Pentensiar Xidmətin yaydığı məlumata görə, fəaliyyətlərində cidi qanun pozuntularına yol verdiklərinə görə, 11 və 15 saylı həbsxanaların rəisləri işdən çıxarılıb və ədliyyə orqanlarından xaric edilib. Bundan başqa 6, 11, 12, 14 saylı cəzaçəkmə müəssisələrinin, eləcə də 3, 7, 10, 11 saylı xüsusi müəssisələrin fəaliyyətində ciddi nöqsanlar və pozuntular aşkar edilib. Adıçəkilən həbsxanaların rəhbərləri ciddi intizam məsuliyyətinə cəlb ediliblər.
Eyni zamanda Qobustan həbsxanasının iki rəis müavini və əməliyyat rəis müavini və əməliyyat şöbəsinin rəisi tutduqları vəzifədən azad edilib. Müəssisənin rəisi isə intizam qaydasında ciddi cəzalandırılıb. Pentensiar Xidmətin məlumatına görə, başa vurduğumuz 2009-cu ildə müəssisələrdə keçirilən tədbirlər nəticəsində 3100-dən artıq qadağan olunmuş əşya, o cümlədən 747 kəsici alət, 140 litr spirtli içki, 89 mobil telefon aşkarlanıb. Bundan başqa il ərzində narkotik maddələrlə bağlı 41 fakt müəyyən edilib.
Qeyd edək ki, Azərbaycan həbsxanalarında cinayət törədən şəxslərlə yanaşı siyasi məhbuslar da cəza çəkir. Hansı siyasi məhbusların olduğu müəssisə rəhbərlərinin cəzalandırıldığı ilə maraqlandıq.
Ayrı-seçkilik?
Pentensiar Xidmətin əksər müəssisələrinin əməkdaşları bu və ya digər formada cəzalandırılıb. Yalnız sabiq səhiyyə naziri Əli İnsanovun saxlanıldığı 13 saylı, Ruslan Bəşirlinin cəza çəkdiyi 1 saylı, “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidin olduğu 17 saylı, sabiq iqtisadi inkişaf naziri Fərhal Əliyevin olduğu 2 saylı müəssisələr cəzalandırılmayıb. Ancaq “Gündəlik Azərbaycan” qəzetinin baş redaktoru Eynulla Fətullayevin, eləcə də Əli İnsanovun bacısı oğlu Anar Namazovun saxlanıldığı 12 saylı müəssisənin rəhbərliyi cəzalandırılıb.
11 saylı müəssisənin rəisini məhbus güdaza verib
Pentensiar Xidmətin sabiq rəisi Məmməd Zeynalov hesab edir ki, bu cür cəzalandırma tədbirləri ilə həbsxanalardakı vəziyyəti dəyişmək mümkün deyil. Müsahibimiz 11 və 15 saylı müəssisənin rəislərinin ədliyyə orqanlarından xaric edilməsinə aydınlıq gətirib: “11 saylı müəssisənin rəisi Məmmədəli Zeynalov bu hadisələrdən əvvəl əmrlə rəis vəzifəsindən çıxarılıb. Bunun ilin yekunları ilə bağlılığı yoxdur. Bu müəssisədə məhbus rəisə deyib ki, mənim barakımı dəyiş, orada məni incidirlər. Rəis isə məhbusu söyərək qovub. Bundan sonra məhbus qorxusundan öz barakına getməyərək gizlənib. Axşam məhbusları yoxlayan zaman bir məhbusun olmadığı meydana çıxıb. Onu bütün günü axtarıb tapa bilməyiblər. Bundan sonra idarə 1 məhbusun qaçmasına dair məlumat veriblər. Səhəri isə həmin məhbus tapılıb. Ona harada olması, niyə gizlənməsi sualı veriləndə məhbus deyib ki, öz brakında qalmaqdan qorxur, rəisdən yerini dəyişməsini xahiş edib, ancaq təhqir edilib. Buna görə rəisi işdən və ədliyyə orqanından çıxardılar. 15 saylı müəssisənin rəisi isə ola bilsin ki, ilin yekunlarının təhlilinə əsasən işini itirib”.
Məmməd Zeynalov əlavə edib ki, bir sıra şəxslər və rəislərlə bağlı görülən cəza tədbirlərinin müəyyən nəticələri olacaq: “Amma hesab etmirəm ki, bu müəssisələrdə mövcud olan qanunsuzluqları aradan qaldırsın. Çünki bu halların qarşısını cəza tədbirləri vasitəsilə həll etmək mümkün deyil. Eyni nöqsanlar bütün müəssisələrdə var və hələdə davam edir. Onların hamısını işdən çıxarası deyillər. Odur ki, bir qismi cəzalandırıblar, bir qismi isə qalır”.
Qobustanda rəisi, onun müavinlərini sayan yoxdur, dustaq işçiləri söyür
Qobustan qapalı həbsxanasının mürəkkəb yer olduğunu, orada hər rəisin baş çıxarmadığını deyən M.Zeynalov deyir ki, bəzi şəxslər Qobustan həbsxanasında məhbuslara işgəncə verildiyini bildirirlər: “Ancaq məndə daha mötəbər məlumat var. Bu da ondan ibarətdir ki, orada məhbuslar müəssisənin şəxsi heyətini saymırlar, onlarla hesablaşmırlar. Orada rəisi, onun müavinlərini sayan yoxdur, dustaq işçiləri söyür. Həbsxana işçiləri dustaqlardan çəkinirlər”./Nemət/Bİzim Yol