Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

27 Avqust

2019
14:44
Dini mətnlərin köçürülməsi iddiası

Ziya Balıyev


Quranda olan bölmələrin daha öncəki mətnlərdə yer alması

Quranda olan bir çox bölmənin daha öncəki miflərdə, elmi, fəlsəfi və dini mətnlərdə olması qeyri teistlərdə fərqli təəssürat yaradır. Onların nəzərinə görə əslində, bu mətnlərin daha öncəki yazılarda qeyd edilməsi isbatdır ki, Quran başqa kitablardan köçürülmüşdür. Bu barədə hər zaman iddialar ortaya atmış, tapılan hər qədim mətnin bənzərliklərini görüb, bu bənzərliklərin ancaq köçürülmə nəticəsində ortaya çıxa biləcəyini iddia etmişdirlər.

Bu iddianı ən çox qabardanlardan biri də, türkiyəli şumeroloq Muazzez İlmiye Çığdır. “Tapdığım bütün mətnləri ortalığa çıxarsam, din deyə bir şey qalmaz” deyən İlmiye Çığ, bu mövzunu “Quranın, İncilin və Tövratın Şumerdəki mənbəyi” adlı kitabında işləmiş və bənzərlikləri köçürülmə kimi qiymətləndirmişdir. Əvvəlcə onun kitabından bir sıra iddialara göz gəzdirək.

“Şumerlərə görə tanrılar bütün şəhərləri və mədəniyyətləri yaradıb insanlara vermişdir, bu Quranda da eynən belədir:

Nəhl-81: Allah, yaratdıqları şeylər­­dən sizin üçün kölgələr əmələ gətirdi, dağlarda sizin üçün mağaralar saldı, sizi istidən qoruyacaq paltarlar və döyüşdə mühafizə edəcək zirehli geyimlər düzəltdi. Beləcə, (Allah) Öz nemətini sizə tamamlayır ki, bəlkə müsəlman olasınız.

Yasin-42: Biz onlar üçün buna bənzər (daha neçə-neçə) minik vasitələri yaratdıq.”1

Başqa bir iddiasında İlmiye Çığ deyir:

“Şumerlərdə də tanrılar “Ol” deyir və olur, eynən Qurandakı kimi:

Yasin-82: Bir şeyi (yaratmaq) istədikdə ona təkcə: “Ol!” deyər, o da olar.”2

Kitabda tanrının hansısa şəhəri məhv etməsi haqqında da deyilir:

“Şumerlərdə tanrı hirsləndiyi zaman həmən şəhəri məhv edir, bu, Tövrat, İncil və Quranda da yer alır:

Həcc-44: və Mədyən əhli də (elçiləri yalançı saymışdı). Musa da yalançı sayılmışdı. Mən kafirlərə möhlət verdim, sonra onları (əzabla) yaxaladım. Mənim onları inkar etməyimin necə olduğunu bir (görəydin)!”3

Köçürülməylə bağlı ən əsas iddia heç şübhəsiz Nuh tufanıyla bağlıdır. Nuh tufanı Quran və Tövratda keçir, lakin sonrada tapılan Şumer mətnlərində də buna bənzər əhvalat tapıldı.

“Tanrının tufan göndərərək insanları məhv etməsi Tövratda bilinirdi. Lakin, 1872-ci ildə tapılan yazılı parçalar, bunun eynisinin Şumerlərdə, Gilqames dastanında olduğunu göstərdi”4

Bundan əlavə bucür mətnlər yunanlarda da mövcuddur. Yunan miflərində də eyni hadisə qeyd olunur. Zevs insanlara hirslənir, daşqın yollayır və iki insan gəmi düzəldərək daşqından sağ çıxır.

İbrahim peyğəmbərin İsmayılı (Tövratda İşaq) qurban kəsməyə aparması da yunan mətnlərində yer alır. Əhvalat tamamilə fərqli formada ensə də, bunun yunan miflərindən köçürüldüyü iddia edilir.

Muazzez İlmiye Çığ və adı gedən kitabı.

Eynilik köçürülməyə dəlil ola bilərmi?

İlk bölmədə eyniliklərdən qısa formada bəhs etdik və bu eyniliklərin “köçürülmə iddiasının” səbəbi olduğunu dedik. Buna bənzər daha çox bənzərliklər də mövcudur. Əsas məsələ isə odur ki, bu kimi bənzərliklər köçürülməyə dəlil sayıla bilərmi? Əvvəla bu məsələdə bizə yol ola biləcək Quran ayəsini qeyd edək:

Nəhl-36: Biz hər ümmətə: “Allaha ibadət edin, tağutdan uzaq olun”– (deyə), elçi göndərdik. Onlardan kimisini Allah hidayət yoluna yönəltmiş, kimisinə də azmaq nəsib etmişdir. Yer üzündə gəzib dolaşın və görün (haqqı) yalan sayanların aqibəti necə oldu!

Əvvəla biz diqqət etməliyik ki, Qurani Kərim bizə, hər ümmətə peyğəmbər göndərdiyini deyir. Əgər bütün ümmətlərə peyğəmbər verilibsə və vəhy tək Allahdan gəlibsə, bu o deməkdir ki, hamısına eyni şeyləri deyirdi.

Ali-İmran-84: De: “Biz Allaha, bizə nazil edilənə, İbrahimə, İsmailə, İshaqa, Yaquba və onun nəslinə nazil edilənlərə, Musaya, İsaya və peyğəmbərlərə öz Rəbbi tərəfindən verilənlərə iman gətirdik. Biz on-ların heç birinin arasında fərq qoymuruq. Biz təkcə Ona təslim olanlarıq!”

Bəqərə-136:” Deyin: “Biz Allaha, bizə nazil olana, İbrahimə, İsmailə, İshaqa, Yaquba və onun nəslinə nazil olana, Musa və İsaya verilənlərə, özlərinin Rəbbi tərəfindən peyğəmbərlərə verilənlərə iman gətirdik. Biz onların arasında fərq qoymuruq. Biz yalnız Ona təslim olanlarıq!”

Lakin zaman keçdikcə bəzi kəsimlər peyğəmbərlərdən gələn vəhyləri təhrif edərək, bir qədər fərqli formaya saldılar.

Maidə-13: (İsrail oğulları )verdikləri əhdi pozduqlarına görə Biz onları lənətlədik və qəlblərini sərtləşdirdik. Onlar (Kitabda olan) kəlmələrin yerlərini dəyişdirirlər. Onlar (özlərinə )öyrədilmiş şeylərin bir hissəsini unutdular. İçərilərindən az bir qismi istisna olmaqla, sən onlardan daim xəyanət görəcəksən. Onları əfv et və (təqsirlərindən) keç. Şübhəsiz ki, Allah yaxşılıq edənləri sevir.

Bəqərə-75: Siz (yəhudilərin )sizə inanacaqlarınamı ümid edirsiniz? Halbuki onlardan bir zümrə var idi ki, Allahın Sözünü eşidib anladıqdan sonra, bilə-bilə onu təhrif edirdilər.

Quran ayələrinə göz atdıqdan sonra, bizə 3 şey məlum olur:

  1. Allah bütün toplumlara peyğəmbər göndərib.
  2. Bütün peyğəmbərlər eyni şeyi deyib.
  3. İnsanlar peyğəmbərlərin dediklərini təhrif ediblər.

İndi qayıdaq iddianın özünə, yəni bənzərlik və ya eyniliyin köçürülmə olmasına. Qeyri teistlərin iddiasına görə, əgər bənzərlik varsa, sonrakılar öncəkilərdən köçürülmüşdür. Köçürülməyə dair əldə heç bir dəlil yoxdur, sadəcə bənzərlikdən çıxardıqları məntiqi nəticə budur. Lakin, biz nə üçün məsələyə başqa prizmadan baxa bilmirik? Əgər vəhy bir yerdən gəlirsə, bütün toplumlara bu vəhy çatıbsa, eyniliyin olmasında hansı problem vardır?

Təsəvvür edin A şəhərində bir fəlsəfə ustadı var. Bu ustad özündən fəlsəfi bir fikir yaradıb və tələbələriylə bunu insanlara çatdırmaq istəyir. Ustad bir tələbəsini A şəhərindən B şəhərinə göndəriri ki, sözləri insanlara çatdırsınlar. O tələbə sözləri çatdırır, lakin onu öldürürlər və bir qrup ağıllı insan onun sözlərini biraz dəyişərək istifadə edir. Ustad başqa tələbəni C şəhərinə göndərir və eyni hadisə baş verir. Bu zaman ortaya sual çıxır: Sözlərdəki bənzərliklər C şəhərində olanların B şəhərindən köçürüldüyünə dəlalət edirmi? Qətiyyən yox. Bənzərliyin sadəcə bir səbəbi var, eyni mənbədən gəlmələri.

İddialarımızın doğruluğunu isbat etmək üçün 2 şeyə diqqət etməliyik.

  1. Peyğəmbər qədim mətnlərdən xəbərdar ola bilərdimi?
  2. Quranda qədim mətnlərlə bənzərlik təşkil edən hadisələrdəki fərqlər nəyin göstəricisidir?

Peyğəmbərin öncəki mətnlərdən xəbərdar olmasının mümkünsüzlüyü

Quranda olan bir çox mətnlərin qədim mətnlərdən köçürüldüyünü iddia etmək üçün, əvvəlcə bu mətnlərin peyğəmbər tərəfindən bilinib bilinməyəcəyinə baxmalıyıq.

Peyğəmbərin bu mətnlərdən xəbərdar olması üçün çoxlu dil bilməsi, yazıb oxuması və dünyanı gəzməsi lazım idi. Bunların olub olmadığına diqqət edək.

Qeyri teistlərin İslama qarşı gətirdikləri iddialara çox qısa nəzər salaq: Qurandakı “Kainatın genişlənməsi (Zəriət-47)” fikrini Çin mifologiyasından5“göyün 7 qat olmasını (Fussilət-12)” Hind mifologiyasından6“Ayın öz işığının olmamasını (Nuh-16)” Anaksagordan7“Barmaq izi məsələsini (Qiyamət-4)” Qədim Amerika hindularından8“Tibbi bilgiləri” Qallendən9“Suların qarışmamasını (Rəhman-19-20)” Romalı alim Plinyusdan10“Öncəki peyğəmbərlər haqqında” Tövrat və İncildən, bir çox fikri Şumerlərdən köçürmüşdür peyğəmbər. Bu siyahını daha da uzatmaq mümkündür, lakin bu qədəri belə kifayət edir. Qeyd edək ki, bunu iddia edənlər qeyri teistlərdir. İndi iddanın qeyri mümkünlüyünə baxaq. Burada iddia olunanların köçürülməsi üçün, peyğəmbər ən azı ərəb dilindən əlavə 7 dil bilməli idi; Çin, Hind, Yunan, Roma, İbrani, Şumer və Qədim Hindu dilləri. Peyğəmbər bu dillərdə həm səlis danışmalı həm də oxuya bilməli idi ki, bu şeyləri öz “yazdığı” kitaba əlavə edə bilsin. Bəzən iddia edirlər ki, Suryanlı Sergius adlı bir alim o dövrdə tərcümələr etmişdi və peyğəmbər ondan öyrəndi. Bu iddia əslində iddia sahiblərini daha da çıxmaza salır, çünki daha bir dil əlavə edilmiş olur. Sergius ancaq Qallenin kitablarını tərcümə etmişdi, özü də ərəb dilinə yox suryani dilinə. Bu halda peyğəmbər 8-ci dili Suryanicəni də bilməli idi. Bu da son deyil, bu məlumatları əldə etmək üçün, peyğəmbər Şərqdəki Çindən Qərbdəki Amerikaya qədər gəzməli idi ki, bu məlumatları toplasın. Əslində isə qətiyyən belə şey yoxdur və bu köçürülmə iddiasına inanmaq üçün insanda fövqəl inanc olmalıdır.

Peyğəmbərin 7-8 dil bilməsi haqqında danışmağa belə dəyməz, həqiqətən o dövrdə ərəb çölündə bunun olması mümkün deyil. Əsas məsələ peyğəmbərin başqa ölkələrə səyahəti zamanı bu məlumatları toplamasıdır. Bu iddia da tamamilə xətalı və əsassızdır. Bütün mənbələr araşdırılsa peyğəmbərin 4 yerdən başqa heç bir yerə getmədiyi məlum olar; Suriya, Yəmən, Bəhreyn və Həbəşistan. Başqa yerlərə getməsi haqqında heç bir dəlil yoxdur.

Fərqliliklər başqa söz deyir

Bu məsələnin açar mövzusu isə ortadakı fərqliliklərdir. Qurani-Kərimdə olan bir çox bölmə, öncəki kitablarla bənzərdir, lakin kiçik fərqlər də mövcuddur. Bizim bilməli olduğumuz əsas şey odur ki, ortada olan kiçik fərqlər necə yarandı və bu fərqlər hansı dəyişikliyə səbəb olur. Bu suala cavab tapdıqdan sonra, dini mətnlərin köçürülməsi məsələsi bizə aydın olacaqdır. Bir neçə fərqə göz ataraq məsələni aydınlaşdıraq.

İlk məsələ Nuh tufanı məsələsidir. Bİr çox iddialara görə, əslində Nuh tufanı Qurani-Kərimə Tövratdan köçürülüb. Yəni, peyğəmbər Tövratı oxuyub və Nuh tufanı hissəsini Qurana köçürüb. Əvvəla bu hadisənin Tövratda və Quranda necə keçdiyinə baxaq.

Tövrat, Yaradılış-7

“Yer üzünə qırx gün yağış yağdı və su get-gedə çoxalıb gəmini qaldırdı. Gəmi yerdən xeyli yüksəkdə, suyun üzündə üzməyə başladı. Su çoxalıb bütün yer üzünü basdı. Gəmi isə suyun üzündə üzürdü. Su yer üzündə o qədər çoxaldı ki, səma altındakı bütün hündür dağları örtdü. Sular dağların zirvəsindən on beş qulac yuxarı qalxdı.  Beləliklə, yer üzündəki canlı varlıqların hamısı — qanadlı məxluqlar, ev heyvanları, vəhşi heyvanlar, qaynaşan məxluqlar, eləcə də bütün insanlar məhv oldu. Quruda yaşayan, həyat nəfəsi olan varlıqların hamısı öldü. Beləliklə, Allah insandan tutmuş heyvana kimi, sürünən heyvanlara və göydəki qanadlı məxluqlara kimi bütün canlı varlıqları yer üzündən yox etdi. Onların hamısı məhv oldu; təkcə Nuh və onunla gəmidə olanlar sağ qaldı. Yer üzü yüz əlli gün suyun altında qaldı.”

Diqqət etmək lazımdır ki, Tövratda Nuh tufanından bəhs edilərkən, bunun bütün dünya üçün baş verdiyi qeyd edilir. Yəni, daşqın oldu və bütün dünya, ən yüksək dağlara qədər suyun altında qaldı. Bu prosesin baş verməsi elmi olaraq mümkün deyil. Atmosferdəki bütün sular yerə yağsa, bütün buzlaqlar ərisə, yenə də dünyanın bütünlüklə su altında qalması mümkün deyil, qaldı ki, Everest kimi ən yüksək zirvənin.

Qurani-Kərimin bu tufana yanaşmasında isə, kiçik bir fərq var. Hud surəsində keçən bu tufanda, əvvəl 25-ci ayədə deyilir: “Həqiqətən, Biz Nuhu öz tayfasına peyğəmbər göndərdik. Nuh dedi:”Mən sizi (Allahın əzabı ilə) açıq-aşkar qorxudan bir peyğəmbərəm!” Diqqət etmək lazımdır ki, ayə təkidlə bu hadisədə Nuhun öz qövmünü işarə edir. Ardından gələn ayələrdə də Nuh hər sözünə “ey qövmüm” deyə başlayır. 32-ci ayədə qövmü Nuha deyir:”Onlar dedilər: “Ey Nuh! Bizimlə çənə-boğaz olub çox mübahisə etdin. Əgər doğru danışanlardansansa, bizi təhdid etdiyin əzabı gətir görək!” Bu məsələylə bağlı bütün ayələr konkretlik təşkil edir. Yəni Qurani-Kərimdə Tövratdan fərqli olaraq, tufan bütün dünya üçün yox, hansısa xüsusi bölgə üçün gəlmişdi. Bu fərq onu göstərir ki, Quranda, öncəki kitablarda buraxılan xətalar buraxılmayıb. Əgər köçürülmə olsaydı, bu xətalar mütləq olardı.

Başqa bir məsələ Tövrat və Quranda adı keçən Hamanla bağlıdır. Haman adı Tövratda da, Quranda da keçir, lakin başqa bölgələr üçün. Tövratda adı keçən Haman, Musadan uzun illər sonra yaşamış və Babil kralının vəziri olmuşdur11. Qurandakı Haman isə, Musayla eyni zamanda yaşamış, Misir fironunun vəziridir12. Uzun zaman boyunca bu ad məsələsi Quranda xəta kimi təqdim edildi. İddiaçıların nəzərinə görə, Haman adı Babil adıdır və Misirlə əlaqəsi yoxdur. Lakin, sonradan Misir heroqliflərinin oxunması hər şeyin fərqli olduğunu ortaya qoydu. Əslində, Haman adı Misirdə abidələrin üzərində keçir. Vyanadakı Hof muzeyində bir abidənin üzərində Hamandan və onun Fironla yaxınlığından bəhs edilir13. Fransız həkim Moris Bukay da, bir fransız misirşünasdan Haman adını araşdırmasını istəyir. Misirşünas, Firon sarayının ad siyahısına baxacağını deyir. Baxdıqdan sonra əldə olunan nəticə isə təəccüblü idi, bu ad həqiqətən Firon sarayının ad siyahısında var və Firona yaxın bir insan kimi təqdim edilir14.

Təkcə Haman məsələsi kifayətdir ki, bütün köçürülmə iddiaları tamamilə məhv olsun. Quranı köçürərək yazan Hz.Məhəmmədin, Haman adını Tövratdan fərqli olaraq Misirə aid etməsi və bunun doğru olması mümkünsüzdür.

Dünyanın yaradılması məsələsi də Tövrat və Quranda bənzərliklərlə yanaşı fərqlilikləri ilə də seçilir. Tövrat Yaradılışı ardıcıllıqla yazır və arada kobud xətalara yol verir. Quranda isə belə bir ardıcıllıq yoxdur və xətalara yer verilməyib.

İnsanın yaradılışı da eynilə belədir. Tövrat, Həvvanın bir başa Adəmin qabırğasından yarandığını dediyi təqdirdə15, Quran, zövcəsini də ondan yaratdıq deməklə kifayətlənir ki16, bu da xətaya daha qapalı olmaqdır.

Ancaq doğru olanlar?

Köçürülməylə bağlı iddianı məhv edən başqa bir məsələ ancaq doğruların seçilməsidir. Qurani-Kərimdən elmi çıxarışlar edən şəxslərin iddialarına gələn tənqid ondan ibarətdir ki, bu daha öncə də var idi. İddialara qısaca göz gəzdirək.

Quranı-Kərimin Zəriət-47-ci ayəsində Kainatın genişlənməsindən yazır ki, Qurandan möcüzə çıxarışı edənlər üçün bu elmi möcüzədir. Bu iddiaya gələn tənqiddə isə deyilir ki, bu onsuzda daha öncə Çin mifologiyasında var idi. Peyğəmbərin Çinə səfər etməsi və Çin dilini bilməsi məsələsinə yuxarıda cavab verdik, lakin fərz edək ki, Peyğəmbər Çinə səyahət edib və dilə hakim olub. Ortaya çıxan əsas problem ondan ibarətdir ki, xətalarla dolu Çin mifoloji fikrindən peyğəmbərin ancaq bu çıxarışı etməsi necə mümkün oldu? Doğru olanı seçməsi və bunu kitabında xüsusi ilə qeyd etməsi mümkün deyil. Bunun üçün peyğəmbərin ən azı teleskopu olmalı və kainatla bağlı ciddi müşahidələr etməsi lazım idi ki, başqa xətaları deyil də, məhz doğru olanı seçib götürsün.

Və yaxud, Nuh surəsi 16-cı ayədə Günəşə çıraq, aya isə nur deyilir. Məlum olduğu kimi çıraq, işığı özündə olan, nur isə işığı yansıdandır. Yəni, Qurani-Kərimdə ayın öz işığının olmaması açıqca deyilir. Bu iddia qarşısında isə, yunan filosofu Anaksaqorun dedikləri gətirilir. Anaksaqor bunu Qurandan öncə qeyd etmişdir. Peyğəmbərin yunan dilini bilməsi və Yunanıstanda olmasını fərz etsək belə, Anaksaqorun fikirlərinin içindən ancaq doğru olanı seçib götürməsi mümkün deyil.

Nur surəsi 45-ci ayədə bütün canlıların yaranışının suyla bağlı olduğu qeyd edilir. Modern elm ilə birə-bir uzlaşan bu fikrin də, yunan Filosofu Anaksimander də olduğu qeyd edilir. Yenə də peyğəmbərin, Anaksimanderin xətalı fikirlərini deyil də, doğru olanlarını seçməsi mümkün deyil.

Hipokrat və Qallenlə əlaqələndirilən tibbi məsələlərə də eyni cavabı verə bilərik. Qədim dövrdə Hipokrat və Qallenin xətalı olan onlarla fikri var idi. Peyğəmbərin onlardan ancaq doğru olanları seçib, yanlışları seçməməsi mümkün deyildi.

Mənbələr:

1. Muazzez İlmiye Çığ, Kur’an İncil ve Tevrat’ın Sumer’deki Kökeni, (Kaynak Yayınları, 2005), s.16

2. Muazzez İlmiye Çığ, Kur’an İncil ve Tevrat’ın Sumer’deki Kökeni, (Kaynak Yayınları, 2005), s.17

3. Muazzez İlmiye Çığ, Kur’an İncil ve Tevrat’ın Sumer’deki Kökeni, (Kaynak Yayınları, 2005), s.18

4. Muazzez İlmiye Çığ, Kur’an İncil ve Tevrat’ın Sumer’deki Kökeni, (Kaynak Yayınları, 2005), s.49

5. Ntv Yayınları-Mitoloji-3.Baskı,sayfa 330,4.Paragraf

6. Turan Dursun, Kutsal Kitapların Kaynakları I-II-III,s.112.

7. G.Sarton, A History of Science (1952 ), Oxford University Pres.

8. Arap Şükrü, Mucize yalanlar, s.125

9. Arap Şükrü, Mucize yalanlar, s.110

10. Arap Şükrü, Mucize yalanlar, s.80

11. Tövrat, Əstər-3

12. Quran, Qasas-6

13. Walter Wreszinski, Aegyptische Inschriften aus dem K.K. Hof Museum in Wien, 1906, J C Hinrichs’ sche Buchhandlung

14. Maurice Bucaille, Moses and Pharaoh in the Bible, Qur’an and History, p. 192-193

15. Tövrat, Yaradılış-2:21-23

16. Quran, Nisa-1

Məqalədə : Ziya Balıyev dini mətn 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Bu sürücülər 40 manat CƏRİMƏLƏNƏCƏK

22

Noyabr
16:57
NƏQLİYYAT
916

Hərbdə və mənəviyyatda generallıq

22

Noyabr
16:22
ARAŞDIRMA
295

Sabahın hava proqnozu açıqlanıb

22

Noyabr
13:00
ÖLKƏ
590
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-11-2019 03:15



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru