|
2010-cu il Azərbaycanda ekologiya ili elan olunub. Əlbəttə ki, ekoloji problemlərin həlli dövlətin qarşısındakı strateji prioritetlərdən biri olmalıdır. Məlumdur ki, dünya ekoloji təşkilatları Bakını dünyanın ən çirkli şəhərləri ilə eyni sırada göstərir.
Ölkənin ekoloji durumu, içməli su problemi günü-gündən ağırlaşır. Doğrudur, problemlərin həlli üçün bir sıra addımlar atılır. Məsələn, Qəbələ-Oğuz su kəməri tikilir, torpaqlar şoranlılıqdan, neft tullantılarından təmizlənməsi üçün vəsait ayırılır. Lakin təəssüflə qeyd edək ki, son iki ildə su kəmərinin tikintisinə 430 milyon, 2009-cu ildə torpaqların təmizlənməsinə 3,2 milyon manat ayrılsa da, hələ ki, nəticə yoxdur.
Digər ekoloji tədbir kimi Bakıda bərk məişət tullantıları zavodunun inşasını da qeyd etmək yerinə düşər. Zibil zavovdunun tikintisinə 2008-ci ildə 70 miylon manat, 2009-cu ildə 123 milyon manat ayrılıb və büdcədən vəsaitin ayrılması davam edir. Ekoloqlar isə bu zavodun tikintisini ekoloji təmizlikdən çox, dəhşətli çirklənmələr yaradacağı ilə bağlı həyacan təbili çalır. Çünki zavodun funksiyası bərk məişət tullantılarının yenidən istehsalını deyil, onları yandıraraq enerji alınmasını təşkil etməkdir. Bu zaman isə atmosferə böyük miqdarda tullantıların atılacağı istisna deyil.
2008-2009-cu ildə ölkənin ekoloji vəziyyətinin normallaşdırılması üçün 620 milyondan çox vəsait xərclənsə də, proseslər irəliyə doğru deyil, geriyə doğru addımlayır.
Mətbuat bunları saf-çürük etdiyi bir zamanda, başqa bir layihə-Xəzərin suyunun şirinləşdirilməsi layihəsi meydana çıxıb. Hətta məlum olur ki, prosesə artıq başlanılıb da. Belə ki, Dövlət Neft Şirkətinin (ARDNŞ) Ekologiya İdarəsi neft-qaz yataqlarında və adalarda texniki suya tələbatı ödəmək məqsədi ilə dəniz suyunun duzsuzlaşdırılması istiqamətində layihələr həyata keçirir.
Prezident İlham Əliyev Xəzərin suyunun şirinləşdirilməsi təcrübəsinin tətbiqini və ondan içməli su kimi və suvarma məqsədilə istifadə edilməsini zəruri sayır. Dövlət başçısı hesab edir ki, bununla əhalinin suya olan təlabatını azaltmaq olar.
Doğrudur, bu layihə dünyanın bir çox ölkələrində həyata keçirilir. Dəniz suyunun şirinləşdirilməsi texnologiyası çox baha başa gəlir. Bu texnologiyadan daha çox Aralıq dəniz sahəllərində yerləşən dövlətlər, Yaponiya istifadə edir. Hələ bu dövlətlərin nanotexnologiya deyilən vasitə ilə təmizlədiyi suyun çirkablılığı Xəzər dənizinkindən qat-qat aşağı olmasına baxmayaraq, maksimum 90 faiz təmizləməyi bacarıblar. Xəzərin isə neft və qaz kimi zəhərli maddələrlə zəngin olan suyu var. Böyük qızıl mədəni olan Cənubi Afrika Respublikası şaxtalarda zəhərli qazların təmizlənməsi texnologiyasini hazırlamaq üçün bir yatağa 70 milyon dollar vəsait xərclənib, lakin heç bir effekt verməyib.
Azərbaycanda bu texnologiyanını tətbiqinə gəlincə, ilk baxışdan vacib görünür. Çünki ölkəmizin su ehtiyatları çox məhduddur. Cənubi Qafqazdakı su ehtiyatlarının 70 faizi Gürcüstanda, 20 faizi Ermənistanda, cəmi 10 faizi Azərbaycandadır. Ona görə də Xəzər dənizinin suyunun şirinləşdirilməsi alternativ su mənbəyi yaradacağı ümidlərini artırır.
Lakin bu ideayaya ekoloqlar birmənalı yanaşmır. Onlar düşünür ki, belə bir layihə adı altında dövlət büdcəsində milyardlar silinə bilər.
«Eko-Aləm» İctimai Birliyin sədri Sevil Yüzbaşeva «Bizim Yol»a verdiyi açıqlamada bildirdi ki, Xəzərin suyunun şişirlənşdirilməsi hələ sovet dönəmində təcrübədən keçirilib. Lakin sonradan bu tərcübə effekt verməyib: «Hələ sovet dövründə Xəzərin suyunun şirinləşdirilməsi üçün Neft-Kimya İnstitutu böyük təcrübələr həyata keçirirdi. Çünki Azərbaycan su qıtlığı olan ölkələr siyahısındadır. Ona görə də belə təcrübələr hələ sovet dönəmində aparılırdı. Amma sonra bu təcrübələr heç bir effekt vermədi. Hələ o zaman Xəzərin suyu indiki kimi çirklənməmişdi».
Ekoloqun fikrincə, Xəzərin suyunun şirinləşdirilməsi nə vaxtsa, mümkün ola bilər: «Digər okean və dənzi sularına nisbətən bunun suyunun duzluluğu azdır. Sadəcə olaraq, indi neft və qaz hasilatı ilə əlaqədar dənizin suyu çox çirklənib. Bu səbəbdən flora və fauna örtüyü də məhv olmağa doğru gedir. Su o qədər qatılaşıb ki, şivyə-mamır da yetişmir. Halbuki, oksigen olan hər bir suda şivyə-mamır bitir. Amma bulvar tərəfdən Xəzərin suyuna baxanda belə yaşıl örtüyə rast gəlmək mümkün deyil. Bu isə o deməkdir ki, suyun tərkibində oksigen kifayət qədər yoxdur. Doğrudur, indi Xəzərin suyunun təmizlənməsi prosesi gedir, amma yekunlaşa biləcəyinə inanmıram. Ondan içməli suyun alınması Azərbaycanın bütün təbii sərvətinin dəyərindən də baha başa gələ bilər. Çünki o suyu neft və qaz tullantılarından təmizləmək həddən artıq bahalı bir layihə olar. Bunun üçün Azərbaycanın ala biləcəyi təkcə bir texnika indiki büdcəyə bərabərdir. Xəzərin şirinləşdirilməsi elə bahalı layihədir ki, ondan sonradan istehsalatda istifadə etmək sərf etməyəcək. Çünki həmin suyu satmaqla onun dəyərini çıxarmaq mümkün olacağına inanmıram. Məncə, indiki şəraitdə bu, hökmət üçün sərfəli layihə deyil. Əgər Xəzərin suyunu şirinləşdirmək ucuz layihə olsaydı, onda heç «Oğuz-Qəbələ»dən su kəməri çəkməyə ehtiyac qalmazdı. Əgər prosesə start verilibsə, burada büdcə pulunu dağıtmaqdan başqa bir məqsəd güdülməyəcək. Böyük miqdarda pul da xərclənəcək, layihəni də yekunlaşdırmaq mümkün olmayacaq. Neçə illərdir ki, neftdən çirklənmiş torpaqları təmizləyib, yaşıllaşdırılmasına milyonlar xərclənir. Amma ortada heç bir nəticə yoxdur». /Vüsalə/Bizim Yol
|