|
Ötən ay Gürcüstan prezidenti Mixail Saakaşvili Kanadada faciəli şəkildə dünyasını dəyişən gənc gürcü vətəndaşının dəfn törəninə şəxsən qatıldı. Torpaqlarının bir hissəsi işğal altında olan millət üçün bu, əlbəttə ki, qürurverici mənzərə idi. Gənc nəslin mənəvi tərbiyəsində də ölkənin 1-ci şəxsinin belə jestləri, şübhəsiz, müsbət rol oynayır. Şəhidinə, ölüsünə sahib çıxmayan, hörmət qoymayan dövlətə başqa dövlətlər və millətlər hörmət qoymaz.
Uzağa getməyək, elə qardaş Türkiyədə şəhidlərin dəfn mərasimi, onlara toplumun, medianın, siyasi elitanın münasibəti Azərbaycan üçün əsl örnək sayıla bilər. Əfsus ki, ərazisinin 1/5-i tapdaq altında olan ölkəmizdə belə halların şahidi olmuruq. Düşmən gülləsinə tuş gələn, tabutu Azərbaycan bayrağına bükülü şəhidimizin dəfnində adətən heç rayon səviyyəli yetkililər də gözə dəymir. Telekanallar isə bir qayda olaraq əyləncəli verilişlərinə ara vermirlər.
Bəs “Bir millətin ikinci dövləti”ndə belə fərqli yanaşmaların kökündə nə durur?
Ehtiyatda olan polkovnik, hərbi ekspert Üzeyir Cəfərova görə, Azərbaycanda rəsmilərin, güc strukturları yetkililərinin xidməti borcunu yerinə yetirərkən həlak olan, yaxud xidmətdən tərxis olunan qulluqçuların, şəhidlərin dəfnində layiqincə təmsil olunmaq mədəniyyəti formalaşmayıb: “Tək sıravi əsgərlərin yox, bir sıra yüksək vəzifəli hərbçilərin dəfnində də güc strukturlarının rəsmiləri gözə dəymir. Ötən il faciəvi şəkildə dünyasını dəyişən müdafiə nazirinin müavini, general-leytenanat Rail Rzayevin də, bu yaxınlarda dünyasını dəyişən Azərbaycanın ilk generallarından olan Zaur Rzayevin də dəfnində müdafiə naziri görünmədi”.
Ekspert xatırlatdı ki, Dövlət Sərhəd Xidməti, Daxili Qoşunlar, eləcə də digər qurumlarda son mənzilə yola salma mərasimləri keçirilmir: “Bir paradoksu deyim. Adını çəkib utandırmaq istəmirəm, bu yaxınlarda rəhbərlikdə çalışan bir generalın anası rəhmətə getmişdi. Bəzi güc strukturlarının rəhbərləri özünü göstərmək uğrunda sanki yarışa çıxmışdılar. Utancverici mənzərə yaranmışdı. Düşmənlə üz-üzə həlak olan əsgər və zabitin dəfnində, təəssüflər olsun ki, belə mənzərənin şahidi olmuruq. Türkiyədə sıravi əsgərin dəfni təntənəli mərasim kimi həyata keçirilir. Rail Rzayevin dəfnində bir telekanal da gözə dəymədi”.
Gənclərdə orduya, torpağa, Vətənə məhəbbət hisslərinin formalaşmadığını haqda fikirlərə münasibətini bildirən Ü.Cəfərov qeyd etdi ki, ağır dəqiqələri yaşayan ailə biganəliyi və soyuq münasibəti hiss edirsə, vətənpərvərlikdən danışmağa dəyməz: “İstənilən halda bu, qanunla tənzimlənir. Qanunvericilikdə həlak olan hərbçinin bütün ayinlərlə yolasalma mərasiminin təşkili məsələsi nəzərdə tutulur. İstər general, istər polkovnik, istərsə də mülki vətəndaşların pafoslu danışıqları ilə əməlləri üst-üstə düşmür. Bizdə buna əcaib yanaşma var. Düz sözü deyən hərbçinin dəfnində yuxarı rütbəli şəxsləri görmək mümkün deyil. Bir neçə il öncə dünyasını dəyişən general-mayor Arif Salahovun dəfnində də güc strukturunun rəhbərliyindən iştirak edən olmadı. O, mərhum Heydər Əliyevə orduda real vəziyyətlə bağlı həqiqəti söyləyən şəxslərdən biri olub. Sonra aşağı vəzifəyə təyin olundu. Rəhbərlikdə çalışanların yaxınlarının dəfnində müxtəlif çeşidli nazirlər, komitə sədrləri, idarə rəhbərləri, general və admirallar görüntü xətrinə sinələrini qabağa verirlər. Əslində buna ehtiyac yoxdur. Onlar ən yaxşı nümunəni əsgər və zabitlərinin dəfnində göstərə bilərlər. Bu yaxınlarda Türkiyədə özünə qəsd edən bir albayın dəfnində mənsub olduğu qoşun növünün rəhbərləri iştirak edirdi. Bizdə xidməti borcunu yerinə yetirən əsgərin, ya da zabitin dəfnində hansısa rayonun icra başçısının müavini, yaxud da hərbi komissarlığı dəfn mərasiminə qatılmağı özlərinə sığışdırmırlar. Amma hansısa dördüncü dərəcəli toplantılarda saatlarla mürgü vururlar. Guya dövləti təmsil edirlər. Əslində isə bu hərəkətləri ilə böyüməkdə olan nəslə və güc strukturlarına pis nümunə göstərirlər”.
/musavat.com/
|