"Polis orqanlarında təlim-tərbiyə işləri çox zəif qurulub"
Sərdar Cəlaloğlu: "Cəmiyyətdə birləşmə, fəaliyyət və aktivliyin qarşısını almaq üçün polis belə zorakılıqdan istifadə edir"
Zərdüşt Əlizadə: "Bunlar cəmiyyətin səsi çıxmadan neft-qaz gəlirlərini öz aralarında bölüşdürməyə çalışdıqları üçün, təkcə dindarları deyil, hətta millətçiləri və başqalarını da zorakılıqla əzməyə hazırdılar"
16-02-2010
Xəbər verildiyi kimi fevralın 13-ü bir qrup dindarla polis arasında qarşıdurma baş vermişdi. Dindarlar əllərində əkil və çiçəklər şəhidlər xiyabanına ziyarətə getdikləri vaxt polis zorakılığına məruz qalıblar. Onlar bu yürüş üçün ilkin olaraq icazə verilsə də, sonradan polislərin dəyənəklərinə tuş gəliblər. Yürüş iştirakçılarının əksəriyyətini həbs edən polis, çoxsaylı dindara ağır bədən xəsarəti yetiriblər. Belə ki, əldə etdiyimiz məlumata əsasən saxlanılan şəxslərin əksəriyyəti dindirildikdən sonra buraxılsalar da, dörd nəfər haqqında 2 aylıq həbs qəti-imkan tədbiri seçilib.
Baş vermiş hadisəni birmənalı olaraq pisləyən ADP sərdi Sərdar Cəlaloğlu FaktXəbərə açıqlamasında cəmiyyətin ciddi nəzarətdə olduğunu bildirdi: “Son vaxtlar təkcə dini təşkilatlar deyil, bütün cəmiyyət ciddi nəzarətə götürülüb. Məlum hadisələr də hakimiyyət nəzarətinin bir nümunəsidir. Bəzi ehtimallar da var ki, guya dindarlarla polis arasında baş verən hadisə xarici təşkilatların göstərişi nəticəsində olub. Bunların heç biri əsas vermir ki, vətəndaşlara qarşı bu cür zorakılıq edilsin. Yaxud dindarlar öz adət-ənənələrini icra etməsinlər. Biz partiya olaraq, bu hadisələri pisləyirik və müvafiq bəyanat da vermişik”.
S.Cəlaloğlu əlavə etdi: “Belə hadisələrdən məqsəd isə budur ki, iqtidarın iradəsindən kənarda hər hansı bir iş baş verməsin. Kimsə icazəsiz bir addım atmasın. Birmənalı olaraq, cəmiyyət arasında atkivlik olmasın. Cəmiyyətdə birləşmə, fəaliyyət və aktivliyin qarşısını almaq üçün polis belə zorakılıqdan istifadə edir”.
Sözügedən məsələyə münasibət bildirən politoloq Zərdüşt Əlizadə, bütün hallarda polislə dindarlar arasında baş vermiş qarşıdurmanı çox mənfi qiymətləndirdi: “Hesab edirəm ki, bu hadisə Azərbaycan konstitusiyasının ciddi şəkildə pozulmasıdır. Eyni zamanda hakimiyyətin xalqdan qorxması kimi də qiymətləndirmək olar. Bu qarşıdurma, polis orqanında təlim-tərbiyə işlərinin çox zəif qurulması, bütövlükdə rejimin zəifliyi və Azərbaycan qanunlarına hörmətsizliyin əlamətidir. Həm də polisin qeyri-peşəkar işinin nəticəsidir”.
Ümumi vəziyyətə gəldikdə, Azərbaycan kostitusiyasının bir çox maddəsi dondurulub. Qeyri-rəsmi olaraq fövqəladə vəziyyət hökm sürür - Z.Əlizadə vurğuladı: “Təbii ki, bu da səbəbsiz deyil. Cəmiyyətin səsi çıxmadan neft-qaz gəlirlərini öz aralarında bölüşdürmək istəyirlər. Bu, hakimiyyətin yeganə istəyidir. Buna görə də dindarları da, millətçiləri də və sair bu günə salmağa hazırdılar”.
“Tarix boyu, belə rejimlər mənfi sonluqla nəticələnib. Gözümüzün qabağında SSRİ çökdü. Sovet hakimiyyətindən güclü olmayacaqlar ki?” - deyə Z.Əlizadə bildirdi.
Xaliq Bahadır: "Bu birliklə bağlı fikrimi səsləndirəndən sonra mənə qarşı kampaniya başlayıb. Yüz yerdən üstümə tökülürlər, mənə damğa vururlar. Bizdə demokratik prinsiplər bu cürdür. Alternativ düşüncədən çıxış etmək olmaz. Fürerlər belə deyirlərsə, belə də olmalıdır"