Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

11 Fevral

2017
10:42
1648
`Suriyada oturub `Azərbaycanı qan gölünə çevirəcəyik` deyənlərdən qorxmaq lazımdır`
Ramil Bədəlov: "Cəmiyyətin xeyrinə qərar çıxarmaq məmurların vəzifə borcudur"

Dünən Günəşli qəsəbəsində yerləşən Fatimeyi Zəhra məscidində cümə namazında imam cümə, ilahiyyatçı alim Ramil Bədəlov məscidin ərazisilə bağlı geniş çıxış edib.

Çıxışı zamanı o bildirib ki, məscidin torpağı ilə bağlı məsələ bütün inanclıları narahat edən məsələdir: "İnanın ki, hara gedirik bu məsələdən soruşurlar, xaricdən zəng edirlər. Bütün inanclıar narahatdır. Cəmiyyətdə aləm dəyib bir birinə. Dövlət məmurlarının qərarı millətin xeyrinə olmalıdır. Qərarlar cəmiyyətin mənafeyinə xidmət etməlidir. Cəmiyyətin xeyrinə qərar çıxarmaq məmurların vəzifə borcudur. Əks təqdirdə yaxşı sonluqla nəticələnmir. Necə ki, bunu biz 2009-cu ildə gördük. Siz hamınız gördünüz. Elə də uzaq tarix deyil. Hamınız gördünüz hansı problemlərlə üzləşdik. 2009-da səhv qərar çıxarıldı, kütləvi etirazlara səbəb oldu. Halbuki 1996-ci ildə 130 sot - 1.3 hektar torpaq məscidin isitfadəsi üçün ayrılmışdı. Sonra qərarı ləğv etdilər, kütləvi etirazlardan, müəyyən səbəblərdən sonra məsələ həllini tapdı. Yəni 2010-cu ildə 130 sot torpaq (1.3 hektar) məscidin istifadəsinə verildi. Amma görürük həmən səhv yenə təkrar olunur. Axı bu nəyə lazımdır?"

İqtisadi böhran, intiharların çoxaldığı bir dönəmdə məmurların belə bir qərar çıxarmasını tənqid edən imam cümə deyib: "Bu böhranda bu cür addım düşmənin dəyirmanına su tökməkdən başqa bir şey deyil. Kim təşviq etdi onları buna? Axı nəyə lazımdır? Ərazinin böyüklüyünə gəlincə, unutmayaq ki, 50 min əhalisi olan qəsəbənin yeganə məscidi məhz Xanım Fatimeyi Zəhra məscididir. Ərazisinin böyük olması nə problem yaradırki? Bilirsiz dini mərasimlərdə, məsələn Qədr gecəsində bura nə qədər insan yığışır? Bizim bu əraziyə ehtiyacımız var. Kütlənin çoxluğuna gəlincə, biz axı yaxşılıqdan başqa onlara nə demişik? Milli mənəvi dəyərlərin təbliğini etmişik. Heç kəs məndən belə danışmağımı istəməyib, belə başa düşmüşəm belə təbliğ etmişəm. Camaatın azlığı çoxluğuna fərq qoymadan əvvəl gündən necə danışmışamsa o cür də danışıram. Kütlənin çoxluğuna görə narahat olmaq, qorxmaq lazım deyil. Bura qorxulası yer deyil, başqa yerlərdir. Qorxmaq lazımdırsa, islam adı ilə təkfirçiliklə məşğul olub, uşaq başı kəsən cərəyanlardan qorxmaq lazımdır. Suriyada oturub "Azərbaycanı qan gölünə çevirəcəyik" deyənlərdən qorxmaq lazımdır. Bu ölkənin şəhidinə şəhid demir bunlar. Çıxışlar var, gedin baxın. Azərbaycanın şəhidinə kafir deyən cərəyanlardır təhlükə. Biz şəhidlərimizə dəyər veririk."

"Bir daha deyirəm, ərazi haqqında qanuni sənəd var. Təqribən 130 sot ərazisi var. 2010-cu ildə məhkəmənin qərarı ilə 1.3 hektar ərazi olaraq məscidin istifadəyə verilməsi təsdiqini tapıb.", -deyə Ramil Bədəlov əlavə edib.

İmam cümə daha sonra Dini Komitənin açıqlamasını şərh edib: "Hələ bu azmış kimi bunlar deyir ki, məscidin icması, axundu qeyri-rəsmidir. Deyir ki, məscid tikiləndən sonra biz ora icma, axund təyin edəcəyik. Bu qərəzdən başqa bir şey deyil. Mən şəxsən din xadimi olaraq buna etiraz edirəm. Məscid və ərazisi hər ikisi bizə əzizdir, məscid və ərazisi Allahın mülküdür. Nəinki məscid, ərazisi bütün dünya Allahın mülküdür. Mənim şəxsi mülküm deyilki, Allahın mülküdür." /İslamazeri.az

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru