|
Müxalifət qüvvələrinin fəallığı və proseslərə təsir imkanları demokratiyanın mövcudluğunu sübut edən ilk amildir. Demokratik ölkələrdə sivil yolla hakimiyyətə gəlmək üçün isə seçkilər real fürsət hesab olunur. Beləliklə 2010-cu ildə Azərbaycan müxalifəti belə bir fürsət qazanacaq. Eyni zamanda müxalif düşərgədə qarşılıqlı ittihamlara da şahid oluruq. Müsavat Partiyasını başkanı İsa Qəmbərin məlum çıxışı düşərgədə ciddi narazılıqlara səbəb olub. Hətta qarşı tərəfdən bu çıxışa cavab verənlər də tapıldı. Azərbaycan Liberal Partiyasının (ALP) lideri Lalə Şövkət İsa bəyin bu çıxışını Müsavatın tarixinə xəyanət adlandırıb. Baş verənlərə aydınlıq gətirmək üçün Müsavat başkanının müavini Tofiq Yaqublu FaktXəbərə açıqlama verdi. O ilk olaraq 2010-cu il parlament seçkilərinə qatılacaqlarından söhbət açdı: “Həmişə olduğu kimi, Müsavat Partiyası bu seçkilərə də ciddi hazırlaşır. Çünki, Azərbaycanda mövcud vəziyyətin dəyişilməsində seçkilərə real fürsət kimi baxırıq. Artıq hansı qaydada qatılacağımız haqqında məlumat vermişik. Partiyanın başkanı yanvarın 16-da bir daha bəyan etdi ki, bu sahədə müxalifətin əməkdaşlığını istəyirik. Keçmiş təcrübəni nəzərə alıb, dairələr üzrə güclü namizədləri müəyyənləşdirib, onların ətrafında koalisiya yaradıb, seçkilərə qatılmaq niyyətindəyik”.
T.Yaqublu müxalifətin birləşməsini məhz camaatın istəyi olduğunu vurğuladı: “Əlbətdə ki, müxalifət bir olsa, daha yaxşıdır. Ancaq bu, nə qədər realdır? Konkret ad çəkmək istəmirəm. Sağlam olmayan, başqa tərəflərə istiqamətlənən və əsl müxalifəti əks etdirməyən partiyalar da var. Biz səmimi olaraq düşünürük ki, keçmiş seçkilərin rəsmi nəticələri, Müsavatdan güclü heç bir müxalif partiyanın olmamasını sübut etdi. Bu gün bütün rayonlarda öz strukturlarını saxlaya bilən yeganə partiya Müsavatdır. Təkcə liderindən ibarət olan partiyalar seçkilərə blok şəkilində qatılmağı təklif edirlər. Bu da ümumi işin ziyanınadır. Heç bir siyasi gücü olmayan təşkilatla birləşmək düzgün deyil. Biz real nəticələr əldə etmək imkanı qazanan partiyalarla birlik yaratmağa hazırıq. Lakin seçki dönəmində ölkədə demokratik mühitin yaradılmasında və seçki islahatının aparılmasında müxalifətin birliyini istəyirik. Hətta o qüvvələr zəif olsa da. Çünki heç bir uduzma şansı yoxdur. Amma biz seçki fürsətini qaçıra bilmərik”.
T.Yaqublu Ümidlə Müsavat arasında heç bir birlikdən söhbət gedə bilməz - deyə bildirdi: “Ümid Partiyası ilə Müsavatın birliyi indiki zamanda qeyri-mümkündür. Bələdiyyə seçkilərində biz bəyan etdik ki, Ümid Partiyası həqiqi müxalif olduğunu sübut etmək istəyirsə, seçki komissiyalarından öz adamlarını çəksin. Biz əminik ki, ölkə üzrə seçki komissiyalarında Ümid Partiyasından təmsil olunan namizədlər, ancaq hakimiyyət – YAP tərəfindən təyin olunmuş adamlar idi. Ümid Partiyasının MSK-da nümayəndəsi seçki saxtakarlığına etiraz edəndə, Məzahir Pənahov yerlərdə Ümidin nümayəndələrindən seçkilərin demokratik keçirilməsi ilə əlaqədar ərizələr aldı. Bundan əlavə Müsavat Partiyası sonuncu prezident seçkilərində seçkiləri baykot edərək, iştirak etmədi. Lakin İqbal Ağazadə həmin seçkilərə qatıldı, saxta keçirilmiş seçkinin nəticəsini tanıdı və İlham Əliyevi təbrik etdi. O həqiqi müxalif idisə, seçkilərin nəticələrini tanımamalı və İlham Əliyevin saxta yolla prezident seçilməsini bəyan etməli idi. Bu və digər səbəblərə görə Ümidlə Müsavatın birliyi mümkün deyil”.
Müsavat Partiyası ölkədə real müxalifət təşkilatı kimi ilk növbədə AXCP-i görür. Biz onlarla bir yerdə əməkdaşlığı da təkilf edirik. Bildiyimiz kimi AXCP Azadlıq blokuna daxildir. Biz hər tərəfli danışıqlar aparırıq – T.Yaqublu bildirdi.
Müsahibimiz Lalə Şövkətin İsa Qəmbər haqqında dedikləri fikirlərə də aydınlıq gətirdi. Belə ki, Lalə xanım İsanın çıxışını müxalifətə zərbə və bunun sübuti kimi də hakimiyyətdən reaksiyanın olduğunu bildirmişdi. T.Yaqublu qeyd etdi ki, hakimiyyətdən dəstək gəlib dedikdə yəqin, Əli Əhmədovun dediklərini nəzərdə tutur: “YAP bundan əvvəl də müxalifəti qaralama kampaniyasında bunları xarici qüvvələrə işləməkdə suçlayırdı. Bununla da müxalifəti camaatın gözündən salmaq istəyirdi. Başkanın bu mesajına da Əli Əhmədov belə reaksiya verməli idi”.
“İsa Qəmbərin müxalifəti pozmağına gəldikdə isə, biz hansı birliyi poza bilərik? Əlbətdə ki, kiminsə xarici agentə işləməsini faktlarla süübut edə bilmərik. Qətiyyətlə deyirik ki, ölkədə bütün icra başçıları rüşvətxordular. Amma bunu sübut etmək üçün əlimizdə fakt yoxdur. Eyni zamanda başqaları da baş verənləri izləməklə, onların rüşvətxor olmalarına inanırlar. Proseslər, zaman-zaman onların hərəkətləri başkanı bu fikirə gəlməyi məcbur edib” - T.Yaqublu əlavə etdi.
İsa Qəmbərin başkanlıqdan getməsinə toxunan T.Yaqublu dedi: “Müsavat Partiyası həmişə Azərbaycanda demokratiya nümunələrini göstərib. Bu da növbəti hümanizmdir. İlham Əliyev növbəti dəfə prezident seçilmək üçün referendum keçirdib, konstitusiyanı dəyişdi. Bizim nizamnamədə qeyd olunur ki, bir şəxs iki dəfədən artıq başkan seçilə bilməz. İsa bəy də bu normanı yerinə yetirməyə məcburdur. İsa Qəmbər sözünün ağası olduğu üçün cəmiyyətdə nüfuz qazanıb. Konkret başkanlıq uğrunda kimlərin arasında mübarizənin getdiyini deyə bilmərəm. Lakin tam ədalətli şəkildə seçkilərin keçiriləcəyinə əminəm”. Mətbuatda rəy sorğuları keçirilib. Bu sorğuda Sülhəddin Əkbər, Arif Hacılı, Vurğun Əyyub və Qubad İbadoğlunun adı hallanıb. Buna baxmayaraq, indidən qəti söz demək olmur. Bəziləri də Eldar Namazovun başkan gətiriləcəyindən danışırlar. Bu adam partiyanın üzvü deyilsə, necə sədr seçilə bilər – deyə T.Yaqublu bildirdi.
İsa Qəmbər başkanlıqdan getdikdən sonra hansısa fəxri ad adıb, ümumi fəaliyyətə nəzarət etmək imkanı qazana bilərmi – sualına cavab olaraq o vurğuladı ki, gələcəkdə hansısa fəxri ad və əski lider nəzərdə tutulmayıb. İsa bəy partiyadan deyil, başkanlıqdan gedir. Nə qədər mübarizə var o da bunun içində olacaq. Başkanlıqdan əlavə divan üzvü, sədr müavini və digər postlar var. Ola bilsin ki, bunlardan birinə iddialı olsun.
Əli Mövlud
|