Xəbər Lenti

Sorğu

Arxiv

İnfografika

18 Noyabr

2016
10:01
730
33 rayona dövlət büdcəsindən pul ayrılmayacaq

Qubad İbadoğlu: “Rayonların heç də hamısı investisiya baxımından cəlbedici deyil”

Ötən gün 2017-ci ilin dövlət büdcəsi haqqında qanun layihəsi ictimaiyyətə təqdim olundu. Bu büdcə layihəsində diqqət çəkən məqamlardan biri də bir çox  rayonlara büdcədən maliyyə ayrılmaması oldu. 

Növbəti ilin büdcə layihəsini dəyərləndirən deputat Vahid Əhmədov “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, əvvəllər 6 rayonun büdcəsi mərkəzləşdirilmiş büdcədən azad idisə, artıq 33 rayona büdcədən vəsait ayırmayacaqlar. Deputat bunu müsbət bir hal adlandıraraq qeyd etdi ki, həmin rayonlar daxili imkanlar hesabına özlərini dolandıracaqlar. Büdcə isə böyük bir yükdən azad olacaq.  

Bəs görəsən, Azərbaycanda rayonların daxili maliyyə imkanları onların illik xərclərinin qarşılanması üçün yetərlidirmi? Rayonların hansı maliyyə mənbələri var və hansı yolla gəlir əldə edə bilərlər? 

İqtisadçı ekspert Qubad İbadoğlu “Yeni Müsavat”a dedi ki, rayonlardakı xərclərin heç də hamısı  rasional deyil və həmin xərclərin optimallaşdırılmasına ehtiyac var: “Bütün Azərbaycanda olduğu kimi orada da əlavə layihələr, kifayət qədər izafi xərclər var. O xərclərin ixtisarını aparmaq lazımdır ki, ən azı büdcənin xərc hissəsi böyük gəlir tələb etməsin. Digər tərəfdən, rayonların maliyyə potensialı da yüksək deyil. Əksinə, xərclərin ixtisarı ilə problemi həll eləmək mümkün deyil. Rayonlara bu günə qədər qoyulmuş investisiyalar əsasən qeyri-kommersiya sahələrində yatırılıb və məhsuldar layihələrə deyil. 

Bu investisiyalar tikinti layihələrinə, parkların, yolların salınmasına xərclənib. Eyni zamanda bu xərclər də şişirdilib və rasional xərclənməyib". 

Qubad İbadoğlu rayonların özünü maliyyələşdirmə imkanlarının da zəif olduğunu diqqətə çatdırdı: “Bizim hesablamalarımız göstərir ki, 2004-cü ildən 2016-cı ilə qədər regionların sosial-iqtisadi inkişafı proqramı çərçivəsində rayonlara 39,5 milyard manat investisiya qoyulub. Bu qədər vəsaitin müqabilində  Azərbaycan rayonlarının özünü maliyyələşdirmək imkanlarının məhdud olması onu deməyə əsas verir ki, həmin milyardlarla manat vəsaitlər səmərəli istifadə olunmayıb. Həmçinin həmin vəsaitlər iqtisadiyyat üçün çox önəmli olan əlavə dəyər yaratmayıb. Əlavə dəyər yaratmayan sahələrə qoyulan vəsaitlərdən sonradan hər hansı gəlir əldə etmək mümkün deyil. Məhz bu səbəbdən rayon büdcələri, eləcə də dövlət büdcələri gündən-günə ixtisar olunur”. 

İqtisadçının sözlərinə görə, bu məsələdə rayonlara individual qaydada yanaşmaq lazımdır: “Rayonlarda həm inzibati baxımdan, həm  maliyyə baxımından o müstəqillik yoxdur ki, xaricdən investisiya cəlb edə bilsin. Regionların müstəqilliyi olmalıdır ki, onlar bu prosesə müstəqil şəkildə qoşulsunlar və investisiya əməkdaşlığında bərabərhüquqlu tərəflər kimi iştirak etsinlər. O baxımdan, rayonların imkanları çox zəif görünür. Ümumiyyətlə, regionların  heç də hamısı investisiya baxımından cəlbedici deyil. Bəzi rayonların investisiya cəlb edəcək sektorları məhduddur. O baxımdan, burada hər rayona ayrıca yanaşmaq lazımdır. Elə rayon var ki, oranın  daxili potensialından istifadə edib investisiya cəlb etmək mümkündür. Belə rayonlara individual qaydada yanaşmaq olar. Bir çox rayonların xarici investisiya cəlb etmək potensialı var , sadəcə, ondan istifadə imkanları yetərincə deyil. Ölkədəki və regiondakı iqtisadi vəziyyətində bu investisiya cəlb etmək imkanlarına təsir imkanları mövcuddur”. 

Orphus system Mətndə orfoqrafik səhv aşkar etdinizsə, həmin hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com