Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

05 Noyabr

2015
23:21
7912
`Parlamentdə radikal tələblər qoyacaqdım, bunu istəmədilər` - VİDEO
"Hamı inanırdı ki, Akif Nağı Parlamentə düşəcək, ona əngəllər yaradılmayacaq. Belə çıxır, görünməyən əllər var"

FaktXəbər-in Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı ilə parlament seçkiləri barədə müsahibəsi.

- Akif bəy, artıq parlament seçkilərindən bir neçə gün keçib və bildiyimiz kimi siz də namizdə kimi iştirak etmisiniz. Bu parlament seçkiləri əvvəlkilərə nəzərən nə ilə yadda qaldı sizin üçün?

- Təəssüf ki, bu  parlament seçkiləri əvvəlki illərə nisbətən geriyə doğru bir addım kimi qeyd olunmalıdır. Yəni saxtalaşdırma çox oldu. İnsanların passivliyi çox oldu, böyük əksəriyyət seçkiyə getmək istəmədi və hesab edirəm ki, böyük yanlışlıqlara yol verildi. Kimin seçilməyindən asılı olmayaraq, təmiz, ədalətli, sağlam  mühit olmalıdır seçkilərdə. Mən başa düşürəm ki, bütün dünyada - Amerikada da, Avropada da seçkilər bu və ya digər formada idarə olunur, bu, heç kim üçün sirr deyil. Məqsəd də bu olur ki, dövlət üçün təhlükəli adamlar, terrorçular parlamentə düşməsinlər və sair. Ancaq bu formada, yüz faiz idarə olunan parlament formalaşdırmaq, istədikləri adamların seçilməsi görünməmiş bir işdir.

Bu seçkiləri keçirənlər çox böyük yanlışlıqlara yol verdilər. Özləri də başa düşməlidirlər ki, öz hakimiyyətlərinə zərbə vururlar

Seçkilər cəmiyyətin, dövlətin həyatında çox mühüm rol oynayır və dövlətin, xalqın, cəmiyytəin həyatının ən vacib ünsürlərindən biridir. 4-5 ildən bir keçirilən parlament, bələdiyyə, prezident seçkilərində əsas məsələ kimin seçilib seçilməməyi yox, cəmiyyətin sağlamlaşdırılması insanların ədalətə, dövlətə inamının formalaşdırılması üçün vacib olan bir məsəlidir. Bu səbəbdən mən deyirəm ki, bu seçkiləri keçirənlər çox böyük yanlışlıqlara yol verdilər. Özləri də başa düşməlidirlər ki, öz hakimiyyətlərinə zərbə vururlar. Sabah bir fəlakət baş verəndə bilin ki, bu hadisələrin zəmini həm də bu seçkilərlə hazırlanırdı. Bu seçkini keçirilənlər, bu işdə məsul olanlar dövlət, millət, xalq, Allah qarşısında borclarını başa düşmədilər, o məsuliyyəti dərk etmədilər.

- Seçkilərdə üzləşdiyiniz problemlərlə bağlı aidiyyatı orqanlara müraciət də etmisiniz...

- Bəli, problemləri sistemləşdirdik. Bunlardan biri ondan ibarət idi ki, kampaniyanın aparılması üçün bərabər hüquqi şərait yaradılmamışdı. Televiziyalarda bu il ilk dəfə olaraq pulsuz, ödənişsiz efir vaxtı ləğv olundu. Bu çox böyük bir minusdur. Kimlərsə, sözlərini demək istəmədilər, ya deməyə sözləri yoxdur, bu, başqa məsələ. Amma sən parlament seçkilərinə gedirsənsə, xalqa - seçicilərə öz sözünü deməlisən. Buna da şərait yaradılmalıdır. Ödənişsiz efir vaxtı da bunun üçün nəzərdə tutulmuşdur. Bu il birdən birə YAP-çılar dedilər ki, bizə efir lazım deyil. Lazım olmaz təbii ki, deməyə sözünüz yoxdur. Bu, ən böyük minuslardan biri idi. Bundan başqa, seçki günü seçicilərin fəallığı yox idi, amma buna baxmayaraq, yüksək rəqəmlər - 50-60 faiz göstərildi. "Karusel" adlanan əməliyyat var: qeydiyyatları olmaldığı halda dost tanışların gətirib səs verdirdilər, saxta bülletenlər atıldı. Yəni çoxlu sayda bu tip saxtakarlıqlar oldu. Bununla bağlı bizim də MSK-ya, Ali Məhkəmənin sədrinə, Prezidentə və Baş prokurora müraciətimiz oldu ki, bunar cinayət əməlləridir və araşdırılmalıdır, haqq öz yerini tapmalıdır.

Bu il birdən birə YAP-çılar dedilər ki, bizə efir lazım deyil. Lazım olmaz təbii ki, deməyə sözünüz yoxdur.

- Hansı mərhələyə qədər getmək fikriniz var?

- Cavabı gözləyirik. Mən həmişə demişəm: Azərbaycanda haqq, ədalət, nizam-intizam özümüzün daxili qüvvələrimiz hesabına yaranmalıdır. Kimsə kənardan bizə haqq, ədalət, obyektivlik  gətirməməlidir, mən bunun tərəfdarı deyiləm. Millət özü özünü formalaşdırmalıdır. Ona görə də beynəlxalq təşkilatlara, məhkəmələrə müraciət etmək fikrim yoxdur. Birincisi, onların ədalətinə inamım yoxdur, onlar öz maraqlarından çıxış edirlər. İkincisi, mən ölkəmdə vətəndaş, ictimai təşkilat, hakimiyyət olaraq millət özü öz nizamını formalaşdırmalıdır. Mənim mövqeyim belədir.

- Uzun illərdir ki, QAT rəhbəri kimi Qarabağ dərdimizi dünyaya çatdırmaqla məşğulsunuz. Bəs nə üçün belə bir təşkilatın rəhbərini Parlamentdə görmək istəməsinlər?

- Çox qəribə bir sualdır. Mənə də bunu verirlər. Seçicilər çox pis əhval-ruhiyyədədirlər. Hamı inanırdı ki, Akif Nağı Parlamentə düşəcək, ona əngəllər yaradılmayacaq. Görünür ki, görünməyən əllər var. Parlamentdə Qarabağla bağlı ədalətli, obyektiv, radikal mövqenin ortaya qoyulmasını, parlamentdə Akif Nağının çıxışlarını istəmirlər, ortaya qoyacağı tələblərdən çəkinirlər. Mən orda deyəcəkdim ki, Parlamentdə etik, iqtisadiyyat və sair komissiyalar var, ancaq torpaqlarımın işğal altında olmasına baxmayaraq, niyə indiyə qədər bir dənə Qarabağ Komissiyası yoxdur. Mən orda 3-5 nəfərlə birləşib, Qarbağ fraksiyası yaratmaq istəyəcəkdim, iki aydan bir Qarabağla bağlı məsələlərin müzakirəsini istəyəcəkdim. Görünür bunu istəmirlər.

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru