Özəl sağlamlıq mərkəzində başlayan yasaq eşq Avropada bitib
27-07-2010
“Ölkənin önəmli nazirlərindən birinin arvadı özünün idman məşqçisinə qoşularaq qaçıb. Həmin məşqçi nazir xanımına özəl elit sağlamlıq mərkəzlərinin birində təlim verirmiş. Bu proses zamanı arada ”elektriklənmə" yaranıb, daha sonra da qoşulub-qaçma kimi biabırçı bir olay baş verib". Bu məlumatı redaksiyamıza hakimiyyət düşərgəsindəki mənbələrdən biri verib. Qəzetimiz məlumatın səhihliyinə əmindir, bunun üçün də bu xəbəri dərc edir. Əlimizdə təfsilatlar da var - nazirin kimliyini, özəl sağlamlıq mərkəzinin harada yerləşməsini və idman müəllimi ilə nazir arvadının hansı ölkəyə getmələrini də bilirik.
Dünən müxbirimiz bu xəbəri işləyərkən bir neçə mənbədən də təsdiq alıb. Sadəcə baş verən hadisə ailə məsələsi olduğundan nazirin kimliyini açıqlamırıq. Lakin nazirin ictimai xadim olduğunu nəzərə alıb belə bir hadisənin baş verməsini ictimaiyyətin diqqətinə çatdırmağı lazım bilirik.
Xəbərin süjetində göstərilir ki, nazir arvadı həftənin bir neçə gününü trenajor zalına məşqə gedirmiş. Orada çalışan məşqçi nazir arvadına bədən tərbiyəsinin özəlliklərini öyrədirmiş. Məşqçi ilə nazir arvadının münasibətləri bununla məhdudlaşmayıb. Məşqlərdən sonra da mütəmadi olaraq bahalı restoranlarda görüşən tərəflər sonda birdəfəlik birgə yaşamağa qərar veriblər. Bir neçə gün əvvəl nazirin arvadı əlinə keçən nə vardısa götürərək idman müəllimi ilə Avropa dövlətlərindən birinə üz tutublar. Mənbələrdən biri nazirin ailə münasibətlərindən xəbərdar olanların ona “podkabluçnik” (ruslar kişinin arvaddan çəkinməsini, onun bir sözünü iki etməyə cürət etmədiyini bildirmək üçün bu ifadədən istifadə edirlər-red.) ləqəbi verdiklərini də bildirib.
Xatırladaq ki, məmurlarımızdan bir neçəsinin həyat yoldaşı indi nazir arvadının atdığı addımı hələ illər əvvəl atıb. Onların arasında bir nazirin xanımı da olub (hadisə çoxdan olub - az qala unudulub. Lakin həmin nazir hələ də öz postundadır-red.); polis rəisi, prokuror arvadları da bu sıranı bəzəyir. Nazirin arvadı özəl məşqçisi ilə qaçmaqla bu günə kimi məlum olan qaçışlardan fərqlənib. Çünki polis rəisi və prokuror arvadının qaçışları ilə bağlı məlumatlarda onların sürücüyə qoşulub ailələrini tərk etdikləri bildirilirdi.
Bu olaydan dövlət ərkanının xəbərdar olduğu da gələn xəbərlərin arasındadır: “Belə görünür, nazirin taleyi həll olunub. Belə birisini bu cür önəmli postda saxlamazlar. Lakin indi zərərçəkən nazir ölkə üçün elə bir təmsili mövqe tutur ki, işdən çıxarılması Azərbaycanı zədələyə bilər. Bu səbəbdən böyük ehtimalla onu nisbətən sakit bir vaxtda, həm də başqa bir bəhanə ilə işdən uzaqlaşdıracaqlar”.
Xəbərə dair hökumətimizin düzəliş, əlavə, təkzib və şərhlərini də dərc etməyə hazırıq./Yeni Müsavat
Nərgiz Nağıyeva: "İqbal Ağazadə həmişə böyük iddialarla yaşayan və böyük vədlər verib yanlış düşüncə sahibi olan biridir. Bu qədər ciddi işlərə qeyri-ciddi yanaşan adam yalnız cılız düşüncəyə sahib olan biridir"