ARDNŞ-nin Təhlükəsizlik İdarəsinin, Binəqədi Rayon Polis İdarəsinin Post-Patrul Xidmətinin əməkdaşlarının birgə iştirakı ilə Biləcəri qəsəbəsində yeni tikilmiş evləri ağır texnika ilə uçurulub. Ərazidə yaşayanlar bu barədə redaksiyamıza xəbər verəndən dərhal sonra hadisə yerinə yollandı. Biz oraya çatanda «evyıxanlar» artıq işlərini bitirib, yoxa çıxmışdılar.
Traktorlar tərəfindən yerlə-yeksan edilən evlər isə xarabalığı xatırladırdı. Küçələrdə bir-birini qucaqlayıb ağlayan, hökumətin əleyhinə qəzəblə qışqıran adamlarla dolu idi.
Sakinlərin bildirdilər ki, evinin sökülməsinə etiraz edən bir nəfər dağıdılan hasarın alıtnda qalıb. Belə ki, hasara söykənəərək «qoymaram» deyə sakinin fəryadlarına fikir verilməyib. Təhlükəsizlik İdarəsinin əməkdaşlarının əmri ilə toraktor həmin hasarı aşırıb.
Sakinlər bildirdilər ki, Neft Şirkəti torpaq sahələrinin ona məxsus olduğunu isbatlayan sənəd təqdim etməyib. Amma orada yaşayanların əlində bələdiyyənin və icra hakimiyyətinin verdiyi sənədlər var.
Xatırladaq ki, «Binəqədi Oil» Neft Şirkətinin balansında olduğu iddia edilən ərazi vətəndaşlara yerli icra hakimiyyəti və bələdiyyə tərəfindən pulla satılıb. Sakinlər daha sonra torpağın hər sotuna 1000 dollar verərək yerli icra hakimiyyətindən təsdiqləyici sənəd alıblar.
Sakinlər evyıxma əməliyyatında Binəqədi Rayon İcra Hakimiyyətinin rəsmilərinin də olduğu dedilər. İcra strukturlarının nümayəndələri və polis əhalini deyil, Neft Şirkətini müdafiə edib.
Hasarı uçurulan Cəmilə Məmmədova əməkdaşımızla söhbətində torpaq sahəsini 2005-ci ildə aldığını deyib: «35 ildir ki, müəllim işləyirmə, aliməm, hazırda kirayələrdə yaşayıram. Prezident Administrasiyasından verilən sənədə əsasən, 4 il əvvəl mənə torpaq verilib. Dövlət bankına rüsum ödəməklə bu torpağı almışam. Kredit kağızlarım əlimdədir. Bu, 3-4 çərgəlik daş hasarı kredit ödəməklə çəkmişdim. Özbaşına, heç bir xəbərdarlıq etmədən gəlib hasarı sökdülər, yenidən təmir etdirdim, yenə uçurdular. Evimi tikməyə imkanım yoxdur, iki dəfə hasar tikmişəm amma gəlib uçurublar».
İmran adlı Kəlbəcər köçkünü isə bildirdi ki, ərazi srateji yaşayış massivi olsa da, ARDNŞ onlardan əl çəkmir: «Görürsünüz, burada iki orta məktəb, bir uşaq baxçası, ATS tikilib. Həmçinin, bələdiyyə tərəfindən torpaq sahəsi alan vətəndaşlara «Azəriqaz», «Bakıelektirikşəbəkə», «Azərsu» tərəfindən qaz, işıq və su çəkilişinə razılıq məktubları da verilib. Nə istəyirlər bu camaatdan? Niyə imkan vermirlər yaşasın. Deyirlər torpağa şəhadətnamə alın. Maraqlınmışıq, torpağı tam sənədləşdirmək 10 min dollara başa gəlir. 10 min dolları hardan alıb verməliyəm? Köçkün adamam, ailəmi güclə dolandırıram».
Sakinlər onu da bildirdilər ki, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın göstərişi ilə əlil və imkansız ailələrin bir neçəsinə də həmin ərazidə torpaq sahəsi ayrılıb. Sakinlərin sözlərinə görə, həmin ailələrə ev tikməyə də Heydər Əliyev Fondu yardım edib. İndi həmin evlərin uçurulmasını insanlar heç cür anlaya bilmirlər.
Evinin divarını çəkdirən, lakin imkansızlıqdan tikintisini başa vura bilməyən Əfsanə xanımın da yarımçıq evi darmadağın edilib. Göz yaşlarını saxlaya bilməyən Əfsanə xanım «Allah onların da ailələrini bizim kimi gözü yaşlı qoysun» deyə fəryad qoparırdı. Deyir ki, tikintiyə başlayanda ARDNŞ-ə rüvşət verib amma imkanı olmadığından tikinti başa çatdıra bilməyib: «Burada rüşvət vermədən daşı-daş üstünə qoymaq mümkün deyil. Özlərinin razılığı ilə tikdiyimiz evi niyə yerlə-yeksan edirlər».
Elmar/Bizim Yol