Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

19 İyun

2019
14:36
Türkiyə tarixi seçim qarşısında: “S-400”mü, “Patriot”mu?

Mehdi Fərəc


araşdırmaçı-yazar

(I yazı)

Türkiyə RF və ABŞ arasında seçimdə

Türkiyə Cümhuriyyəti Müdafiə Sənayesi Müfəttişliyi 2000-ci illərin əvvəllərindən etibarən hava hücumundan müdafiə sistemlərilə bağlı açdığı tenderlər hamısı nəticəsiz qaldı. 2011-ci ildə Suriya müharibəsinin başlaması ilə bölgədəki vəziyyət Türkiyəyə qarşı təhdidlərin də yenidən gündəmə gəlməsinə səbəb oldu. Məsələ ilə bağlı NATO müttəfiqi ABŞ-la “Patriot” Hava Hücumundan Müdafiə Sisteminin (HHMS) alınmasına dair aparılan bir sıra danışıqlar isə nəhayətdə Türkiyə üçün nəticəsiz qaldı.  

Dünya gündəmini təqib edənlər bilir ki, son dönəmin ən mühüm mövzularından biri də, "Türkiyə nəhayətdə Rusiyadan S-400 HHMS-ni alacaq, ya yox" məsələsidir. Bəziləri çıxıb deyə bilər ki, bizim üçün bu məsələ nə qədər mühümdür, nə qədər maraqlıdır? Cavab verək: bu  məsələ birbaşa bizim də təhlükəsizlik məsələmizdir. Təkcə ona görə yox ki, Türkiyə bizə doğma ölkədir, bir sıra digər səbəblər də vardır. Bu işlərin hər hansı formada nəticəsi bizə də birbaşa toxunacaq. 

ABŞ son 2 ayda hər cür təzyiq yoluna baş vurdu ki, Türkiyə bu addımdan geri çəkilsin. Bundan əvvəl bənzər təzyiq-təhdidlər nəticəsində 2015-ci ildə Çinlə bənzər anlaşma imzalayan, lakin sonda imtina etməli olan Türkiyə bu dəfə istəyindən vaz keçəcək kimi görünmür. Bu dəfə Türkiyə qətiyyətli təsir bağışlayır. Bunu görən Amerika əvvəlcə müdafiə naziri əvəzi Patrik Şanaxan vasitəsilə Türkiyə Silahlı Qüvvələr Baş Qərargah rəisi Hulusi Akara təhdid dolu məktub ünvanladı. Ardınca bu məktubdakı maddələr şəxsən də telefon danışığı vasitəsilə qarşı tərəf çatdırıldı. İyunun ilk yarısında isə Türkiyəyə qarşı sanksiyalar Amerika parlamentində təsdiqləndi. ABŞ-ın qanunvericiliyinin CAATSA qanunu çərçivəsində ABŞ Türkiyəyə növbəti sanksiyalar silsiləsinə start verdi. Eyni ərəfədə ABŞ Pensilvaniyada F-35 təlimləri alan 20-ə yaxın türk pilotun tədrisini dayandıraraq pilotları geri göndərdi. Daha sonra F-35 qırıcılarının 935 çeşid ehtiyat hissəsinin 400-dən çoxu ABŞ-ın sifarişi ilə Türkiyədə istehsal edilirdi ki, bu layihə də dayandırıldı. 2020-ci ildən bu sifarişlər başqa ölkələrə istiqamətləndirildi. CAATSA çərçivəsində bir sıra başqa addımlar da nəzərdə tutulur ki, bu barədə bir qədər sonra.

Yaxşı, gerçəkdən də bu məsələdə ABŞ-Türkiyə münasibətlərini tamamilə kəsəcək səbəb nədir? Məsələ yalnız ABŞ-da silah satıcılarının maraqlarının tapdalanmasıdırmı? Dəfələrlə Türkiyənin “Patriot” sistemlərini tələb etməsinə, Amerikanın, “verəcəm”, - deyib sonda vermədiyi halda, nədən NATO müttəfiqi ilə belə davranır? Onu da qeyd edək ki, ABŞ ötən il “Patriot” hissələrini Qazientepdə qursa da, 1 il sonra bütün sistem sökülərək geri, Amerikaya qaytarılıb. Beləliklə, Türkiyənin öz hava təhlükəsizliyi təmin etmək üçün baş vurduğu ən böyük müttəfiqi onu yarı yolda qoydu. Suriya, Aralıq dənizi, Kipr və digər Türkiyə ətrafı bölgələrdə barıt çəlləyinin getdikcə alovlandığı bir dönəmdə ölkəsinin təhlükəsizliyini təmin etməyi hədəfləyən Ərdoğan iqtidarı təbii ki, belə bir halda digər seçimlərə müraciət edəcəkdi. Suriya müharibəsinin ən şiddətli çağlarında birgə addımlayan iki NATO müttəfiqini bu qədər bir-birindən uzaqlaşdıran nədir görəsən? Nə oldu ki, İŞİD və bənzər terror qruplarına silah, daşınma və sair əməliyyatlarda bir nömrəli tranzit rolu oynayan Türkiyə birdən əski müttəfiqlərindən bu qədər uzaqlaşdı? 

Niyə “Patriot” deyil, “S-400”?

Amerikanın təhdidkar ritorikasına rəğmən Ərdoğan 13 iyun çıxışında Rusiya ilə bəhsi keçən ticarəti qəti şəkildə reallaşdıracaqlarını bir daha qətiyyətlə vurğuladı. ““Türkiyə S-400 raket sistemini alacaqdır” demirəm, almışdır. Bu iş bitib. Növbəti ay sistem bizə təhvil veriləcəkdir. Türkiyə “F-35”lərin ancaq müştərisi deyil, həm də istehsalında şərikdir. (S-400) Uyğun qiymətə olmaqla yanaşı istehsalına da başlamaq barədə söz alaraq sazişimizi imzaladıq. İnşallah, qısa zamanda gəlir”. Ak Parti fraksiya toplantısında partiya sədri belə bildirib. Türkiyə bu sistemlərdən bir batareyasını Antaliya ətrafında, Aralıq dənizinin qərbində, digər batareyasını ölkənin şərqində, Suriya sərhədləri yaxınlığında qurmağı planlaşdırır.

Hər iki bölgə qırıcılarının əksəriyyəti “F-35”lərdən ibarət sionist rejimin təhlükəsizlik maraqlarını birbaşa zərbə altında qoyur. Çünki “F-35”lər hər nə qədər Amerikanın ən müasir və bahalı qırıcıları, eyni zamanda ən uğurlu mühəndis işi hesab olunsa da, S-400 zenit-raket sistemi bu qırıcıların hərəkət trayektoriyasını anında təsbit edib 10 saniyə ərzində adekvat reaksiya verə bilir. ABŞ “Patriot”u “F-16”ları düşmən hədəfləri kimi tanımır, lakin Rusiyanın “S-400”ü bu qırıcıları düşmən hədəfləri kimi tanıyaraq dərhal kəşfiyyat məlumatlarını emal edir. Əgər Türkiyə bu batareyalardan birini Ege dənizi hövzəsində qurarsa, bu o deməkdir ki, Türkiyə Kipr ətrafında hər hansı quş uşarsa, yalnız anında bundan xəbər tutmayacaq, bu “quş”ların hara nə məqsədlə uçduğunu da təyin edə biləcək, qarşılıq verə biləcək. Kipr ətrafında və Aralıq dənizindəki son aylardakı canlanma da təsadüfi deyil, bu haqda qarşıdakı yazılarda qeyd edəcəyik. Vəziyyətin həssaslığını anlamaq üçün təkcə bunu vurğulamaq yetər ki, mayın sonunda İngiltərə Kiprin yunan kəsimindəki Marham ingilis hərbi bazasına 121 ədəd "F-35" qırıcısı yerləşdirib. S-400 isə bu nəsil qırıcıların hərəkətinə aid bütün məlumatları əldə etməyə qadirdir. Hətta daha dəqiq desək, bu sistem “F” nəslindən bütün növ qırıcıların addımlarını təsbit etmək və qarşılıq verə bilmək qüdrətinə malikdir. Sistemin ən ciddi cəhətlərindən biri isə budur ki, “F-35”lər bu sistemin onu aşkar etməsini ən son saniyələrdə anlayır. Bu da “F-35”ləri “S-400”ün qaçılmaz qurbanına çevirir. 

S-400 HHMS-nin texniki-xarakteristikası

Hazırda bu sistem dünyada silah sənayesinin ən yaxşı müdafiə sistemlərindən biri kimi qiymətləndirilir. 

S-400 qırıcı təyyarələri, radar təsbit və nəzarət təyyarələri, kəşfiyyat, strateji və taktik təyyarələri, taktik, əməliyyat-taktik ballistik raketləri, orta mənzilli ballistik raketləri, aerodinamik (səsdən sürətli) hədəfləri və digər müasir hücum silahlarını məhv etmək üçün işlənib. S-400 RƏM sistemilə ABŞ ordusunda istifadə olunan radara düşməyən qırıcılar və ballistik raketlər tamamilə zərərsizləşdirilə bilir. 

“S-400”ün çox uzaqmənzilli 40N6 model raketləri 400 km-dəki, 48N6 model raketlə 50 km-dəki, orta mənzilli 9M96E model raketlə də 40 km-dəki hədəfləri vura bilir.

Bir S-400 taboru ən azı bir mobil əməliyyat-qərargah məntəqəsindən, 8 atış bloku və 32 raketdən ibarətdir. Qısa, orta və uzaqmənzillərdə raketləri eyni vaxtda istifadə etmək xüsusiyyətinə malik S-400 600 km uzaqlıqdakı hədəfləri təyin etmək qüdrətinə malikdir və bu hədəflərə saniyədə 4.8 km sürətlə raket göndərə bilir. Sistem hədəflərə 10 saniyədən az bir müddətdə reaksiya verə bilir. 

S-400 HHMS-nin hədəfləri arasında B-2 və F-117 kimi görünməz təyyarələr, B-1, F-111 və B-52H strateji bombardman təyyarələri, EF-111A və EA-6 elektron döyüş qırıcıları, TR-1 kəşfiyyat təyyarəsi, E-3A və E-2C erkən xəbərdarlıq radar ("Avaks") təyyarələri, "Tomahavk" raketləri və bütün ballistik raketlər yer almaqdadır.

Rusiyada Moskva, Cənub Hərbi Dairəsində və Baltik Donanması olmaqla ümumilikdə 5 ədəd S-400 alayı mövcuddur. Hər alayda 8 atış blokunun olduğu 2 tabor yer almaqdadır. Rusiyadakı S-400 taborlarının 2020-ci ilədək 56-ya çıxarılması nəzərdə tutulub. 

S-400 HHMS-nin raketləri yerdən 5 m hündürlükdəki hədəfləri vura bilir. Onun amerikalı rəqibi (Patirot) isə bunu yer üzərindəki ən azı 100 m hündürlükdən edə bilir. 

S-400 HHMS müxtəlif hava şəraitlərində döyüş tapşırıqlarını effektiv yerinə yetirməyə qadirdir.

S-400 HHMS “İsgəndər” və “Baston” sinifli gəmi əleyhinə raket kompleksləri kimi sistemlərlə yanaşı Qərbdə “Giriş Qadağan Zonası” (A2/AD) kimi tanınan Rusiyanın yeni konsepsiyasının əsas silahıdır.  

Rusiya S-400 HHMS-nin satışı ilə əlaqədar indiyədək Türkiyədən başqa Çinlə saziş bağlayıb. Rusiya müdafiə sənayesi məsulları fevral ayından Çinlə sistemin birgə istehsalına başladıqlarını da açıqlayıb. Bu günlərdə Rusiya ilə Türkiyə arasında aparılan danışıqlarda isə bu sistemin Türkiyəyə tam şəkildə yerləşdirildikdən sonra daha yeni nəsil və S-400-dən daha çox üstün parametrlərə malik S-500 HHMS-nin iki ölkənin birgə ortaqlığı ilə istehsalı gündəmə gəlib. S-400 satışına dair Hindistan və İran da Rusiya ilə bir sıra danışıqlar aparır. Lakin bu iki ölkə ilə Türkiyə qədər qəti yekunlaşma yoxdur. Son həftədə bu istiqamətdə xüsusilə Hindistana qarşı Amerikanın təhdidləri artıb. Hindistan üzərinə də eynilə Türkiyə ritorikası ilə gedən Amerika Hindistanla hələ təhdid məktublaşmaları və açıqlamaları səviyyəsindədir. Hindistanın da bu satışda geri çəkilməyəcəyi təqdirdə, Amerikanın spesifik sanksiyalar dilinə əl atıb-atmayacağını çox yaxında görəcəyik.

Məqalədə : S-400 Patriot ABŞ Türkiyə 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
61796

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
59525

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
61185

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
60880

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
66351

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
60642

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
60837
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


24-01-2021 01:12





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru