Bakı Şəhər Ticarət və Xidmət Departamentinin direktoru Ramiz Hacıyev və onun işçisi həbs olundu; onlar sahibkarlardan külli miqdarda pul tələb edirmiş
17-02-2010
“Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Ticarət və Xidmət Departamentinin direktoru Ramiz Hacıyev bu günlərdə həbs edilib. Onun tutulmasına səbəb departament işcilərinin paytaxtdakı mağazalardan ”haqq" tələb etməsi olub". Bu barədə “Yeni Müsavat”a Bakı şəhərində ticarətlə məşğul olan sahibkarlardan biri məlumat verib.
Onun sözlərinə görə, hadisə fevralın 6-da günün ikinci yarısında baş verib. Əməliyyatın bir qrup qara maskalı şəxs tərəfindən həyata keçirildiyi bildirilir. Belə ki, həmin gün hüquq-mühafizə orqanlarının əməkdaşları Binəqədi rayonundakı mağazalardan “haqq” yığan departamentin iki əməkdaşını saxlayıb. Dindirmə zamanı məlum olub ki, mağaza və köşklərdən pul yığmağı onlara BŞİH Ticarət və Xidmət Departamenti Şimal idarəsinin Məmməd Qəhrəmanov adlı rəisi tapşırıb (yeri gəlmişkən, əslən Naxçıvan şəhərindən olan bu şəxs ticarətçilər arasında “Göygöz Mamed” kimi tanınır).
Bundan sonra Məmməd Qəhrəmanov da həbs olunaraq polis bölməsinə aparılıb. Dindirmə zamanı aydın olub ki, o, obyektlərdən pul yığılmasını departamentin direktoru Ramiz Hacıyevin göstərişi əsasında həyata keçirib. Bundan sonra R.Hacıyevin kabinetinə gələn qara maskalılar onu zorla maşına mindirərək yaxındakı polis bölmələrindən birinə aparıblar.
Mənbənin dediyinə görə, R.Hacıyevlə M.Qəhrəmanov saxlandıqları zaman möhkəm döyülüblər. Onların xəsarət aldığı və bir neçə gün ev şəraitində müalicə aldığı da söylənir. Qaynağımızın iddiasına görə, bir neçə gün həbsdə saxlanılan R.Hacıyevdən böyük məbləğdə pul alındıqdan sonra o, sərbəst buraxılıb. Eyni zamanda ona bundan sonra şəhərdəki bəlli mağaza və köşklərdən pul yığmamaq barədə qəti tapşırıq verilib.
Bu olayın təfsilatını bizimlə paylaşan qaynağımız deyir ki, R.Hacıyev iri ticarət mərkəzlərinin sahiblərinin sifarişi əsasında həbs olunub. Digər məlumata görə isə Naxçıvanın Ordubad rayonundan olan R.Hacıyev Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun yaxın qohumudur. Məhz bu münasibətlərin yaratdığı imkanlardan faydalanaraq o, hər ay Bakıdakı minlərlə ticarət obyektindən qanunsuz olaraq külli məbləğdə pul yığdırır. Son vaxtlar isə merin qohumu daha da “irəli gedərək” iri yarmarkalardakı mağazalardan da “haqq” tələb etməyə başlayıb. Altı ədədli rəqəmlərlə ifadə olunan bu pulların isə bir necə vəzifəli şəxs arasında bölüşdürüldüyü, oradan paytaxt merinə də hesab çatdığı deyilir. Qeyd edək ki, mövcud qanunvericiliyə əsasən BŞİH Ticarət və Xidmət Departamenti yalnız küçə ticarətinə və mövsümi ticarətə lisenziya verə bilər. Amma son illər vəzifə səlahiyyətlərini aşan departament direktoru R.Hacıyev Bakıdakı bütün köşk və mağazaları “aylığa” oturtmaq eşqinə düşüb və onlardan hər ay rüsum almağa başlayıb. Bununla razılaşmayan iş adamları isə müxtəlif təzyiqlərlə üzləşməli olublar. Bəzi hallarda onların fəaliyyəti qanunsuz elan edilərək obyektləri bağlanıb, uçurulub və ya zorla əllərindən alınıb. İş o vəziyyətə çatmışdı ki, departamentin işçiləri şəhərdəki mağazalara daxil olaraq sahibkarların fəaliyyətinə mane olmaqdan da çəkinmirdilər. Bəzən departamentin işçiləri öz məqsədlərinə çatmaq üçün polis əməkdaşlarının “xidməti”ndən də yararlanıblar. Təbii ki, bu da ticarətçilərin haqlı narazılığına səbəb olub.
Onu da qeyd edək ki, hazırda BŞİH Ticarət və Xidmət Departamentinin Bakı şəhəri üzrə Şimal, Qərb, Şərq və Cənub regional idarələri fəaliyyət göstərir. Bu departamentə adətən Bakı merlərinin inandığı şəxslər rəhbərlik edib. Keçmiş mer Rafael Allahverdiyevin zamanında da Ticarət və Xidmət Departamentinə merə kifayət qədər yaxın olan Faiq Məmmədov başçılıq edib./ Yeni Müsavat
Xaliq Bahadır: "Bu birliklə bağlı fikrimi səsləndirəndən sonra mənə qarşı kampaniya başlayıb. Yüz yerdən üstümə tökülürlər, mənə damğa vururlar. Bizdə demokratik prinsiplər bu cürdür. Alternativ düşüncədən çıxış etmək olmaz. Fürerlər belə deyirlərsə, belə də olmalıdır"