|
Məhkəmə-Hüquq Şurasının Ali və Apellyasiya məhkəmələrinin, Baş Prokurorluğun və Vəkillər Kollegiyasının rəhbərliyi, bütün Bakı, habelə digər rayon, şəhər məhkəmələri hakimlərinin iştirakı ilə geniş iclası keçirilib. Iclasda bildirilib ki, hakim korpusunun fəaliyyətinin prinsipial qiymətləndirilməsi nəticəsində 38 hakimin səlahiyyətlərinə xitam verilib. Habelə 2009-cu ildə 22 hakim barədə intizam icraatı başlanılıb, 2 nəfər məhkəmə sədri intizam qaydasında tutduğu vəzifədən azad edilib. Aparılmış müzakirələrin nəticələri üzrə bu sahədə ciddi nöqsan və kobud qanun pozuntularına yol verdiklərinə görə Məhkəmə-Hüquq Şurası tərəfindən Binəqədi Rayon Məhkəməsinin hakimi Rəsmiyyə Qəhrəmanovanın, Yasamal Rayon Məhkəməsinin hakimi Südabə Məmmədovanın, Sabunçu Rayon Məhkəməsinin hakimi Yusif Kərimovun hakimlik səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi, Binəqədi Rayon Məhkəməsinin hakimi Svetlana İsmayılovanın və Yasamal Rayon Məhkəməsinin hakimi Svetlana Əhmədovanın intizam qaydasında iş yerinin dəyişdirilməsi barədə qərar qəbul edilmiş, Səbail Rayon Məhkəməsinin hakimi Famil Nəsibova, Suraxanı Rayon Məhkəməsinin hakimi Natavan Tağıyevaya, Əzizbəyov Rayon Məhkəməsinin hakimi Fatma Miriyevaya, Yasamal Rayon Məhkəməsinin hakimi Abbas Rzayevə, Binəqədi Rayon Məhkəməsinin hakimi Sevil Məmmədovaya, Nizami Rayon Məhkəməsinin hakimi Şahin Atakişiyevə, Sumqayıt Şəhər Məhkəməsinin hakimi Şövkət Nəcəfovaya töhmət verilib, Yasamal Rayon Məhkəməsinin hakimi Xəqani Tağıyevə və Səbail Rayon Məhkəməsinin hakimi Elnur Həsənova irad tutulub.
Töhmət almış hakimlərin əksəriyyəti siyasi işlərə baxıblar və sifarişlə qərarlar qəbul ediblər. Hakim Yusif Kərimov ən çox siyasi işlər üzrə proseslərə sədrlik edib. O, ilk olaraq, sabiq səhiyyə naziri Əli İnsanovun Azərbaycan Milli Elmlər Akademiyasına qarşı iddiasına baxıb. O, “Sənət qəzeti”nin baş redaktoru Samir Sədaqətoğlu və yazıçı-publisist Rafiq Tağının işi üzrə hökm elan edib. Yusif Kərimov 2007-ci ilə kimi Azərbaycanda həbs edilən vəhhabi təriqətindən olan şəxslərin həbs qəti imkan tədbirinin seçilməsinə imza atıb.
Qeyd edək ki, töhmət almış hakim Südabə Məmmədova 2008-ci il martında “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidin 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsinə dair qərar qəbul edib.
Sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyev, sabiq səhiyyə naziri Əli İnsanov, Akif Muradverdiyev, “Yeni Fikir” Gənclər Təşkilatının rəhbəri Ruslan Bəşirlinin barəsində də həbs qəti imkan tədbirini seçilməsi ilə bağlı qərarların verilməsi yuxarıda adları çəkilən hakimlərlə bağlıdır.
“Hüquqi Dövlət” Araşdırmalar Mərkəzinin rəhbəri Müzəffər Baxışov bildirdi hakimlər üçün ən təhlükəli qərar vaxtından əvvəl səlahiyyətlərinə xitam verilməsidir. «2004-cü ildən Məhkəmə Hüquq Şurasının çoxlu sayda iclasları keçirilib, bir qayda olaraq hakimlərin barəsində tədbirlər görülüb. Problemin kökü ondan ibarətdir ki, hakimlər barəsində çıxarılan həmin qərarlarda hakimin korrupsiya hüquq pozuntularına yol verdiyinə görə, Məhkəmə Hüquq Şurası tərəfindən onun səlahiyyətlərinə xitam verilib. Hakimin səalihiyyətlərinə xitam verilir, amma korrupsiya hüquq pozuntusuna yol verən hakim haqqında heç bir tədbir görülmür. Əslində isə Cinayət Məcəlləsinin 295-ci maddəsinə görə, ədalətsiz hökm, qərar, qətnamə qəbul edən hakim cinayət məsuliyyətinə cəlb edilib, cəzalandırılmalıdır”.
Müzəffər Baxışov bildirdi ki, ədalətsiz qərarlar qəbul edən hakimlərin cinayət törətmələrinə baxmayaraq, onların barəsində heç bir tədbir görülməyib: “Azərbaycanda bir dənə də olsun hakim cinayət məsuliyyətinə cəlb edilməyib. Bütün bunlar vətəndaşda şübhə yaradarı ki, hakim törətdiyi cinayət görə, cinayət məsuliyyətinə cəlb edilmir”.
Hüquq müdafiəçisi bildirdi ki, Məhkəmə Hüquq Şurasının hakimlər barəsində sonuncu qərarı ədalətlidir və həmin adı çəkilən hakimlər ciddi qanun pozuntularına yol veriblər. Məhkəmə Hüquq Şurasının qərarları sadəcə ictimayyət arasında ədalətsiz hakimlərin cəzalandırılması üçün rəy yaratmağa xidmət edir”.
|