Bir müddət öncə ölkədə hər növ dini ədəbiyyatların satışına qadağa qoyuldu. Qurani-Kərim, Şəriət kitabları, hədislər və Məhəmməd peyğəmbərin həyatına dair kitablar metroda və keçidlərdə fəaliyyət göstərən mağazalardan yığışdırıldı. Qadağanın üstündən bir müddət keçməsinə baxmayaraq, gedib köşklərdə və kitab mağazalarında monitorinq aparmaq qərarına gəldik. Satıcılar və köşk sahibləri ilə söhbətdən məlum oldu ki, göstərişin kim tərəfindən verildiyini bilmirlər. Onların dediklərinə görə, artıq bir neçə ildir İmamların şəkilləri, dini suvenirlər, təqvim və digər əşyaların satışına qadağa qoyulub. Ərazinin aid olduğu müəssisələrdən dinə aid nə varsa satışdan çıxarılması barədə göstərişlər verilib. Metrostansiyalarda satıcılar bildirdilər ki, metropolitenin rəisi Tağı Əhmədov göstəriş verib ki, metroda dini kitablar satılmasın.
Xatırladaq ki, 1 il öncəyədək metro girişlərində təkcə Qurani-Kərim, İncil, Tövrat deyil, eyni zamanda ölkədə fəaliyyət göstərən dini təriqətlər tərəfindən nəşr edilən ədəbiyyatlar da satılırdı. Missionerlər üçün metro xüsusilə əlverişli fəaliyyət zonası hesab olunurdu. Bu ədəbiyyatların satışı daha çox səyyar şəkildə həyata keçirilirdi. Metronun “Gənclik” stansiyasındakı qəzet və kitab köşklərində dini ədəbiyyatın satılıb-satılmaması ilə maraqlandıq. Yaxınlaşdığımız ilk dükanın satıcısı, ümumiyyətlə, dini ədəbiyyatın satışını dayandırdıqlarını söylədi. Digərində isə vitrində olmasa da, satışda Quran var idi. Belə ki, metropoliten rəhbərliyinin qadağasından sonra səmavi kitabı açıq şəkildə satmaqdan çəkinən satıcılar müqəddəs kitabı piştaxtanın altında gizlətmək məcburiyyətində qalıblar. Bizim dini kitablarla maraqlandığımızı görən bir nəfər söhbətə müdaxilə edərək bildirdi ki, o, dini kitabların harada satılmasını bizə deyə bilər. Həmin şəxslə birlikdə metronun “Gənclik” stansiyasına qalxdıq. Adının Rəşad olduğunu deyən şəxs bizə dindən danışmağa başladı. Bildirdi ki, onunla getsək, bizə əsl Allahı tanıdacaq.
“Siz əsl Allahı bizimlə tapacaqsınız”
Naməlum ünvana yola düşərkən (sonradan bildik ki, getdiyimiz yer Həsən Əliyev küçəsində, Ukrayna səfirliyinin arxasında yerləşir - T.T.-Ş.N.) Rəşad adlı şəxs bizə öz ideyalarını təbliğ etməyə çalışırdı. Onun dediyinə görə, “Qurani-Kərim”də yazılan hər şey boşdur: “Qurani-Kərim” insanları səhv yönləndirir. O kitab sizi uçuruma aparır. İsaya dua etmək üçün heç bir yaş məhdudiyyəti yoxdur. Mən balaca oğlumla gedirəm. Oraya gələn insanların çoxu öz uşaqları ilə gəlirlər. Əslində bizim dinimiz xristian dinidir. Amma biz dinlə Allahı axtara bilmərik. Ağıllı adamlar nəyin doğru, nəyin yanlış olduğunu yaxşı başa düşür. Mən sizə ən xırda bir detal göstərim: Quran deyir ki, oğrunun əlini kəsmək lazımdır. Amma oğrunun əlini kəsməklə ondan o ad götürülmür. İncildə isə deyilir ki, qardaşını bağışla. Əgər sən onu bağışlaya bilmirsənsə sən necə dinə inana bilərsən?! Oğurluq üçün əl kəsmək insanı xilas eləmir. Deyirlər ki, Quran insanı bütün yüklərdən qurtarır, amma Quran özü ən böyük yükdür. Çünki insanın qarşısında bir çox tələblər qoyur. Məhəmməd peyğəmbərin ilahiləşdirilməsi insanların ən böyük səhvidir”.
“İsa Allahdır”
Rəşad adlı yahovalı bizə bildirdi ki, biz yalnız İsaya ibadət etməliyik. Onun etdiyi təbliğat çox təsiredici idi: “İsa Allahın kəlamıdır. Deməli İsa elə Allahın Özüdür. İncil və İsa hər zaman bizimlədir. İsa da Allahdan yarandı və Allah oldu. Hansı insan İsaya yaxınlaşmaq və ondan nəsə istəyirsə sadəcə bunu qəlbdən istəməlidir. İsa onunla danışacaq və ona istədiyi hər şeyi verəcək”.
“Dua evi” adlı əyləncə mərkəzi
Rəşad adlı təbliğatçını dinləsək də, hələ onların hansı cərəyana xidmət etdiyini bilmirdik. Ancaq bayaqdan bəri sözügedən ünvana – “Dua evi”nə çatanda məsələ bizim üçün aydın oldu. İçəri daxil olanda musiqi səsləri ilə adamların əyləndiklərinin şahidi olduq. Məsələdən belə başa düşdük ki, adamları bura çəkən əyləncədir. Rəşad bizi bir qadınla tanış edərək ondan xahiş etdi ki, bizi aparsın xanımların sırasına. Burada bütün yaş həddinə aid şəxsləri görmək olardı. Qocadan tutmuş, 1 aylıq uşağa qədər. Biz ətrafımızda olan xanımlarla onların məqsəd və məramların öyrəndik. Aysel adlı 17 yaşlı qız bildirdi ki, onun Allahı İsadır: “Mənim 17 yaşım var. 8 ildir bu yerə gəlib-gedirəm. Dincliyi, sakitliyi burada tapıram. Anam da əvvəllər bura gələrdi. Anam öldü, atam ikinci dəfə evləndi. Onun stressini atmaq üçün sakitliyi, mənəvi rahatlığı burada tapdım. O danışan yepiskop (İsanın Allah olduğunu təbliğ edən şəxsi göstərir - T.T) mənə öz atamdan da yaxın olub. Biz əslən Ağcabədi rayonundanıq. Yəni əsl azərbaycanlıyıq. Ancaq İslama, peyğəmbərə, Qurana inanmıram”.
“Dua evi”ndə məktəb
Orda olarkən öyrəndik ki, “Dua evi”ndə kurslar da fəaliyyət göstərir. Binanın ikinci qatında Lalə adlı qadın az yaşlı azərbaycanlı uşaqlara dərs keçir. Cocuqlara əsasən xüsusi ədəbiyyatlar vasitəsilə xristianlıq təbliğ olunur. Tədbir saat 12:00-da başlayır, 16:00-da başa çatır.
“İsa məni Yepiskop təyin etdi”
Mikrofonla insanları səsləyən Sarı adlı yepiskop İsanın yerdəki nümayəndəsi olduğunu durmadan deyirdi. Bu sözləri deyəndə adamlar göz yaşlarını tuta bilmirdilər. O iddia edirdi ki, İsa həmin an onların məclisində zühur edib. Kimin nə diləyi varsa İsadan istəyə biləcəyini də dedi. Bu an hər kəs diz çökərək ağlamağa başladı: “İsa əzəmətlidir, o həm də layiqdir. O, bütün Allahlardan daha rəhimlidir. Bütün ölkə xalqlarının Allahları bütlərdir. Lakin göyləri yaradan İsadır. Ehkam və ədalət hüzurundadır”.
Körpəyə yepiskop xeyir-duası
Yepiskop danışarkən ortama bir körpə gələcəyini dedi. O bildirdi ki, bu körpə yeni doğulub və indi ona xeyir-dua verəcək. Xeyir-duadan sonra körpənin şirinliyi hər kəsə paylandı.
Bundan əlavə, zalda bir neçə azyaşlı körpələr var idi. Analarına uşaqları bu cür yerlərə niyə gətirdiklərini
İsadan gələn “hədiyyələr”
Burada iştirak edən bütün xanımların əllərində kiçik qutularda hədiyyələr gördük. Onlar bildirdilər ki, bu, İsanın onlara göndərdiyi hədiyyələrdir. Hesab edirlər ki, bu hədiyyələr onlara xeyir gətirəcək. Qeyd edək ki, burada iştirak edənlərin hamısı azərbaycanlıdır.
***
Müxbirlərimizin təsadüf nəticəsində aşkarladığı bu fakt olduqca heyrətamizdir. Bakının mərkəzi yerlərindən birində İslam, Quran-Kərim və peyğəmbərimiz əleyhinə açıq-aşkar əks-təbliğat aparılır, azərbaycanlı gəncləri öz dinlərindən uzaqlaşdırırlar, amma rəsmi qurumların bundan xəbəri yoxdur. Ya da xəbərləri var, sadəcə olaraq hansısa səbəbdən fakta göz yumurlar.
Əməkdaşlarımızın aşkarladığı “Dua evi” adlandırılan bu məkan milli təhlükəsizliyimizə böyük bir təhdid yuvasıdır. “Dua evi”, xristianlıq təbliği adı altında xarici kəşfiyyat orqanlarının Azərbaycan əleyhinə hansısa təhlükəli işlər görə biləcəkləri gözardı edilməməlidir. İnanırıq ki, DİN, MTN və digər orqanlar bu yazıdan sonra hərəkətə keçəcəklər.
Və sonda bir məqamı qeyd etmək yerinə düşərdi. Son illər Bakıda və ölkənin əksər bölgələrində dövlət səviyyəsində İslam dininə qarşı aparılan məlum işlər, məscidlərin bağlanması, sökülməsi, müsəlman dindarların təqib edilməsi, döyülməsi fonunda xristianlığın bu şəkildə təbliği ortaya müəyyən suallar və şübhələr çıxarır.
Bazar günü olduğundan məsələyə rəsmi münasibət öyrənmək mümkün olmadı. Musavat
Mövzunu diqqətdə saxlayacağıq
