Kürd terror təşkilatının Belçika üzrə səlahiyyətli şəxsi olan Sezayi Uçar xüsusi əməliyyat zamanı həbs edilib; Emil Uçarsa himayə altındadır
10-03-2010
Avropanın bir neçə ölkəsində eyni vaxtda həyata keçirilən və davam etməkdə olan əməliyyatlar zamanı PKK-nın Belçika üzrə səlahiyyətli şəxsi də daxil olmaqla, terror təşkilatının bir neçə yüksək rütbəli üzvü həbs edilib. Türkiyə mətbuatının xəbərlərinə görə, PKK-nın Belçikadakı fəaliyyətinə rəhbərlik edən Sezayi Uçar martın 8-də yerli antiterror polisinin liman şəhəri Antverpen şəhərində saxlanılıb. Bundan əvvəl isə Almaniyada PKK-nın İran qolu olan PJAK-nın siyasi qanadının rəhbəri Hacı Əhmədi, PKK-nın Avropadakı siyasi uzantısının liderlərindən Rəmzi Kartal və Zübeyir Aydar həbs edilmişdilər.
Əməliyyatlar zamanı PKK-nın yayım orqanı olan “Roj TV”-nin də studiyası bağlanmışdı. Saxlanılanlara qarşı silahlı terror təşkilatına üzv olmaq barədə rəsmi ittiham irəli sürülüb, onların məhkəməyə çıxarılacaqları bildirilirdi. Adıçəkilən şəxslərin hamısı Türkiyə və İran tərəfindən beynəlxalq axtarışa verilib. Məsələnin xeyli ilginc tərəfi isə budur ki, PKK-nın həbs edilən Belçika sorumlusu Naxçıvanda iş quran kürd əsilli türkiyəli iş adamı Emil Uçarın qardaşıdır. Mətbuat Emil Uçarın Naxçıvandakı biznesi və onun Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbovla ortaq olması barədə uzun müddətdir yazır. Emil Uçar Naxçıvanda “Gəmiqaya” şirkətinin əsl sahibi kimi tanınır, onun “Uçar İnşaat” adlı tikinti şirkəti və bankı da var. Bu şəxsin PKK-ya bağlı olması dəfələrlə Türkiyə qaynaqlarında da doğrulanıb. Həmçinin onun yaxın qohumlarının PKK sıralarında döyüşməsi və terror təşkilatının fəaliyyətlərinə başqa formada dəstək verməsi barədə də Türkiyə qaynaqlarında məlumatlar gedib.
Xəbərlərə görə, məhz Emil Uçarın dəstəyi ilə Türkiyədən PKK tərəfdarları olduğu güman edilən xeyli kürd Naxçıvan bölgəsində yerləşib. Onun həbs edilməsi, Naxçıvandan çıxarılması kimi ayrı-ayrı vaxtlarda məlumatlar da yayılıb. İddialara görə, Emil Uçar Türkiyə hüquq-mühafizə orqanlarının Azərbaycanda həbs edilməsini istədiyi şəxslər arasında yer alır.
Sezayi Uçar isə PKK-nın fəaliyyətinin ən güclü olduğu ölkələrdən birində - Belçikada bu terror təşkilatının yerli özəyinə başçılıq etməklə yanaşı, uzun müddət Brüsseldə və digər şəhərlərdə türk sahibkarlarının iş yerlərinə hücumlar, Türkiyə bayraqlarının yandırılması, Türkiyə əleyhinə nümayişlər kimi aksiyaların baş təşkilatçısı olub. Onun eyni zamanda PKK-nın əsas gəlir qaynaqlarından olan narkotik ticarətinə də rəhbərlik etdiyi deyilir. Sezayi Uçar İnterpol xətti ilə Türkiyə tərəfindən də axtarılırdı./Yeni Müsavat
Xaliq Bahadır: "Bu birliklə bağlı fikrimi səsləndirəndən sonra mənə qarşı kampaniya başlayıb. Yüz yerdən üstümə tökülürlər, mənə damğa vururlar. Bizdə demokratik prinsiplər bu cürdür. Alternativ düşüncədən çıxış etmək olmaz. Fürerlər belə deyirlərsə, belə də olmalıdır"