Hacı Namiq Babaxan: "Hər bir müsəlmanın borcudur ki, müqəddəs və pak insanların şad günlərini şadlıq, qəmli günlərini isə kədərli olsun"
13-02-2010
Hicri qəməri təqvimi ilə bu gün səfər ayının 28-i böyük İslam peyğəmbəri Həzrət Məhəmmədin (s) rehləti, imamət məktəbinin ikinci parlaq siması İmam Həsənin (ə) isə şəhid olduğu gündür. Müsəlman aləmində məhərrəm və səfər ayları hüzn və matəm ayı kimi qiymətləndirilir. Belə ki, bu aylarda şadlıq və toy mərasimləri təşkil etmirlər. Məhərrəm ayının ilk on günü İmam Hüseynin (ə) Kərbəla hadisəsi, səfər ayının isə son on günü Peyğəmbərin (s) matəm günləri kimi yas saxlanılır. Eyni zamanda səfər ayının sonuncu günü həm də Həzrət İmam Rzanın (ə) şəhid olduğu gündür. Bu münsibətlə FaktXəbər olaraq bütün müsəlmanlara səbr diləyirik. Bizim başsağlığımıza Birlik Təşkilatının sədri Namiq Babaxan da qoşulur. O, ilk olaraq müsəlman Azərbaycan xalqına bu böyük hüzn günü münasibətilə başsağlığı verdi: “İslam dünyasının ən böyük matəm günlərindən biri səfər ayının 28-ə təsadüf edir. İslamın əzəmətli Peyğəmbəri (s) məhz bu gün rehlət edib. (dünyasını dəyişib). Eyni zamanda ikinci məsum İmam Həzrət Həsən (ə) də bu gündə şəhid olub. Səfər ayının sonuncu günü isə İmam Rzanın (ə) şəhadət günüdür. Xüsusən əhli-beyt sevərlər səfər ayının son on gününü matəm keçirdirlər”.
N.Babaxan əlavə etdi: “Hər bir müsəlmanın borcudur ki, müqəddəs və pak insanların şad günlərini şadlıq, qəmli günlərini isə kədərli olsun. Hesab edirəm ki, bu, namaz və oruc kimi əhəmiyyət kəsb edən məsələdir. Cahillər və savadsızlar bizə həmişə irad tuturlar ki, nəyə görə İmam Hüseynə (ə) bu cür matəm saxlayırsınız, ancaq heç Peyğəmbər (s) yada düşmür? Amma həqiqi müsəlmanlar məhərrəm ayının ilk on gününü İmam Hüseynə (ə) səfər ayının son on gününü isə Peyğəmbərə (s) matəm keçirdirlər. Hətta sovet dövründə də mənim yadıma gəlir. Məhərrəm ayının ilk, səfər ayının isə son on gününü yas saxlamağa icazə verirdilər”.
İslam dini xalqımızla o qədər yaxın və əlaqəlidir ki, dinin ayinləri milli dəyər kimi başa düşülür. Şəxsən mən İslam dinini Azərbaycanın təkcə mənəvi dəyəri deyil, həm də milli dəyəri kimi hesab edirəm. Azərbaycanın görünən və şanlı tarixi İslam şəxsiyyətlərilə bağlıdır – Namiq babaxan əlavə etdi: “Bu torpağ kifayət qədər İslam şəxsiyyəti yetişdirib. Belə matəmləri qeyd etmək İslam ənənəsilə yanaşı milli adətə çevrilib. Eyni zamanda Azərbaycan xalqının belə insanlara ehtiyacı var. Çünki bütün sahələrdə olan nöqsanların yeganə həll yolu İslama üz tutmaqdır”.
N.Babaxan şəhadət mövzusuna da toxundu. Onun sözlərinə görə, bu məsələ İslamın gətirdiyi dəyərdir: “Adəmdən bu tərəfə haqq yolunda canlarını qurban verənlər olsa da, şəhadət sözü İslam terminidir. İşğal altında torpaqlarımız olduğu üçün və bu təcavüzə son qoyulana qədər hələ də şəhid verməyə və şəhidpərvərlik ideyasına böyük ehtiyacımız var. Əhli-beytin yaşayışı və həyat tərzi əsl həqiqət yoludur. Torpaqlarımızı azad etməyə qaxdığımız an bizə şəhadət məktəbindən qidalanmaq lazım olacaq”.
Xaliq Bahadır: "Bu birliklə bağlı fikrimi səsləndirəndən sonra mənə qarşı kampaniya başlayıb. Yüz yerdən üstümə tökülürlər, mənə damğa vururlar. Bizdə demokratik prinsiplər bu cürdür. Alternativ düşüncədən çıxış etmək olmaz. Fürerlər belə deyirlərsə, belə də olmalıdır"