Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CXP) sədri Dəniz Baykal Ermənistanla imzalanan Protokolların Türkiyə Böyük Millət Məclisindən (TBMM) geri çəkilməsini tələb edir.
06-03-2010
ABŞ Konqresi Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində qondarma “erməni soyqırımı” ilə bağlı qətnamə qəbul olunmasına münasibət bildirən CXP sədri “bu haqsızlığa cavab kimi, ilk olaraq protokol gündəmdən çıxarılmalıdır” deyib.
FaktXeberin Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, D. Baykal bildirib ki, Türkiyə iqtidarı Ermənistanla protokol imzalamaq vasitəsi ilə ABŞ-ı “erməni soyqırımı” iddiaları ilə bağlı mövqeyində yumşalda biləcəyində ümid edirdi: “Bu ümidlərin doğrulmadığı ortaya çıxıb. Bu protokolların imzalanmasının Türkiyə ilə ABŞ arasında “soyqırım” müzakirələrinin aradan qalxması, Türkiyə ilə Ermənistan arasındakı münasibətlərin dost çərçivəsinə gəlməsi, Ermənistanla Azərbaycan arasındakı münasibətlərin sülh yoluna qoyulması baxımından heç bir faydası olmayıb”.
Daha sonra o, Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal etdiyi xatırladaraq, Türkiyənin Ermənistanla protokol imzalamasının doğru olmadığını deyib: “Bu işğal ortaya çıxanda Türkiyə 1993-cü ildə Ermənistanla sərhədlərini bağladı. Sərhədlər 16 il qapalı qaldı. Amma 2009-cu ildə böyük dövlətlər Türkiyə hökumətinə “Ermənistanla sərhədlər aç” dedilər. Təzyiqlər nəticəsində Türkiyə hökuməti ötən il İsveçrədə Ermənistanla protokolları imzalamaq məcburiyyətində qaldı. Biz o zaman hökumətdən heç bir halda protokollara imza atmamağı tələb etdik. Bizi dinləmədilər. Amma son günlər ABŞ Konqresi Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində yaşananlar ortaya qoydu ki, Ermənistan Azərbaycan torpaqlarında işğala son vermədiyi halda sərhədləri açmağı vəd edən protokolları imzalamağımız ABŞ-ı belə, qane etməyib. Belə olan halda Türkiyə hökuməti “nə edim?” deyə düşünür. Sən dərhal protokolları Məclisdən geri götür. “İmzadan geri çəkilirəm de””.
Xaliq Bahadır: "Bu birliklə bağlı fikrimi səsləndirəndən sonra mənə qarşı kampaniya başlayıb. Yüz yerdən üstümə tökülürlər, mənə damğa vururlar. Bizdə demokratik prinsiplər bu cürdür. Alternativ düşüncədən çıxış etmək olmaz. Fürerlər belə deyirlərsə, belə də olmalıdır"