Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

13 Dekabr

2018
10:40
962
Qəbələ və Qusara dəmir yolunun çəkilişi nə vəd edir? - EKSPERT

Prezident İlham Əliyevin sərəncamı ilə Ləki-Qəbələ dəmiryol xəttinin tikintisi üçün vəsait ayrılıb. Sərəncamda qeyd olunur ki, ölkə iqtisadiyyatının neftdən asılılığının azaldılması, digər sahələrdən gələn gəlirlərin artırılması, qeyri-neft sektorunun sürətli inkişafı ölkədə aparılan iqtisadi islahatların əsas istiqamətlərindəndir. Qeyri-neft sektorunun iqtisadi cəhətdən ən sərfəli sahələrindən biri hesab edilən turizmin inkişafı ilə bağlı son illərdə həyata keçirilən tədbirlər nəticəsində bu sahədə ciddi nailiyyətlər əldə edilib, o cümlədən turizm obyektlərinin sayı çoxalıb, xidmət səviyyəsi yüksəlib, yerli əhalinin milli turizmə marağı, eləcə də ölkəyə səfər edən turistlərin sayı xeyli artıb.

Ölkənin əsas turizm mərkəzlərindən olan Qəbələ şəhərinə və əks istiqamətdə dəmir yolu ilə sərnişindaşımaların həyata keçirilməsi üçün Ağdaş rayonu ərazisində yerləşən Ləki stansiyasının yaxınlığından uzunluğu 43 km olan yeni dəmir yolu xəttinin tikintisi turizm infrastrukturunun yaxşılaşdırılmasına və turizm obyektlərinə əlyetərliyin təmin edilməsinə öz töhfəsini verəcək. Bu istiqamətdə işlərin icrasını təmin etmək məqsədilə prezident Ləki-Qəbələ dəmir yolu xəttinin tikintisinin layihə-smeta sənədlərinin hazırlanması, tikinti altına düşən torpaqların özgəninkiləşdirilməsi və tikinti işlərinin aparılması məqsədilə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinə 30 milyon manatın ayrılmasına qərar verib.

Qeyd edək ki, ölkənin turizm mərkəzləri hesab olunan Qəbələ və Qusara dəmiryol xəttinin çəkiləcəyinə dair planlar ötən ildən hazırlanırdı. Bu ilin yanvarında 2017-ci ilin sosial-iqtisadi yekunlarına həsr olunmuş hökumət müşavirəsində prezident hər iki istiqamətə dəmir yolunun çəkilməsi layihələrinin reallaşacağını bəyan etmişdi. İlham Əliyev növbəti illərdə Şahdağ xizək kurortuna da dəmir yolu çəkilişinin planda olduğunu və bu layihənin Bakı-Yalama dəmir yolu ilə uzlaşdırılmasının gərəkdiyini bildirmişdi.

Bu günlərdə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov mətbuata verdiyi açıqlamada  Ağdaş rayonundakı Ləki stansiyasından dönməklə Qəbələ rayonuna çəkiləcək dəmir yolu xətti üçün torpaq məsələsinin artıq həll edildiyini, 20 km-lik torpaq yatağının hazır olduğunu deyib: “Turist axınının artmasını nəzərə alaraq biz gələn il çalışacağıq ki, Bakıdan turistləri Qəbələyə qatarla aparaq. Buna görə, əlavə yeni 11 elektrik qatarı, 3 dizel qatarının alınması vacibdir. İnvestisiya qoyuluşlarında bu məsələnin nəzərə alınması üçün çalışacağıq”.

İqtisadçı-ekspert Pərviz Heydərov ölkədə turizmin və biznesin inkişafı üçün bir sıra addımların atıldığını deyir: “Xüsusilə nəqliyyat infrastrukturunun inkişafına neçə illərdir böyük həcmdə vəsaitlər yatırılır. Bunun bir hədəfi turizmin inkişafı üçün əlverişli şəraitin yaradılmasıdırsa, digər çox mühüm strateji hədəfi Azərbaycanı regional nəqliyyat tranzit qovşağına çevirməkdir. Xatırlayırsınızsa, Bakı-Tiflis-Qars dəmiryol xətti inşa edilərkən onun prespektivsiz olduğunu, Azərbaycana heç bir xeyir gətirməyəcəyini deyənlər çox oldu. Lakin Azərbaycan rəhbərliyi bu layihəni təkidlə dəstəklədi, maliyyələşmə xərclərini Azərbaycan öz üzərinə götürdü. Layihənin başa çatması on il vaxt apardı. Lakin sonradan Ələtdə yeni beynəlxalq dəniz limanının tikintisindən, Cənub istiqamətindəki dəmir yol marşrutlarının işə salınması üçün həyata keçirilən tədbirlərdən sonra məlum oldu ki, Azərbaycan Bakı-Tiflis-Qarsı hansı məqsədlə inşa edirmiş. Yəni bu layihənin strateji bir planın tərkib hissəsi olduğu aydınlaşdı. Bu baxımdan Qəbələyə və Qusara dəmir yolunun çəkilişinin də arxasında strateji məqsədin dayanmasını istisna etmək olmaz”.

Ekspert Azərbaycanın müxtəlif bölgələrində yaradılan hava limanları ilə bağlı vəziyyətin dəmiryolları ilə bağlı da yaranmayacağına ümid edir: “Böyük vəsaitlər hesabına yaradılan hava limanları hələ də tam işlək vəziyyətdə deyil. Buna görə də eyni ərazilərə alternativ nəqliyyat xəttinin çəkilməsi də o zaman uğurlu addım olacaq ki, sərnişin və yükdaşımalarda əhəmiyyətli yer tutsun. Dəmir yolu hava nəqliyyatından daha əlverişli vasitə hesab olunur. Bu baxımdan, onun regionun inkişafı baxımından ciddi nəticələrə səbəb olacağına inam böyükdür”.

P.Heydərova görə, turizm zonalarına dəmir yolunun çəkilməsi müvəqqəti də olsa yeni iş yerlərinin yaradılması baxımından da müsbət  əhəmiyyət kəsb edir: “Layihə uğurlu olarsa, elan edilən iqtisadi perspektivlərə nail olunarsa, bu, sonrakı dövrdə daimi iş yerlərinin yaranmasına gətirib çıxaracaq. Bildiyiniz kimi, avtomobil yollarına qoyulan sərmayələr bəhrəsini verməkdədir. Azərbaycan avtomobil yollarının keyfiyyətinə görə MDB-də birinci yerdədir. Dəmir yolunda da eyni nəticə əldə olunacaqsa, həyata keçiriləcək layihələri uğurlu hesab etmək olacaq”.

Qeyd edək ki, Azərbaycanda dəmiryol sahəsində gözlənilən daha bir mühüm hadisə Bakıdan Gəncəyə sürətli elektrik qatarının işə salınmasıdır. Bununla bağlı danışan C.Qurbanov söyləyib ki, Bakı-Gəncə qatarlarını ilin sonuna qədər istifadəyə verməyə çalışırlar: “Artıq qatarlar Bakıdadır. Qatarlar ikimərtəbəlidir və fərqlənməsi də ondan ibarətdir ki, bu qatarlarda xüsusi VİP və biznes-klasslar var. Həm aşağı səviyyəli klasslarda olan vaqonlar var. Hər vaqonda quraşdırılmış soyuducular mövcuddur. Vaqonların baş tərəfində kiçik də olsa mətbəx formasında yer var. Burada ayaqüstü yeməklərin verilməsi nəzərdə tutulub. Eyni zamanda vaqonlar ”wi-fi" ilə də təmin ediləcək. Bütün insanların rahatlığı üçün komfortlar yaradılacaq. Sürətə gəlincə isə biz artıq 159 kilometr sürəti sınaqdan keçirmişik. Qatarların maksimal sürəti saatda 300 kilometrə qədərdir. Ancaq Azərbaycan dəmiryollarının bugünkü imkanlarına görə biz onu maksimum 160  kilometr/saata qədər sınaqdan keçirə bilərik. Hələ ki yollarımızın kənarları tam bağlanmayıb və ölkənin hər yerində təhlükəsizliklə bağlı işlər görülməyib. Ona görə də sürətin o qədər qaldırılması mümkün deyil. Lakin get-gedə, işlər görüldükcə biz bu sürəti qaldırmağa çalışacağıq".

“Azərbaycan Dəmir Yolları” QSC-dən aldığımız məlumata görə, yaxın günlərdə prezident İ.Əliyevin iştirakı ilə Bakı-Gəncə sürətli qatarının fəaliyyətə başlaması mərasimi keçiriləcək. ("Yeni Müsavat")

Məqalədə : Pərviz Heydərov 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Əli Kərimli həbs olundu - VİDEO

19

Oktyabr
18:54
ÖLKƏ
855

Sabah 26 dərəcəyə qədər isti olacaq

19

Oktyabr
13:17
ÖLKƏ
44

Azərbaycan neftinin qiyməti bahalaşıb

19

Oktyabr
12:03
İQTİSADİYYAT
69

ƏRBƏİN - Aşuranın 40-cı günü

18

Oktyabr
16:27
MƏNƏVİYYAT
280

Eyyyy... Növbədə nə var? - ANALİZ

18

Oktyabr
15:39
ANALİZ
303
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-10-2019 05:39



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru