Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

23 Oktyabr

2019
14:32
Küləklər şəhəri Bakı ilə Kərbəla arasındakı yol qeydləri - FOTO

Xalqımız İmam Hüseyn əleyhissalama olan sevgisini tarixən qoruyaraq günümüzə qədər gətirib çatdırıb. Bunun nəticəsidir ki, hər il Azərbaycandan minlərlə zəvvar Ərbəin səfərinə yola çıxır. Bu il Ərbəin ziyarəyinə getmək bizə də qismət oldu. 

Səfərə Bakının Binə kəndindən yola düşdük. Yola düşəcək avtobusun ətrafı zəvvarlarla xudahafizləşməyə gələn qohum, dost, qonşu ilə dolu idi. Səfər öncəsi onlar bizdən daha sevincli, həyəcanlı görünürdülər, bir az da nigaran idilər... 

Sağollaşmaq zamanı gəlir və 16 günlük yolçuluğumuz başlayır. İran sərhədinə doğru gecə saatlarında hərəkət etdiyimizdən sübh namazına sərhədə yetişirik. Buradan artıq Ərbəin səfərinin ab-havası hiss olunur. Soyuq payız sübhünün canına üşütmə saldığı ahıllar, gənclər, qadınlar səfər çantasını yanına salıb tələsik sərhədi adlamağa çalışır. Ziyarətçi sıxlığı ilə əlaqədar sərhədi keçmək bir qədər vaxtımızı alır. İran Astarasının həndəvərinə ayaq basan kimi Ərbəin zəvvarlarını növhə və təriflərlə qarşılayan rövzəxan üzünü bizlərə tutaraq, "İmam Hüseyn zəvvarı gözümüzün sürməsidir", - deyir.

Hiss olunur ki, qonşu ölkə Ərbəin mərasimlərinə dövlət səviyyəsində hazırlaşır; ziyarətçilər üçün tibb məntəqəsi, istirahət və ibadət çadırları, isti çay və yemək süfrələri açılır. Divara vurulmuş böyük bannerdə isə, "Ölkəmizə gələn İmam Hüseyn zəvvarının qulluqçulayırıq", - deyə yazılmışdı. 

Növbəti dayanacağımız Məşhəd şəhəridir. Yol boyu Astarada 7-ci İmam Museyi Kazımın nəvələri İmamzadə Qasim və İbrahimin hərəmini, Rəşt-Qəzvin arasında İmam Əli əleyhissalamın övladı, Məhəmməd Hənəfiyyənin nəvəsi İmamzadə Haşimin məqbərisini, İmam Rzanın (ə) qədəmgahını, Xorasanın 5-6 kilometrliyində yerləşən İmam Rzanın (ə) ən yaxın sirdaşı və İmamın zəhərlənməsini nəql edən Əbasətin qəbrini ziyarət edirik. Sonuncunun məqbərəsi öz memarlıq üslubu ilə diqqət çəkir. Ümümiyyətlə, İran memarlıq məktəbi özündə bir neçə tarixi zamanı birləşdirməyi bacaran qədim ənənəni qoruyub saxlayıb.

Məşhəd şəhəri bizi qızmar istisi ilə qarşılayır (İraqda əsl istini nə olduğunu anlayacağıq - Ş.S). Məşhədi Ərbəin səfərinə yollananların əsas dayanacağı və İraq sərhədinə doğru hərəkət edən inanclıların istirahət məntəqəsi də hesab etmək olar. Burada üçrəngli bayraqlarla gəzən vətəndaşlarımız xüsusən çox gözə dəyir. Müxtəlif ölkələrdən gələn yüz minlərlə ziyarətçilərin arasında məhz bizim zəvvarlar dövlət atributlarımızla bəzənərək Məşhədin küçələrində yeriyirdilər. Bu məqam Vətənimizdən kənarda insana bir başqa qürur verir.

İmam Museyi-Rza əleyhissalamın mənəvi ucalığı haqda ölkə inanclıları az-çox məlumatlıdırlar, amma nədənsə sözügedən məkanın daxilində qurulan nizam-intizam, səliqə-sahman, xidmətçilərin çox peşəkarcasına milyonlarla insana xidmət etməsi heç də hər ziyarətgahda rast gəlinməyən məqamdır. Bura kitabxanası, muzeyi, elm-tədris mərkəzi, şəxsi büdcəsi olan nəhəng kompleksdir. Ziyarətgahı Məşhəd içində ayrıca bir şəhər də hesab etmək olar. 

İki günlük istirahətimizi başa vurub İraq sərhədi istiqamətinə yollanırıq. Uzun yolçuluğumuzu sərnişinlərə asan edən sürücümüz Raquf kişi bizi darıxmağa qoymur. Məxsus olduğu bölgənin xəngəl qonaqlığına dəvət edir hamımızı. Uzun yolçuluq və qurud xəngəlinin dadını təsəvvür edib gülürük. Beləcə, xoş əhval-ruhiyyə ilə İran-İraq sərhədində yerləşən Şələmçə keçid məntəqəsinə yaxınlaşırıq. 

Şələmçəyə çatar-çatmaz izdihamın miqyasını anlamağa başlayırsan: avtobusların sonu görünməyən karvanı, gömrük keçid məntəqəsinə qədər şəxsi avtomobilləri ilə gələrək burada park edən sürücülər, sərhədə doğru hərəkət edən piyada axını. Burada hər iki sərhəd yoxlamasını keçmək bütün günümüzü alır; sübh çağı sərhədə daxil olub axşam namazından sonra ərazini tərk edirik.

İraqın bir müharibəni bitirib digər müharibəyə başlaması elə ölkənin sərhədlərindən hiss olunur. Təpədən dırnağa qədər silahlanmış əsgər və zabitlər insanların içində gəzişib təhlükəsizliyi qoruyurlar. Gömrükdə zəvvarlara tünd ərəb çayı, plov, meyvə və digər zəruri xidmətlər təklif olunur. İnternetlə bağlı isə problem var. Yerli sakinlər bildirir ki, ölkədə iğtişaş törətmək istəyənlər fəaliyyətlərini sosial şəbəkələr üzərindən qurublar, bu səbəbdən ölkə rəsmiləri interneti müəyyən vaxta qədər məhdudlaşdırmağı qərara alıb. İnternetin olmaması çoxlu sayda zəvvarın işini çətinləşdirirdi. Çünki İraqa gələn insanlar azmamaq üçün getdikləri yer haqda məlumatı internetdən əldə edir. 

Növbəti dayanacağımız Samirra şəhəridir; İmam Məhəmməd Təqi (ə) və İmam Həsən Əsgərinin (ə) ziyarətgahları, İmam Mehdinin (əc) qeybə çəkildiyi yer. Bura 2007-ci ildə vəhhabilərin ziyarətgahın içində partlayış törətdiyi və son illər İŞİD terror qruplaşmasının ciddi cəhdlə işğal etməyə çalışdığı bir ərazidir. Tarixən Abbasi xəlifələri iqamətgahlarını Samirra şəhərində inşa etdiriblər. Şəhərə daxil olan kimi buraya diqqətin səbəbini anlayırsan; Dəclə çayının sahillində yerləşən ərazi təbii yaşıllığı, sərin havası və münbit torpaqları ilə seçilir. 2009-cu ildən əraziyə tam olaraq hökumət qüvvələri nəzarət edir.

Yol boyu hər 300-500 metrdən bir hərbçilər postlarda keşik çəkir. Postların birində hərbçilər avtobusumuzu saxlayıb içəri daxil olurlar, qısa söhbətdən sonra zəvvar olduğumuzu anlayıb, üzr istəyirlər, gülər üzlə bizi yola salırlar. Şəhərdə və xüsusən hərəmlərin yerləşdiyi ərazidə qəribə, izaholunmaz kədər hökm sürür. Burada təmir bərpa işləri davam etdirilir, ziyarətgahların günbəzləri daha müasir formada bərpa edilir, ərazi genişləndirilir, yeni dayanacaqlar tikilir.

Kazimeynə, 7-ci İmam Museyi-Kazım əleyhissalamın ziyarətgahına şam namazına yetişirik. Digər hərəmlərdən fərqli olaraq burada bütün ziyarətçilərin telefonu xüsusi saxlanc yerinə təhvil verilir. Kazımeyn daha öncə ziyarət etdiyimiz şəhərlərdən əmin-amanlığı, küçələrdə polislərin gözə dəyməməsi və səliqə-sahmanlı ticarət dükanları ilə seçilir. Müharibə bu şəhərdən yan keçib. 

Nəcəf öncəsi son dayanacağımız Kufə şəhəridir. Sübh namazını burada qılırıq. Kufə xilafət zamanı siyasət şəhəri olub. Kərbəla hadisələri öncəsi və sonrası burada İslam tarixinin gedişatını dəyişdirəcək mühüm hadisələr baş verib. Kufə məscidi tarixin bütün dönəmlərində dini, siyasi, ictimai, mərkəzlərdən biri hesab edilib. Buraya sahib olan İslam sivilizasiyasının tarixinə, ictimai-mədəni irsin daşıyıcısına və aparıcı siyasi mövqeyə malik olur.

Doqquz günlük yolçuluğmuzun sonunda Kərbəlaya təşkil edilən yürüşün start nöqtəsi - Nəcəf şəhərinə yetişirik. Nəcəflə Kərbəlanı birləşdirən 72 kilometrlik magistral yol Ərbəin yürüşünün təşkil edildiyi məkandır. Uzun yolu qət etməmişdən öncə ziyarətçilər Nəcəfdə 1-2 günlük istirahət edirlər. Adətən yerli əhali Kərbəla zəvvarlarını öz evlərində qonaq edirlər. Bizim dəstə də belə evlərdən birində yerləşdi. Ev sahibi sözün əsl mənasında başımıza pərvanə kimi dolanırdı. Gündəlik 3 dəfə qidalanmağmızı, isti çayımızı, digər zəruri ehtiyaclarımızı tam şəkildə ödədilər. 

Və "Eşq səfəri" başlayır. Çantalarımızı maksimum yüngül etməyə çalışırıq. Hərəkət etdiyimiz günlərdə gündüz saatlarında havanın temperaturu 45-50 dərəcə arasında dəyişir. Qərara alırıq ki, gündüzlər istirahətə çəkilib, gecələr hərəkət edək. Nəcəf-Kərbəla yolunda 1452 işıq dirəyi qoyulub. Sonuncu dirək İmam Hüseynin (ə) hərəminin yanında bitir. Hər dirək arasındakı məsafə 50 metrdir. Yol boyu ziyarətçilərə təmənnasız çay, sərin su, isti yemək, yatmaq üçün mağarlar, tibbi xidmətlər təklif olunur. Adətən piyadalar ortalama hesabla 3 günə Kərbəla şəhərinə yetişir. Ərbəin ziyarətinin ən maraqlı məqamı məhz bu yürüşdür: milyonlarla piyada gecə-gündüz bilmədən insanlıq, İslam uğrunda fədakarlıq etmiş, nümunələr yaratmış, dünya durduqca ədalətin zülm üzərində qələbəsini təmin etmiş İmam Hüseynin (ə) hərəminə doğru hərəkət edir. Bura dünyada yeganə yerdir ki, kütlələri iqtisadi mənfəət, şəxsi ambisiya, tamahkarlıq idarə etmir. Milyonların pənah apardıqları ünvan zəmanəmizin ən yeni çağırışlarını təyin edir - təmənnasız xidmət, fədakarlıq, çətinliklərdən qorxmamaq, iradəli olmaq... Əlbəttə, bu sadalaya biləcəklərimiz çağırışların kiçik bir hissəsidir. 

Mənəvi marafonu 2 günün tamamında yekunlaşdırırıq. Dirəklərin sayı azaldıqca üfüqdə eşq səfərinin ünvanı - Həzrəti İmam Hüseynin (ə) hərəminin minarələri görünür. İmamın ziyarətçiləri mənəvi mənzillərinə tələsir. Yəqin ki, hamıda fərqli hisslər yaşanır bu an... Kərbəla şəhərinə daxil olan kimi məni qürur bürüyür, fəxr hissi yaşayıram. Nə yaxşı ki, ailəm, doğulduğum şəhər, dostlarım, vətənim, əzəldən sizin tərəfinizdə olub. 

Ərbəin mərasimlərinin kuliminasiyası dünyanın müxtəlif ölkələrindən gələn ziyarətçi dəstələrin öz ölkələrinin bayraqları və mərsiyyələri ilə İmam Hüseynin (ə) hərəminin önündən keçərək İmama sədaqətlərini təzələməkdən ibarətdir. Hüseynsevərlər Ərbəində öz mənəvi güclərinə güc qatır, onu yeniləyir və təravətləndirirlər.

Ziyarətimiz bitir. Ölkəmizə qayıdırıq. Yuxulu gözlərimə Bibiheybət məscidinin minarələri dəyir. Məni yenidən qürur hissi bürüyür. Biz yenidən İmam Hüseynin (ə) himayəsindəyik, onun yadigarı - Həkimə xanıma qucaq açmış küləklər şəhəri Bakıda. Avtobusun pəncərələrindən Xəzər dənizinə boylanarkən bir anlıq 16 günlük ziyarətimiz gözümün önünə gəlir. Ərbəin səfərində məhəbbət, qayğı, ehtiram, çətinliklər zamanı səbir nümayiş etdirmək, ziyarət yoldaşına can yandırmaq kimi məqamlara şahidlik etdim. İmam Hüseynin (ə) bacısı Xanım Zeynəb, "Kərbəlada gözəllikdən başqa bir şey görmədim", - demişdi. Elə bizim Ərbəin səfərimiz də Xanımın təbirincə desək, gözəllikdən başqa bir şey deyildi. 

P.S: Növbəti il Ərbəinə yollanacaq zəvvarlardan kiçikləri kimi bir xahişim var. Çətin xahiş deyil, azacıq diqqət və səbir tələb edir. Qarşınıza məqsəd qoyun, istifadə etdiyiniz ərzağın tullantısını bunun üçün nəzərdə tutulmuş zibil yeşiyinə tullayacaqsınız, hətta onlar dolu olsa belə, eybi yoxdur, saxlayın, növbəti dayanacaqların birində mütləq boş zibil yeşiyi qarşınıza çıxacaq. Bu davranışımızla özümüzü və digərlərinin yolunu təmizləmiş oluruq.

Şəhriyar Səmədov

Məqalədə : Məhərrəmlik Kərbəla 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Britaniyada Asanjın taleyi həll olur

14

Dekabr
15:48
DÜNYA
349

Elvin İsayev Azərbaycana deportasiya edildi

14

Dekabr
15:37
HÜQUQ,HADİSƏ
606

Bazar günü hava yağmursuz olacaq

14

Dekabr
13:04
ÖLKƏ
1569
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-12-2019 09:13



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru