə", 274).

Lakin məsumlarımız gizli sədəqənin Pərvərdigarın qəzəbini söndürdüyünü dəfələrlə öz hədislərində qeyd ediblər. Qurani-Kərimdə bu barədə buyurulur: "Yoxsullara aşkarda sədəqə verməyiniz yaxşıdır, lakin onu gizlində versəniz daha yaxşı olar. Bu, günahlarınızın bir qismini örtər. Allah tutduğunuz hər bir işdən xəbərdardır!" ("Bəqərə", 271),

 

"Sevdiyiniz şeylərdən (haqq yolunda) sərf etməyincə savaba çatmazsınız"("Ali-İmran", 92)

 

Edilən hər cür kömək və yaxşılıq sədəqədir. Xeyir və xoşbəxtliyə çatmanın yolu da burdan keçir. Qurani-Kərimin bəyanına görə: "Yaxşı əməl sahibi əslində Allaha, Axirət gününə, mələklərə, Kitaba (Allahın nazil etdiyi bütün İlahi kitablara) və peyğəmbərlərə inanan, (Allaha) məhəbbəti yolunda (və ya mal-dövlətini çox sevməsinə baxmayaraq) malını (kasıb) qohum-əqrəbaya, yetimlərə, yoxsullara, (pulu qurtarıb yolda qalan) müsafirə (yolçulara), dilənçilərə və qulların azad olunmasına sərf edən, namaz qılıb zəkat verən kimsələr, eləcə də əhd edəndə əhdinə sadiq olanlar, dar ayaqda, çətinlikdə (ehtiyac, yaxud xəstəlik üz verdikdə) və cihad zamanı (məşəqqətlərə) səbr edənlərdir. (İmanlarında, sözlərində və əməllərində) doğru olanlardır. Müttəqi olanlar da onlardır!" ("Bəqərə", 177).

Savab işləyən bəndələrin xüsusiyyətləri və qarşılaşacaqları mükafatlar isə belə təsvir edilir: "Şübhəsiz ki, yaxşı əməl və itaət sahibləri (Cənnətdə) kafur qatılmış (şərabla dolu) qədəhdən içəcəklər. O (kafur) elə bir çeşmədir ki, Allahın bəndələri ondan içəcək və onu (istədikləri yerə) asanlıqla axıdacaqlar. Onlar (Cənnətə nail olacaq müttəqilər) elə kimsələrdirlər ki, verdikləri sözü (etdikləri nəziri) yerinə yetirər və dəhşətli (aləmi) bürüyəcək (şəri hər tərəfə yayılacaq) gündən (Qiyamət günündən) qorxarlar. Onlar öz iştahaları çəkdiyi (özləri yemək istədikləri) halda (və ya: Allah rizasını qazanmaq uğrunda) yeməyi yoxsula, yetimə və əsirə yedirərlər ("Əl-İnsan", 5-8).

Haşiyə: Rəvayətə görə bu ayələr Əhli-Beyt (ə) haqqında nazil olmuşdur və "yoxsul, yetim və əsiri yedirtmək ayəsi" adlanır. Belə ki, bir gün əziz Peyğəmbərimizin nəvələri Həzrət Həsən və Həzrət Hüseyn xəstələnir. İmam Əli (ə) və Xanım Fatimə (s.ə) uşaqları xəstəlikdən xilas olduqları təqdirdə üç gün oruc tutmağı əhd edir. Bunu görən Həsən (ə), Hüseyn (ə) və kənizləri Fizzə də eyni niyyəti edirlər. Böyük Yaradan Həsən və Hüseynə şəfaət verir. Onlar əhd etdikləri kimi oruc tutmağa başlayırlar. İlk günün axşamında iftar vaxtında qapıya bir yoxsul gələrək kömək istəyir. Həzrət Əli (ə) və Xanım Fatimə (s.ə) iftar üçün hazırladıqları bütün yeməklərini miskinə verərək, oruclarını su ilə açmaqla kifayətlənirlər, sabahın orucuna niyyət edirlər. İkinci gün axşamı iftar əsnasında qapıya bir yetim gələrək onlardan kömək istəyir. Yenə də hamı öz payını yetimə verərək, özləri su ilə oruclarını açır və sabahın oruclarına niyyət edirlər. Üçüncü günü iftar vaxtında süfrə arxasında əyləşərkən qapıya bir əsir gəlir və digərləri kimi ona rəhm etmələrini diləyir. Əhli-beyt hazırladıqları yeməklərini qapıya gələn əsirə verir və arxasından belə deyirlər: "Biz sizi məhz Allah rizası üçün yediririk, sizdən bir təşəkkür və qarşılıq gözləmirik". Və bu gecə də oruclarını su ilə açmaqla kifayətlənirlər. Həmin gün Həzrət Peyğəmbər onlara gəlir və üç gün ərzində heç nə yemədiklərini görür. Bu zaman Cəbrail (ə) yerə enərək: "Ey Məhəmməd! Allahın sənə və Əhli-beytinə hazırladığını götür"- deyir və "Əl-İnsan" surəsinin yuxarıda qeyd olunan 5-8-ci ayələrini çatdırır.

 

"Kim (dünyada) zərrə qədər yaxşı iş görmüşdürsə, onu (onun xeyrini) görəcəkdir (mükafatını alacaqdır)" ("Zəlzələ", 7).

 

Sədəqə - Allahın razılığını qazanmanın, dünya və axirət xoşbəxtliyini əldə etmənin yoludur. Uca Rəbbimiz Qurani-Kərimdə Allah yolunda edilən hər bir gözəl davranışın qarşılığını verəcəyini ifadə edərək belə buyurur:

"Heç bir kəsə minnət qoymadan, əziyyət vermədən mallarını Allah yolunda sərf edənlərin Rəbbi yanında mükafatları vardır. Onların (Axirətdə) heç bir qorxusu yoxdur və onlar qəm-qüssə görməzlər" ("Bəqərə", 262).

"Etdikləri əməllərin mükafatı olaraq (Allah dərgahında) onlar (möminlər) üçün göz oxşayan (onları sevindirəcək) nə cür nemətlər gizlənib saxlandığını heç kəs bilməz!" ("Səcdə", 17)

"...Sədəqə verən, oruc tutan kişilər və qadınlar... üçün (Axirətdə) məğfirət (bağışlanma) və böyük bir mükafat (Cənnət) hazırlamışdır!" ("Əhzab", 35).

"Mallarını Allah yolunda sərf edənlərin halı yeddi sünbül verən bir toxuma bənzər ki, bu sünbüllərin hər birində yüz ədəd dən vardır. Allah istədiyi kimsə üçün bunu qat-qat artırır. Allah (lütfü ilə) genişdir" ("Bəqərə", 261).

Göründüyü kimi sədəqə - dünyada yoxsulun, axirətdə isə səxavətlinin üzünü güldürən və insanı Rəbbinə yaxınlaşdıran bir hədiyyədir.

Həzrət Məhəmməd (s) cədəqənin ruzini artırdığını və var-dövləti bərəkətləndirdiyini bildirir. Kitabda bu barədə belə buyurulur: "(Allah yolunda) nə xərclərsiniz, Allah onun əvəzini verər. O, ruzi verənlərin ən yaxşısıdır!" ("Səba", 39)

Sədəqə - Həm də Allahın bizə əta etdiyi nemətlərə şükrün ifadəsidir. Belə ki Uca Rəbbimiz nankorluq etməməyimizi və Qiyamət günündə bizə verilənlər barədə hesaba çəkiləcəyimizi bildiririr.

 

"Öz sübhünüzü sədəqə verməklə başlayın, çünki bəla sədəqənin üstündən keçə bilmir" (Həzrət Məhəmməd (s))

 

Həzrət Məhəmməd (s) bildirir ki, sədəqə kasıblara verilərkən qayıdıb öz sahibinə deyər: "Fani idim, mənə varlıq bağışladın, kiçik idim, məni böyütdün, düşmən idim, məni dost etdin, indiyə qədər sən məni qoruyurdun, indi isə qiyamətə qədər mən səni qoruyacağam". Bundan əlavə əziz Peyğəmbərimiz xəstələri sədəqə ilə müalicə etməyi tövsiyə edir: "Çünki sədəqə xoşagəlməz hadisələri və xəstəlikləri dəf edir, ömrün uzanmasına, mal-dövlətin artmasına səbəb olur".

 

"(Allah yolunda) nəyi paylamalı olduqlarını soruşanlara de: "Ehtiyacınızdan artıq qalanını (möhtaclara paylayın)!" ("Bəqərə" 219)

 

Sədəqənin azı-çoxu olmur. Aləmlərə rəhmət olan Peyğəmbərimiz: "Az da olsa gücünüz çatdığı qədər sədəqə verin", "Yarım xurma ilə də olsa özünüzü cəhənnəm atəşindən qoruyun, onu da tapa bilməyənlər gözəl bir sözlə özlərini qorusunlar", - deyə buyurub. Əli ibn Hüseyn (ə) möminin beş nişanəsindən birinin mal-dövləti az olarkən sədəqə vermək olduğunu bildirir.

 

"Qazandığınız və sizin üçün torpaqdan yetişdirdiyimiz şeylərin (ən pak, halal və) yaxşı-larından (Allah yolunda) sərf edin! ("Bəqərə", 267)

 

Sədəqə halal, təmiz maldan olmalıdır. İmam Əli (ə) buyurur: "Ey Adəm övladı, səndən sonrakı varislərin sənin halal malını necə xərcləməsini istəyirsənsə, diri ikən həmin cür özün xərclə". 

Eyni zamanda sərvətinin yaxşısını özünə saxlayıb, pisini Allah yolunda xərcləmək yaxşı davranış deyil: "Ey iman gətirənlər! Qazandığınız və sizin üçün torpaqdan yetişdirdiyimiz şeylərin (ən pak, halal və) yaxşılarından (Allah yolunda) sərf edin! Ancaq göz yumaraq aldığınız pis, yaramaz şeylərdən vermək fikrində olmayın! Bilin ki, Allahın heç bir şeyə ehtiyacı yoxdur. (O, hər cür) şükrə (tərifə) layiqdir!" ("Bəqərə", 267 ).

 

"Allah o kəsə rəhmət etsin ki, sözlərindən artığını saxlayar, malının artığını isə sədəqə verər (paylayar)" (Həzrət Məhəmməd (s))

 

Sədəqə Qurani-Kərimdə həm də Allaha verilən borc kimi də təsvir olunub: "Əgər Alla-ha (Allah yolunda) gözəl (könül xoşluğu ilə) bir borc versəniz, (Allah) sizin üçün onun əvəzini qat-qat artırar və sizi bağışlayar. Allah qədirbiləndir, həlimdir!" (Təğabun, 17), "Ey iman gətirənlər! Əgər siz Allaha (Allahın dininə və Peyğəmbərinə) yardım göstərsəniz, O da sizə yardım göstərər və sizi sabitqədəm (cihadda möhkəm, qüvvətli) edər" ("Məhəmməd", 7). İmam Sadiq öz mal-dövləti ilə möhtac və çətinlikdə olan bir möminin köməyinə tələsməyən insanın behişt yeməklərindən və təamlarından məhrum ola-cağını və rəhiqiməxtumdan heç nə içməyəcəyini bildirir.

Ümumiyyətlə, İmam Əli (ə) Allah-Təalanın fəqir və kasıbların ehtiyaclarını, xərclərini varlıların sərvətində qoyduğunu deyib: "Deməli, bir fəqir ac qalarsa, bu hansısa bir sərvətlinin onun haqqını verməkdən imtina etməsi səbəbi ilə olmuşdur". O, eyni zamanda fəqirə mane olub, ona bir şey verməyən varlının günahının bütün günahlardan böyük olduğunu qeyd edib.

Həzrət Əli (ə) Axirəti üçün sədəqə verməyənlərə dünyanın heç bir faydası olmadığını da qeyd etmişdir. O Həzrət faniliyi insanlara xatırladaraq belə buyurur: "Yediklərin aradan gedər, yedirtdiklərin isə qalar."

 

"Camaata verilən heç bir sədəqə onlar arasında yayılan elmdən üstün deyildir" (Həzrət Mühəmməd (s))

 

Sədəqənin ən üstünü, adamın elm öyrənib sonra da onu bir müsəlman qardaşına öyrətməsi və xeyiri davam edən bir yardımın (sədəqeyi-cariyə) - həyatda ikən tikdirdiyi məscid, məktəb, xəstəxana, bulaq, körpü və s. ictimai xidmətlər edilməsidir. İmam Sadiq (ə) möminin bu dünyanı tərk edərkən 6 xislətdən faydalanacağını bildirmişdir:

- Onun üçün Allahdan bağışlanmaq istəyən saleh övlad

- Özündən sonra oxunan Quran

- Camaatın istifadəsi üçün qazılan quyu

- Əkdiyi ağac

- Ehsan üçün cari etdiyi su

- Özündən sonra camaatın əməl etdiyi gözəl sünnət.

Həzrət Məhəmməd isə bu barədə belə buyurmuşdur: "İnsan öldüyü zaman əməl dəf-təri bağlanır. Üç şey onun əməl dəftərinin açıq qalmasını təmin edir: Sədəqeyi-cariyə (xeyiri davam edən yaxşılıqlar), fayda verən elm, dua edən xeyirli övlad".

Unutmayaq ki, hər birimizin həyatda ikən öyrənib  paylaşdığımız elm, geridə qoyduğumuz saleh övlad, tikdiyimiz bir bina, çəkdirdiyimiz yol və s. sədəqədir. Bir müsəlman əgər bir ağac əksə və onun meyvəsindən insanlar, yaxud heyvanlar, hətta quşlar qidalansa, şübhəsiz ki, o ağac sahibi üçün sədəqədir. Bundan əlavə edilən hər təsbeh, həmd, təkbir, yaxşılığı tövsiyə edib, pislikdən çəkindirmək də sədəqədir.

Yazımın sonunu bəndənizin sədəqə ilə bağlı bir xatirəsiylə qurtarmaq istəyirəm. Bir neçə il öncə həyat yoldaşım Məşhəd ziyarətinə hazırlaşırdı. Yola düşən gün sübh tez-dən yuxumu qarışdırdım və "Yuxu yozumu" kitabından oxudum ki, səfərə çıxan varsa, təxirə salsın, ölümlə nəticələnə bilər. Mən yoldaşıma bu barədə bir söz demədim. Bütün günü Allaha dua elədim, İmam Rzaya (ə) yalvardım ki, yanına gələn əmanəti bizə sağ-salamat qaytarsın. Səhər işə gələndə sədəqə niyyətiylə evdən bir miqdar pul götürdüm. İnanmazsınız, hər yeri kimsəsizlərlə dolu olan Bakı şəhərində nə işə gələndə, nə də işdən gedəndə sədəqə verməyə adam tapmadım. Evə 2 km qalmış düşüb piyada getdim ki, bəlkə qabağıma bir məzlum çıxa. Artıq ümidimi üzmüşdüm ki, bir tumsatan gördüm. O, elə dərin fikrə getmişdi ki, qabağındakıları yığışdırsaydın belə xəbəri olmazdı. Düşündüm ki, bəlkə mənim yolboyu heç kəsə rast gəlməməyimin hikməti bu imiş?! Qadına yaxınlaşıb utana-utana dedim: "Xala, sizdən çox üzr istəyirəm. Məni səhv başa düşməyin. Bu gün İmamlarımızdan birinin (İmam Təqinin - red.) mövludu-dur. Həm də bu niyyətlə evdən ehsan çıxartmışam. Onu sizə versəm xətrinizə dəyməz ki?" Qadın bir an gözlərini əlimdəki pula zillədi. Onun üzünün sevincdən necə işıqlandığını gördüm: "Ay bala, Allah qəbul eləsin". Qadından bir az aralanmışdım ki, yenidən geri qayıdıb dedim: "Xala, səfərdə olan var, onun üçün də dua eləyin". Qadının alqışlarıyla, ürəyim arxayın evə gəldim... Həyat yoldaşım səfərdən qayıdanda isə yol boyu 3 dəfə real ölüm təhlükəsiylə üzləşdiyini söylədi. Mən duanın və sədəqənin həqiqətən də bəlanın qarşısını aldığının bir daha şahidi oldum...

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-11-2018 20:50



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com