"Turan" agentliyi "Yeni Müsavat"ın yaydığı məlumat haqda araşdırma aparıb
28-07-2010 / 10:35
“Turan” agentliyi nazirlərdən birinin xanımının öz sevgilisi ilə qaçması barədə “Yeni Müsavat”ın dünən yaydığı məlumatla bağlı araşdırma aparıb. Qeyd edək ki, “Azadlıq” qəzeti də dünənki sayında buna bənzər bir məlumat yayıb. Amma həmin məlumatda nazirlərdən birinin xanımının oğurlandığı bildirilir. Lakin Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən “Turan”a verilən açıqlamada hansısa dövlət məmurunun ailə üzvünün oğurlanması xəbəri təkzib olunub.
DİN-in mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov agentliyə bildirib ki, son günlər Azərbaycanda hansısa şəxsin, o cümlədən dövlət məmurunun ailə üzvünün oğurlanması ilə bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə nə rəsmi, nə də qeyri-rəsmi məlumat daxil olub.
Agentliyin yaydığı məlumata görə, nazirlərdən birinin xanımının fitness məşqçisi ilə qaçması barədə “Turan”a da srağagün məlumat daxil olub. Agentliyə həmin nazirin adı da açıqlanıb. “Turan”ın bununla bağlı məlumatında deyilir: “Bunun incə məsələ olduğunu nəzərə alaraq, adları açıqlamırıq. Eyni zamanda həmin nazirliyin mətbuat xidməti və yüksək vəzifəli əməkdaşları nazirin xanımının qaçması barədə məlumatı qəti şəkildə təkzib ediblər. Nazirliyin əməkdaşlarından biri ”Turan"a deyib ki, bu, yalan, iftira və böhtandan başqa bir şey deyil. Belə şayiələri yayanlar Azərbaycanın düşmənlərinə xidmət edənlərdir".
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.