Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

07 Aprel

2016
17:14
15180
700 bal toplayan əsgər ön cəbhədə olmalıdırmı?
Üzeyir Cəfərov: "Hər bir şəhid bizim əzizimizdir, amma 700 bal toplayan Azərbaycanın gələcəyidir"

Aprelin 2-dən bəri doğma Qarabağımızda başlayan müharibə Azərbaycan Ordusunun gücünü bir daha ortaya qoydu. Bu müddət ərzində çoxsaylı zəfərlərimiz, uğurlarımız olsa da, gənc balalarımızın şəhid olması xəbəri hər kəsdə qürur qarışıq kədər hisləri yaşatdı. Bütün xalq şəhidlərin hər birini öz övladı kimi qəbul edərək, onların dəfnində layiqincə iştirak etdilər. Lakin bu şəhidlərdən biri var idi ki, xüsusilə hər kəsin ürəyini ağrıtmışdı. Bu, Naftalan rayonundan hərbi xidmətə çağırılan "N" saylı hərbi hissənin əsgəri Müşfiq Arif oğlu Orucov idi. Tərtərdə gedən döyüşlərdə şəhid olan Müşfiq ailəsinin tək oğlu idi. Düzdür, onun universitetə girərkən 700 bal toplaması barədə də məlumat yayılmışdı, amma sonradan bu məlumat təsdiqini tapmadı və onun 351 balla ATU-ya daxil olduğu ortaya çıxdı.

Maraqlıdır, bəs görəsən, ümumiyyətlə istedadlı gənclərin universiteti bitirdikdən sonra ön cəbhəyə göndərilməsi məsələsi necə həll edilməlidir? 

Məsələ ilə əlaqədar FaktXeber.com hərbi ekspert Üzeyir Cəfərovdan münasibət öyrənib. 

Bütün şəhidlərimizi rəhmətlə anan ekspert, onların hər birinin itkisinin Azərbaycan xalqının qəlbində dərin iz buraxdığını dedi: «Başa düşürəm, müharibədir, nə qədər ki, torpaqlar işğal altındadır, itkilərimiz, yaralananlarımız olacaq. Ancaq biz çalışmalıyıq ki, istedadlı uşaqları qoruyaq, çünki hər bir xalq öz savadı, intellekti ilə tanınır».

Üzeyir bəy bu barədə dəfələrlə məsələ qaldırdıqlarını da dedi: «Amma təəssüflər olsun ki, bu tənzimlənmir. Əlbəttə, əslində komandirlər də bunu həll edə bilər, ancaq qanunvericilik olsa, daha yaxşıdır. Çünki qanun tamam başqa şeydir, qanunvericilik olmayanda, sui-istifadə halları da olur».

Ekspert məsələyə mütləq şəkildə müvafiq qurumların diqqət yetirməli olduğunu bildirdi: «Belə gənclər Azərbaycanımızın sabahı üçün görən gözləri, eşidən qulağı, düşünən beyinləridir. Həm hərbi hissəsi komandirləri, həm müvafiq şəxslər belə uşaqların qorunmasına çalışmalıdır. Mətbuat da bu məsələni gündəmdə saxlamalıdır».

Mühasibimiz tək oğullar məsələsinə də diqqət çəkərək, bu problemi də dəfələrlə gündəmə gətirdiklərini dedi: «Amma təəssüflər olsun ki, bəzi bizi istəməyən adamlar buna fərqli yanaşma sərgilədilər, guya mənim tək oğlum var, ona görə bu məsələni qaldırmışıq. Ancaq şükürlər olsun ki, övladım hərbi xidmətdədir və öz vəzifəsini vicdanla, kişi kimi yerinə yetirir. Bu bəhanə də ortadan götürüldü. Əslində, hər kəs mənim övladımdır. Ona görə deyirəm ki, biz bu məsələlərdə son dərəcə ehtiyatlı olmalıyıq».

Üzeyir Cəfərov bu məsələlərin bəzən emosional şəkildə, bəzən də  narahat bir formada dilə gətirdiklərini, ancaq təəssüflər olsun ki, sonra bu haqda susulduğunu dedi: «Belə olmamalıdır.  Biz bunu sona çatdırmalıyıq ki, gələcəkdə ailələrə belə ağır zərbələr dəyməsin. Mən başa düşürəm ki, torpağı hamımız qorumalı, müdafiə etməliyik. Ancaq ailənin tək oğlunu və cəmiyyətin istedadlı gəncləri itirməsi Azərbaycana, onun gələcəyinə böyük bir zərbə olduğunu anlamalıyıq. Hər halda bu iki məsələ dövlət tərəfindən qanunvericiliyə salınmalı və tənzimlənməlidir».

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru