Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

10 Dekabr

2018
16:47
852
Öz həyatlarını `süpürməyə` çıxan süpürgəçilər...

Son bir il ərzində iş başında avtomobil qəzasına düşmə səbəbilə dünyasını dəyişən süpürgəçi qadınların sayı artıb. Böyük əksəriyyət hadisənin mahiyyətini bilmədən bütün məsuliyyəti yüksək sürətlə əlaqələndirir. Amma müşahidələr göstərir ki, nəqliyyat vasitələrinin çox, hərəkətin intensiv vaxtlarında küçələri süpürən qadınların özləri də laqeydlik, diqqətsizlik nümayiş etdirirlər. Dəfələrlə bir neçə süpürgəçi qadının günün pik saatlarında uzun sapı olan süpürgələrini küçənin ortasında son dərəcə asta hərəkətlərlə sürüyərək keçdiyinin şahidi olmuşuq.

Həm sürücülərin, həm də süpürgəçi qadınların təhlükəsizliyi üçün işin təşkili zamanı vaxt və intensivlik niyə nəzərə alınmır? Məsələn, qonşu Gürcüstanda günün günorta çağı küçə təmizləyən bir adama rast gəlməzsiniz. Küçələr sübh tezdən, təxminən saat 5 radələrində, özü də kişilər tərəfindən təmizlənməyə başlanır. Nə hərəkətə mane olan var, nə də ölümlə burun-buruna gələn... Bizdə isə süpürgəçi qadınlar sanki küçədə öz həyatlarını “süpürməyə” çıxırlar...

Məsələ ilə bağlı Modern.az-a danışan nəqliyyat eksperti Ərşad Hüseynov bildirib ki, ümumilikdə bütün yol-nəqliyyat hadisələri fərdi araşdırılmalıdır:

“Ən elementar hadisələrdə belə, fərdi yanaşılmalıdır. Fərdi qiymətləndirmədə 3 əsas məsələyə diqqət yetirilməlidir:

1. Sürücünün hərəkətlərinin qaydalar çərçivəsində olub-olmaması. Xüsusilə onun yoluna piyada, yaxud digər nəqliyyat vasitəsi çıxanda, avtomobilini saxlamaq imkanın olub-olmaması aydınlaşdırılmalıdır.

2. Avtomobillə vurulan adamın özünün hərəkətinin qaydalar çərçivəsində olub-olmaması və bunun hadisəyə əsas verib-vermədiyi müəyyənləşməlidir. Qəzaya düşən istənilən şəxs ola bilər.

3. Hadisənin səbəb və şərati araşdırılmalıdır. Təəssüf ki, bizim ölkəmizdə bu sxem üzrə kompleks araşdırma aparılmır. Proseslərə “atüstü” qiymət verilir və əksər hallarda təqsir gözlə görünən subyektlər üzərinə qoyulur. Bu hadisələrdə daha çox əziyyət çəkənlər isə sürücülərdir”.

Ə.Hüseynovun sözlərinə görə, araşdırma qeyd olunan şəkildə aparılsa, digər məsuliyyətlilər də ortaya çıxar:

“Ən azından yoldakı işləri o formada, o mahiyyətdə təşkil edənləri də sorğu-sual edərlər ki, “xeyir ola işi bu cür təşkil edirsiz?”.

Adamlar hərəkətin ən gur vaxtında, yolun hərəkət hissəsində niyə iş görməlidir? Deməli, tapşırıq belə verilib. Bəs, bu tapşırığı kim verib, bu da araşdırılmalıdır. Heç bir halda qabaqcadan, subyektiv olaraq hadisəyə qiymət vermək olmaz. Araşdırma qanunauyğun və obyektiv aparılmalıdır.

Hər 3 istiqamət üzrə tam obyektiv həqiqət ortaya qoyulmalı və məhkəmədə hüquqi qiymət verilməlidir.

Əsas məsələ odur ki, gələcəkdə bu kimi halların olmaması üçün hətta təkliflər verilməlidir, ayrıca məhkəmə qərarları olmalıdır. Müvafiq dövlət orqanları problemin aradan qaldırılmasına çalışmalıdır”.

Ekspert hesab edir ki, istənilən halda, süpürgəçi də işini tez bir zamanda bitirmək istəyir:

“Amma nəzərə almaq lazımdır ki, bu işlər o şəraitdə görülməməlidir. Amma təşkilatçılar, onları o saatda, o şəraitdə işləməyə vadar edirlər. Məsələn, işçiyə tapşırır ki, 5 kilometrlik hissəni təmizləsin. Axı insan o yolu təmizləmək üçün səhərdən axşama qədər küçədə qala bilməz. Ona görə də o tapşırığı verənlərdən soruşmaq lazımdır ki, “niyə insanlar o şəraitdə çalışmağa vadar edilir”.

Digər tərəfdən, işçilərin yol hərəkəti qaydaları və təhlükəsizliyilə bağlı məlumatlandırılması nə dərəcədədir? İşə çıxarkən qarşılaşacaqları təhlükədən qaçmaq üçün təlimatlandırılıbmı? Onsuz da insanlarımız yol hərəkəti təhlükəsizliyi və yol hərəkəti qaydaları ilə bağlı kifayət qədər laqeydlik nümayiş etdirirlər.

Mənim fikrimcə, təhlükəli, hərəkətin gur və intensiv olduğu yerlərdə texnika tətbiq edilsə, belə acınacaqlı vəziyyət də yaranmaz. İşin təşkilinin zaman və məkan məsələsi mütləq şəkildə həll olunmalıdır”.

Məqalədə : süpürgəçilər 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Əli Kərimli həbs olundu - VİDEO

19

Oktyabr
18:54
ÖLKƏ
850

Sabah 26 dərəcəyə qədər isti olacaq

19

Oktyabr
13:17
ÖLKƏ
44

Azərbaycan neftinin qiyməti bahalaşıb

19

Oktyabr
12:03
İQTİSADİYYAT
69

ƏRBƏİN - Aşuranın 40-cı günü

18

Oktyabr
16:27
MƏNƏVİYYAT
278

Eyyyy... Növbədə nə var? - ANALİZ

18

Oktyabr
15:39
ANALİZ
303
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-10-2019 04:33



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru