Türkiyənin ABŞ-a qarşı atacağı addımlar yaxında açıqlanacaq
Bu barədə Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu açıqlama verib
09-03-2010
Birləmiş Ştatlar Konqresinin qondarma erməni soyqırımı ilə bağlı yaratdığı gərginlik davam etməkdədir. Türkiyə xarici işlər naziri Əhməd Davudoğlu ölkəsinin diplomatik qalmaqala səbəb olan bu insidentlə bağlı rəsmi Ankaranın atacağı addımları yaxın günlərdə dünya ictimayyətinə açıqlayacağını bəyan edib.
“Bu müddət ərzində biz həm sülhsevər münasibətlərimizi mühafizə edəcəyik, həm də Türkiyənin heç bir zaman geri çəkilmədiyi məsələlərdə təzyiqlərə sinə gərərək mövqeyimizdə dayanacağıq. Ümid edirik ki, bu məsələ ilə bağlı ünsiyyətdə olduğumuz şəxslər lazımi ismarıcı alıblar”, - deyə Əhməd Davudoğlu bildirib.
Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Birləşmiş Ştatların Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin qondarma erməni soyqırımı ilə bağlı qəbul etdiyi qərardan sonra Ankaraya çağırılan Türkiyə səfiri Namiq Tanla geniş müzakirə aparıb. Səfir rəsmi Ankaranın bundan sonra atacağı addımlarla bağlı məlumatlandırılıb.
Türkiyənin bundan sonra Birləşmiş Ştatlarla əlaqədar hansı addımları atacağı məsələsinə baş nazir Rəcəb Tayyib Ərdoğan da toxunub. O, Səudiyyə Ərəbistanına səfər etməzdən öncə keçirdiyi mətbuat konfransında, atılacaq addımların nədən ibarət olacağını açıqlamasa da, bəyan edib ki, qarşı tərəf istənilən halda cavabını alacaq.
“Bu mövzuda hansısa yol xəritəsi və ya başqa bir şey müzakirə mövzusu deyil. Amma digər ölkələr gündəmindəki mövzuları necə qiymətləndirirsə, biz də elə addım atırıq və atacağıq. Əlbəttə bizə qarşı atılan bu addımın cavabı var və olacaq”, - deyə Ərdoğan söyləyib.
Bu ərəfədə Türkiyənin “Sabah” qəzetində dərc olunan məqalədə Türkiyənin ABŞ-a qarşı cavab olaraq hansı addımları atacağı barədə məlumat verilir. Məqalədə qeyd olunur ki, ilk olaraq türkiyəli rəsmilərin yaxın iki ay ərzində Birləşmiş Ştatlara nəzərdə tutulan səfərləri təxirə salınacaq. Buraya baş nazir Ərdoğanın aprelin 11-i Vaşinqtonda öz işinə başlayacaq nüvə təhlükəsizliyi konfransında iştirak etmək üçün bu ölkəyə gözlənilən səfəri də daxildir. İqtisadi sahədə isə rəsmi Vaşinqtonla aviasiya avadanlıqları, dəzgahlar, kimya məhsulları, yeyinti sənayesi və aqrar məhsulların alqı-satqısı ilə bağlı müqavilələrə yenidən baxılacaq. Hazırda Birləşmiş Ştatların iri hərbi-texniki şirkətlərinin yaranmış vəziyyətin xüsusilə hərbi sahədə əlaqələrə zərbə vurmaması üçün Türkiyə ilə ciddi müzakirələr apardığı bildirilir. Qəzet iddia edir ki, Türkiyə hökumətinin gündəmində hətta ABŞ-la müqayisədə Rusiya ilə əlaqələri daha da genişləndirmək də durur. ans
Xaliq Bahadır: "Bu birliklə bağlı fikrimi səsləndirəndən sonra mənə qarşı kampaniya başlayıb. Yüz yerdən üstümə tökülürlər, mənə damğa vururlar. Bizdə demokratik prinsiplər bu cürdür. Alternativ düşüncədən çıxış etmək olmaz. Fürerlər belə deyirlərsə, belə də olmalıdır"