Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

25 Avqust

2017
10:19
1683
10 AZN-ə Vətənini necə tərk etməyin yolları öyrədilir
Kapitan, yoxsa siçovul olmaq hər kəsin öz seçiminə qalıb

Ümid... Deyirlər bu insanlarda ən sonuncu ölən duyğudur. Bu fikirlə razı olmasam da bu günlərdə bu deyimin doğru olmasını çox arzu edirəm. Ölkəmiz, bölgəmiz və əslində dünyanın böyük bir hissəsi çaxnaşmalı-təlatümlü, qan-qadalı günlərdən keçir. Birinci və ikinci dünya müharibələri zamanı “əjdahalar” arasında paylaşılan yer kürəsi yenidən yeni və köhnə güclərin savaş meydanına çevrilmişdir. “Ağıllı insan” müharibənin və müstəmləkəçiliyin yeni üsullarını axtarıb tapmış, yeni-yeni ölüm makinaları icad etmişdir. “Bir damla neft bir damla qandan qiymətlidir”, - deyənlər neftin qiymətini sudan da ucuz etmək üçün əlindən gələni edir, bu adı qoyulmamış dünya müharibəsində qalib çıxmaq üçün. Onsuz da mürəkkəb geostrateji bölgədə yerləşən və əsas gəlir mənbəyi neft satışı olan ölkəmiz də bu ölüm-qalım savaşından öz “payını” alır və sosial-iqtisadi çətinliklərin bol olduğu bir zaman dilimindən keçir. 

Manatın devalvasiyası fonunda yuxarı istiqamətdə dəyişiklik göstərən qiymətlər və sosial-psixoloji gərginliklər insanların əsəblərini tarıma gərmiş, intihar halları çoxalmış və iş dalınca xaricə üz tutanlar artmışdır. Onsuz da “Gəzməyə qərib ölkə, ölməyə Vətən yaxşı”, - deyərək, ölüm ayağında ana yurdu yada salan “qəhrəmanların” kifayət qədər çox olduğu günümüzdə, üstəlik ölkədə işsizlik və iqtisadi çətinliklərin də artması xaricə üz tutanlara əlavə stimul verir. İş hətta o yerə çatıb ki, hər cür böhranı fürsətə çevirməyi bacaran “işbazlar” üçün xaricə getmək istəyən insanlardan təşkil olunmuş yeni bir bazar da yaranıb.

Bu barədə son günlərdə sosial mediada gördüyüm bir elan diqqətimi və hiddətimi cəlb elədi. Deməli, Bakı şəhərində fəaliyyət göstərən xaricdə təhsillə bağlı məsləhət və xarici dil kursları xidmətləri göstərən bir şirkət belə bir elan verib: “Filan tarixdə Bakıda keçirilən 1000 nəfərdən çox iştirakçının cəlb olunduğu “... Necə miqrasiya etmək olar?” seminarından sonra bu haqda növbəti seminarımız Gəncədə!” Tarixi və ölkənin adını, həmçinin şirkətin adını yazmadım, çünki, bu yazını məğzini bunlar təşkil etmir, bu yazı həmin o 1000-dən artıq olan iştirakçılar barəsindədir...

Dost tanışdan son günlərdə hansısa ölkəyə getmək üçün dil kursu adı ilə viza alıb bir daha qayıtmamaq şərti ilə (ən azı beş il) gedən xeyli gəncin olduğunu eşitmişdim. Bu iş üçün təqribən 700-800 AZN pul tələb olunur. Bu xəbəri eşidən gündən çox narahat idim, lakin yuxarıdakı xəbər bu narahatçılığı daha da artırdı və bu yazını yazmağa məcbur etdi məni. “O olkəyə necə miqrasiya etmək olar?” adlı seminarda iştirak etmək üçün ödəniş də tələb olunur. Ödəniş. Yəni mənə 10 AZN pul ödə ki, mən sənə öz Vətənini necə tərk etməyin yollarını öyrədim. Paytaxtda bu məbləği ödəməyə hazır olan kifayət qədər müştəri olduğuna görə regionlara da üz tutmaq qərarına gəlir şirkət. Sözügedən seminar-konsultasiya “çox dinamik, interaktiv və məhsuldar formada” baş tutur, şəhərin ən böyük otelinin ən böyük zalında... 

Nədənsə bu məsələlər barəsində düşünəndə ağlıma müəllifini bilmədiyim bir kəlam gəlir: “Batan gəmini birinci siçovullar tərk edir.” Lakin məsələ o qədər sadə deyil. Nə dənizin özü ilə yaşıd olan bu gəmi barədə, “bu gün sabah batacaq”, - deyə düşünmək, nə də ölkəni bu və digər səbəbdən tərk edənlərə, “elə getsələr yaxşıdır” demək ağıl karıdır. Məsələ daha qəlizdir. “Qərb dünyası qocalır, gənclik bizdədir, güc bizdədir”, - deyərək, öyündüyümüz gənclərin bir hissəsi bu gün xaricə miqrasiya etməyin yollarını öyrənmək üçün pul ödəməyə belə hazırdırsa, biz haradasa səhv buraxmışıq deməkdir.    

Gəlin xaricə köçməyə can atan kütlənin kimlərdən ibarət ola biləcəyi barəsində bir az düşünək. Böyük əksəriyyəti birləşdirən ortaq xüsusiyyət xarici dili pis-yaxşı bilmək, informasiya-kommunikasiya texnologiyalarından istifadə etməyi bacarmaq, özünə güvənmək,  bu və ya digər vəzifədə çalışaraq dəyər yarada biləcəyinə inam və s. Bütün bu xüsusiyyətlərə malik yüzlərlə gənc ölkədən getmək istəyir, üstəlik bu yolda iynə ucu boyda işıq yeri olan miqrasiya seminarında iştirak etmək üçün pul ödəyir. Bəlkə biz elə burada etmişik səhvimizi? “Köçmək” kəlməmiz ola-ola “miqrasiya etmək” kəlməsini istifadə etməyə başlamaqla açıldı Qərb həyat tərzinə və o ölkələrə heyran gənclərin yaranmasının yolu. 90-cı illərdə ödənişsiz kompüter və xarici dil öyrətməyi vəd edən missioner mərkəzlərinə gedənlər yavaş-yavaş televiziyanın da köməyi ilə Qərbə heyran olmağa başladılar. Sonrakı mərhələdə bu soroskimilər arasından maddi imkanı yaxşı olanlar qısa müddətlik dil kursları və ya ali təhsil almağa da getməyə başladı xaricə. Öz milli-mənəvi dəyərlərimizi kifayət qədər bilməyən, tariximizi isə imperial siyasətin diktəsi ilə yazılmış kitablardan oxumuş (əgər oxuyubsa) bu gənclər müharibə şəraitində və iqtisadi çətinliklər içərisində olan bir ölkədən birdən-birə müstəmləkəçilik nəticəsində maddi qazanc əldə edən və ehtişamlı görünüşü ilə göz oxşayan ölkəyə getdikdə istər istəməz “kültür şoku” yaşayır. Orada qaldığı (əsasən bir ilə qədər) müddətdə professional psixoloq, sosioloq və s. mütəxəssislər tərəfindən hazırlanmış xüsusi təhsil proqramını da keçdikdən sonra artıq öz ölkəsinə, milli-mənəvi dəyərlərinə və hətta qohum-əqrəbasına da yad olan, onlara yuxarıdan-aşığı baxmaqla Qərbə heyranlıq duyan, hər fürsətdə Qərbi tərifləyərək öz ölkəsindəki çətinliklərdən dəm vuran, kosmopolit “intellektual” olur və qayıdır Vətənə. Elə məsələnin ən təhlükəli hissəsi də bundan sonra başlayır. Qısa müddətə getdiyi ölkənin heyranına və könüllü təbliğatçısına çevrilən bu “intellektual” gənclər ölkəyə gəldikdən sonra buradakı həyat tərzini əlbəttə ki, bəyənmir və başlayır onu dəyişdirmək üçün əlindən gələni etməyə. Qərb həyat tərzinin təbliğatçısı bu “yerlilər” xaricdən gələn maliyyə vəsaitinin hesabına vaxt keçdikcə ölkədə müəyyən nüfuz qazanır və ətrafına onu kimi düşünən insanları toplamağa başlayır. Nəticədə qədim zamanlarda düşmən hücumu vaxtı şəhərin qala qapılarını gizlicə açanların yeni forması yaranır və onların köməyi ilə ölkənin təkcə maddi sərvətləri deyil, həmçinin mənəvi sərvətləri və gənc beyinləri də talan edilməyə başlanır. Bütün bu sadalanan ssenarinin həyata keçməsi üçün isə ilk şərt ümidini itirmiş insanların olmağıdır. Gəmi ilə əlaqədar başqa bir məşhur deyim var: “Əsil kapitan gəmisini heç vaxt tərk etməz.” İndi seçim sizindir, ya kapitan olun və gəminizə sahib çıxın,  ya da...

Fədai

Məqalədə : Viza 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru