Abituriyentlərin ixtisas seçimində problem yaranıb
Narazı abituriyentlər və valideynlər TQDK-ya üz tutub
26-07-2010
Azərbaycanın ali məktəblərinə qəbul imtahanları başa çatsa da, bəzi məzunların ixtisas seçimində problem yaranıb. ANS PRESS-in məlumatına görə, bu səbəbdən bu gün 60-a yaxın abituriyent və valideyn Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) qarşısına toplaşıb. Şikayətçilərin sözlərinə görə, abituriyentlər onlara verilən ixtisas kodu ilə TQDK-nın rəsmi saytında ixtisas seçimi edə bilmirlər. Belə ki, "Abituriyentin elektron ərizəsi"nə "Abituriyent" jurnalındakı ixtisas kodlarını daxil etsələr də, onlara kodların düzgün olmadığı barədə xəbərdarlıq edilir.
“Bu gün səhərdən TQDK-nın qabağında dayanmışıq. Nə qədər edirik bizi içəri buraxmırlar. Oğlum bütün kodları "Abuturiyent" jurnalından götürsə də, internetdə bütün kodların səhv olduğu göstərilir. Komissiyanın qabağında da böyük növbə var. Bilmirik, nə edək?”, deyə TQDK-ya şikayətə gələn Qurban Babayev bildirib.
TQDK-nın mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə ANS PRESS-ə açıqlamasında problemin texniki səhv olduğunu bildirdi. Bu gün saat 16:00-a qədər problemin həll olunacağını qeyd edən Elnur Nağızadə itirilmiş vaxtın hesablanmayacağını vurğuladı.
Qeyd edək ki, müsabiqədə iştirak etmək üçün qoyulan tələbləri ödəyən abituriyentlər iyulun 25-dən avqustun 2-dək "Abituriyentin elektron ərizəsi"ndə ixtisasları seçib təsdiq etməlidirlər.
Nərgiz Nağıyeva: "İqbal Ağazadə həmişə böyük iddialarla yaşayan və böyük vədlər verib yanlış düşüncə sahibi olan biridir. Bu qədər ciddi işlərə qeyri-ciddi yanaşan adam yalnız cılız düşüncəyə sahib olan biridir"