Fevralın 27-də ölkə başçısı İlham Əliyev Qəbələyə səfər etmişdi. O, rayonda bir neçə yeni müəssisənin açılışına qatılmışdı. Onların arasında fövqəladə hallar naziri Kəmaləddin Heydərovun “Gilan” holdinqinə məxsus iki yeni fabrik də var idi. Prezident rayonun mərkəzində inşa olunan “Gilan” Piano Fabrikinin və Qəbələ Konserv Zavodunun “Jalə” soyuducu anbarının açılışında iştirak etmişdi. Dünən biz də prezidentin izi ilə Qəbələ rayonunda olduq. Dedik, görək onun görmədiyi nələri görə biləcəyik bu bölgədə.
“Kamalındır, Kamalın”
Bakıdan Qəbələyə üç saatlıq yoldur. Şamaxı və İsmayıllını arxada qoyub Qəbələyə çatırıq. Rayon mərkəzi olduqca kiçikdir. Rayondaxili marşrut işləmir. Taksilər isə hərdənbir gözə dəyir. Taksiyə minib rayon mərkəzini bir az gəzirik. Prezidentin gəlişinə görə yollar asfaltlanıb, hər küçədə bayraqlar asılıb. Qəbələnin artıq simvoluna çevrilən “Gilan” holdinqin reklam afişaları isə hər yerdə gözə girir.
Taksi sürücüsü Əhliman kişi deyir ki, biz qəbələlilər bəzən zarafatla Qəbələyə Gilan rayonu deyirik. O deyir ki, rayonda “Gilan” holdinqin onlarla zavod və müəssisəsi var. “Zavodların sahibi kimdir” sualımıza isə Əhliman kişinin cavabı bu cür olur: “Kamalındır, Kamalın. Fövqəladə hallar naziri var ha, bax, onun. Təzəliklə də iki fabrik açdı. Piano istehsal edəcəklər”.
Yeni açılan piano fabrikinə gedirik. “Gilan” şirkətlər qrupuna daxil olan bu fabrik rayon mərkəzinə yaxın ərazidə yerləşir. Fabrik inzibati binadan və istehsal sahəsindən ibarətdir. Pianolar sexlərdə yığılaraq xüsusi avadanlıqla təchiz olunmuş 6 otaqda köklənir və saxlanır. Fabrikdə ildə 1200-1500 piano istehsal ediləcək. Hazırda burada 120 nəfər çalışır. Müəssisə tam gücü ilə işləməyə başlayandan sonra işçilərin sayı 350-yə çatdırılacaq. Fabrikin 150 nəfərlik yeməkxanası, sərgi salonu və yataqxanası var.
Biz orada olarkən da fabrikə yeni işçilərin götürüldüyünü gördük. Söhbət zamanı öyrəndik ki, fabrikdə işləmək istəyənlərin çoxu ətraf rayonlardan gələnlərdir. Onlardan biri bunun səbəbini bu cür açıqladı: “Qəbələdə onlarla zavod-fabrik var. Cavanlı-qocalı hamı işlə təmin olunub. Qəbələdə küçədə avara-avara gəzən adama rast gələ bilməzsiniz. Çünki hamının işi-gücü var. Mən İsmayıllıdanam. Bizdə vəziyyət çox pisdir. Camaat çörək dalınca Rusiyaya getməli olur”.


Buradan ayrılıb “Jalə” şirələri zavoduna və onun təzəcə istifadəyə verilən anbarına baş çəkirik. Hər iki zavodun yerləşdiyi yerə qəbələlilər “Jalə küçəsi” adını qoyub. Çünki burada avtobus dayanacağına kimi hər şey “Jalə” şirəsinin qutusu kimi düzəldilib.
“Tikintisi 2008-2009-cu illərdə həyata keçirilmiş anbarın ümumi sahəsi 7800 kvadratmetrdir. Üç hektar ərazini əhatə edən anbarda 5 min ton meyvə-tərəvəz məhsulları saxlamaq mümkündür. İtaliya istehsalı olan avadanlığın quraşdırıldığı anbarda məhsulların saxlanması xüsusi texnologiya ilə həyata keçirilir. Soyutma sistemi dispetçer məntəqəsindən idarə olunur və anbarlara yığılan məhsulun xarab olmaması üçün xüsusi nəmləndirici proses həyata keçirilir. Hazırda anbarda 50 nəfər işlə təmin olunub”.
Bu məlumatı biz zavodun girişində yazılan lövhədən oxuyuruq.
“Fövqəlnazir” fermasında donuz saxlayır
Buradan ayrılıb “Gilan” şirkətlərinə daxil olan müəssisələrdən birinə, daha doğrusu, bir fermaya baş çəkirik. Dağın ətəyində, ucsuz-bucaqsız çöllərdə saysız-hesabsız qoyun və mal-qaranın otladığını görürük. Adətən sürüyə çobanların atlarla nəzarət etdiklərini görmüşük. Burada isə çobanlar sürülərini üzərində “Gilan” yazılan “Niva” markalı maşınlarla otarırlar.
Bələdçimiz bizə deyir ki, fermada hətta donuz da saxlanılır. İki hissədən ibarət olan ferma təxminən 80 hektara yaxın ərazidə yerləşir. Heyvanlardan sağılan süd “Jalə” süd məhsulları zavodunda emal olunur. Kəsilən donuz ətləri isə daha çox Rusiyaya ixrac olunur. Fotokameramı çıxarıb bu mənzərəni çəkmək istəyirəm. Amma fermanı mühafizə edən polislərə tutuluruq. Mühafizə polisi fotokameranı məndən tələb edir. Vəziyyətin pisləşdiyini görüb başlayıram kiçik bir oyun oynamağa.
- Kameranı ver görüm, ə, siz kimsiniz gəlib burda çəkiliş aparırsınız?
- Hi, I am tourist.
- Nə deyir ə, bu? Amerikandır, deyəsən?
Araya taksi sürücüsü girir:
- A kişi, ingilisdir də. Turist kimi Qəbələni gəzir. Qoy çəksin də. Nə var burada?
- Gəzsin, çəksin, amma buranı yox. Apar bunu tarixi yerləri çəksin.
Mühafizə polisi üzünü mənə tutub:
- Coni qardaş, xoş gəlmisən! - deyir və biz dərhal oradan uzaqlaşırıq.
***


Söhbət əsnasında öyrənirik ki, Kəmaləddin Heydərovun oğlu Taleh Heydərov rayondakı bir neçə zavod və müəssisəyə şəxsən özü rəhbərlik edir. Onlardan “Gilan” Şərabçılıq Zavodunu, “Gilan”a məxsus taxıl sahələrini, “Gilan” Tikinti Materialları Zavodunu, “Qəbələ” Ticarət Mərkəzini, “Gilan” lunaparkını, “Gilan” beşulduzlu hotelini, “Qəbələ” futbol klubunu göstərmək olar. Taksi sürücüsü deyir ki, Taleh Heydərovu bahalı “Bentley” markalı maşını ilə rayonun küçələrində tez-tez görmək olur.
“Gilan” taxıl sahələrini zorla ələ keçirib
Rayonun mərkəzindən bir qədər uzaqlaşaraq “Gilan”a məxsus taxıl sahələrinin yerləşdiyi yerə gəlirik. Hər yüz metrdən bir üzərinə “Gilan” taxıl sahəsi yazılan lövhələrlə rastlaşırıq. Yerli sakinlərlə söhbət zamanı öyrənirik ki, axırıncı dəfə torpağa taxıl səpdikləri yadlarına gəlmir.
Sürəyya adlı kənd zəhmətkeşi deyir ki, 2002-ci ildə onların əkin torpaqlarını zorla əllərindən alıblar: “Torpaq sahəsi olan da əkə bilmir. Nə əksin? Taxıl əkmək istəyir - qoymurlar, ferma yaratmaq istəyir - qoymurlar. Bütün əkinə yaralı sahələr ”Gilan" tərəfindən alınıb. Özləri əkib, özləri becərib, axırda da satırlar. Əvvəllər camaatın evində kisələrlə unu olardı, satmağa taxılı, arpası olardı. İndi qəhətə çıxıb. Amma buna baxmayaraq dolanışıq yaxşıdır. Heç kəs acından ölmür".
Oradan da ayrılıb yollanırıq rayonda Taleh Heydərovun bazarı kimi tanınan “Qəbələ” ticarət mərkəzinə. Ticarət mərkəzi əslində rayonun kiçik bazarının yerində yaradılıb. Mərkəzdə mağazaların sayı-hesabı yoxdur. Hər mağaza isə bir məhsulun satışı ilə məşğuldur. Mağazalara yalnız “Gilan” holdinqinə daxil olan şirkətlərin istehsal etdikləri məhsulları satmaq icazəsi verilib. Bazarda alma satan bir qadının piştaxtasındakı almaların üstündə “Gilan” nişanını görüb bunun səbəbini soruşuruq. Alverçi qadın deyir ki, əgər satdıqları meyvə-tərəvəzlərin üstündə bu nişanlar olmasa, onlara bazarda alver etməyə icazə verməzlər.
Növbəti məkanımız “Qəbələ” futbol klubunun məşq etdiyi “Gilan” holdinqə daxil olan “Qəbələ” turizm və hotelçilik üzrə peşə tədris akademiyası olur. Biz orada olarkən klubun futbolçularının üzərində “Qəbələ” futbol klubu" yazılan avtobusdan düşən görürük. Öyrənirik ki, klubun prezidenti Taleh Heydərov yaxınlarda Qəbələyə müasir stadion tikdirəcək.
Kəmaləddin Heydərov köhnə avtovağzalı gecə ilə bağlatdırıb
Qəbələdə son baş çəkdiyimiz yer rayonun avtovağzalı oldu. Rayon avtovağzalı sükuta qərq olmuşdu. Bunun səbəbini taksi sürücüsündən soruşuram. Dedikləri isə olduqca maralı idi: “Bu avtovağzalın yiyəsi rayon uşağıdır. Ona işləməyə imkan vermirlər. ”Gilan" təzə avtovağzal açdı. Prezident də gəlmişdi açılışına. Bu vağzalı isə fevralın 15-də gecə ilə bağlatdırdılar. Avtovağzalın sahibinə deyiblər ki, Kəmaləddin Heydərov deyir ki, səssiz çıxsın, yoxsa başına uçurdaram oranı. Bu yazıq da vağzalı bağladı. “Avtovağzal” sözü yazılan reklam elanını sökdürdü. Bir-iki gündən sonra da obyekti özü sökdürəcək".
Rayondan ayrılarkən zarafatcıl taksi sürücümüz sonda bizi bu sözlə yola saldı: “Xoş getdiniz Kəmaləddinistanın paytaxtı Gilandan”.
Fərahim İLQAROĞLU, Bakı-Qəbələ-Bakı/Yeni Müsavat