Azərbaycan qanunvericiliyinə görə, yüksək gərginlikli elektrik xətlərin ən azı 250 metrliyində yaşayış məskəni salmaq olar. Lakin elektrik xətlərinin altında bağ salmaq, çoxillik ağaclar əkmək qadağan edilsə də, azillik (ot, bostan, tərəvəz və s.) əkməyə icazə verilir. Qanuna görə, tikinti işləri torpağın qruntundan asılı olaraq su anbarları və kəmərlərindən 5-10 metrdən 50 metrədək, rabitə xətlərindən( kabellərdən) isə minimum 2-3 metr uzaqda aparılmalıdır.


Təbii ki, yuxarıdakı normativlərin Bakının Binəqədi rayonuna heç bir aidiyyəti yoxdur. Paytaxtın ən böyük yaşayış massivlərindən olan bu rayonda əsl tikinti bumu yaşanmaqdadır. Yüksək gərginlikli elektrik xətlərinin, neft buruqlarının, qaz və su xətlərinin yan-yörəsində addım qoyacaq boş torpaq sahəsi tapmaq artıq qeyri-mümkündür. Rəsmi “Azərbaycan” qəzetinin rayonla bağlı hazırladığı tənqidi reportaj bir daha sübut edir ki, vəziyyət ciddidir. Qəzetin yazdığına görə, Binəqədidə qaz, su və yüksək gərginlikli elektrik xətlərinin ətrafında minlərlə qanunsuz evlər tikilib. Qəzet bunun səbəbini yerli icra strukturlarının yarıtmaz siyasətində görür.
Qeyri-rəsmi açıqlamalara görə isə hazırda rayon ərazisində belə tikililərin sayı 5 mindən yuxarıdır. Maraqlıdır ki, qanunsuz elan edilən evlərin əksəriyyətinin bələdiyyə və icra hakimiyyətindən müvafiq icazə sənədləri var. Ancaq sakinlərə bildiriblər ki, evləri söküləcək.
Rayonun “Rəsulzadə” qəsəbəsindən Novxanıya gedən yolun solundakı mənzərə isə Bibiheybəti xatırladır. Burda addımbaşı böyük neft buruqlarına, neftlə çirklənmiş gölməçələrə və az qala əl dəyəcək hündürlükdən keçən yüksək gərginlikli elektrik xətlərinə rast gəlmək olur. “Neft kaçalkaları”nın yan-yörəsində isə sürətlə yaşayış evlərinin tikintisi gedir.
Əyalətdən bura pənah gətirmiş Rasim kişi ilə söhbət edirik. Hazırkı evinin yerinin vaxtilə neft gölməçəsi olduğunu söyləyir: “2003-cü ildə ev tikmək üçün icra hakimiyyətinə və bələdiyyəyə müraciət etdim. Elə qiymət dedilər ki, dedim ondansa gedib şəhərdən ev alaram. Elə oldu ki, gecə ilə burda ev tikdik. 2005-ci ilə kimi hər il bələdiyyəni ”gördüyüm" üçün dəyib-dolaşmırdılar". Sakinin sözlərinə görə, “Binəqədi Oil” ərazilərinin xəritələrini tərtib etdikdən sonra vəziyyət el arasında deyilən kimi, “rusca” olub. Sözügedən neft şirkətindən onlara bildirilib ki, ya pul verəcəksiniz, ya da evlər söküləcək: “O vaxt neft şirkətindən torpağın sotunu 3 minə almışıq. Əlimizdə sənədlər var. Ancaq bu yaxınlarda bizə dedilər ki, Bakı və Abşeron yarımadasında yüksək gərginlikli elektrik, kanalizasiya, su və qaz xətlərinin keçdiyi ərazilərdəki evlər söküləcək”.
***


Qəsəbəni gəzərkən sözügedən neft şirkətinə aid ərazilərdə tikanlı məftillərlə mühafizə zolağı yaradıldığını gördük. Lakin zolağın içərisində, neft buruqlarının lap yaxınlığında xeyli sayda yaşayış evi salınmışdı. Qəsəbədən Binəqədi mərkəzinə gedən yolda da yüksək gərginlikli elektrik xətlərinin altında çoxlu ev tikilib. Sakinlərlə söhbət zamanı öyrəndik ki, onlar torpaq sahələrini bələdiyyədən alıblar. Ev tikməyə icazəni isə Binəqədi RİH verib.
Qəsəbə sakini Elman Məmmədovun dediyinə görə, daha sonra “Azərenerji” ilə problemləri olub: “Elə oldu ki, bələdiyyə sədrini tutdular. Sonra dedilər ki, sizə saxta sənəd veriblər.
”Azərenerji" məhəlləmizdə elektrik dirəkləri basdırarkən biz ondan icazə almalı olduq. Çünki evlərimiz elektrik xətlərinin mühafizə zolağında yerləşirdi. İndi də hay-küy salıblar ki, evləriniz söküləcək. 10-15 elektrik dirəyinə görə yüzlərlə ailə evsiz qalacaq".
Məsələ ilə bağlı Binəqədi rayon İcra Hakimiyyətində də olduq. Lakin iş günü olmadığından icra başçısı Alı Qocayevlə görüşə bilmədik. Bizi qəbul edən ictimai-siyasi şöbənin müdiri Natiq Əliyev bir neçə qaranlıq məqama aydınlıq gətirdi. Öncə o, rayon haqqında mətbuatda gedən tənqidi məqalələrdən hədsiz dərəcədə narahat olduqlarını söylədi: “Rəsmi ”Azərbaycan" qəzetinin tənqidi reportajında rayonda elektrik, su və qaz xətləri ətrafında tikilən qanunsuz evlərdən və ekologiyanın korlanması haqda geniş yazılmışdı. Nəzərinizə çatdırım ki, yüksək gərginlikli elektrik xətlərinin altında tikilən evlərə biz cavabdeh deyilik. Nümunə olaraq deyim ki, əvvəllər
“Binəqədi Oil” neft şirkətinin əraziləri vətəndaşlar tərəfindən qanunsuz olaraq zəbt edilmiş və orada evlər tikilmişdi. Bir-iki il əvvəl neft şirkəti bu problemi aradan qaldırmaq üçün öz xəritəsini hazırladı. İndi sözügedən şirkətin balansında olan torpaqlarda nəinki ev tikmək, heç daşı-daş üstə qoymaq da olmaz. Neft gölməçələrinin ətrafındakı evlərə də icazəni onlar veriblər. Camaat da həmin yerlərdə evlər tikərək, neftlə çirklənmiş torpaqları yararlı hala salıblar".
İcra hakimiyyətinin sözçüsünə görə, “Azərenerji” ilə Binəqədi RİH Sulutəpədəki yüksək gərginlikli elektrik xətlərinin altında tikilən evlərin problemini artıq həll ediblər: “Biz ”Azərenerji" ilə birlikdə qərara gəldik ki, elektrik dirəklərini ləğv edərək xətti yerin altı ilə keçirək. Ortaya da Azadlıq prospekti nümunəsi qoyduq. Çünki həmin prospektdəki yeraltı tunel tikilərkən hava xətləri yeraltı xətlə əvəzlənmişdi. Sabit elektrik cərəyanı öyrənildikdən sonra biz bu layihəni həyata keçirəcəyik".


N.Əliyev Heydər Əliyev parkının sökülüb yerində əyləncə mərkəzi tikilməsi məsələsinə də aydınlıq gətirdi. Bildirdi ki, bununla bağlı mətbuatda yanlış informasiyalar verilib: “Hazırda park hasara alınıb. Burda geniş abadlıq və quruculuq işləri aparılacaq. Parkın ərazisində Heydər Əliyev adına ictimai mərkəz inşa olunacaq. Artıq mərkəzin özülü qazılıb, inşa işlərinə isə yaxın günlərdə başlanılacaq”./Yeni Müsavat