Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

10 Avqust

2017
16:37
804
`Lütfi Zadə Azərbaycana bağlılığı olmayan adamdır, vəsiyyətinə də inanmıram`

“Lütfi Zadə Azərbaycana xüsusi bağlılığı olmayan adamdır. Bunu açıq demək lazımdır. Onda millətçilik və dərin Azərbaycançılıq olmadığı üçün həmin vəsiyyəti uydurma hesab edirəm”.

Bu sözləri“Sherg.az”a açıqlamasında “Xəzər” Universitetinin rektoru, professor Hamlet İsaxanlı deyib. O bildirib:

“Mən Lütfi Zadəni çox yaxşı tanıyıram. Görüşüb, söhbət aparmışıq. 2 il bundan əvvəl onun evində qonaq olmuşam. Çəkiliş etmişik və çox yaxşı kadrlar var. Lütfi Zadənin ailəsi Amerikadadır. Çox sevdiyi həyat yoldaşı bir il əvvəl vəfat edib. Uşaqlarının ikisi də Amerikadadır. Lütfi Zadə Amerikanı sevir. Orada oxuyub və orada yaşayıb. Mən onda Azərbaycana xüsusi bağlılıq kimi hisslər müşahidə etmədim. Bu mənada onun Azərbaycanda dəfn olunmasına dair vəsiyyətinə inanmıram”.

Lütfi Zadənin “Məni Azərbaycanda basdırın” vəsiyyətini şərh edərkən Hamlet İsaxanlı onun görkəmli alim olduğunu vurğulamaqla yanaşı, qeyd edib ki, Azərbaycanı da maraqlandıran Zadənin məhz görkəmli alim olmasıdır:

“Onun atası azərbaycanlı, anası isə yəhüdi idi. Bakıda anadan olub. 10 yaşına qədər Bakıda yaşayıb. Amma Azərbaycana dərindən bağlı adam deyil. Azərbaycan dilində danışmır, danışa bilmir. Uşaq vaxtı da rusca danışıb. Sonra İrana gedib, farsca öyrənib. Universiteti bitirib, Amerikaya yollanıb və orada ingilis dilində danışıb. Uşaqları ilə ingilis dilində, həyat yoldaşı ilə isə rusca danışırdı. Azərbaycana xüsusi bağlılığı olmayan adamdır. Bunu açıq demək lazımdır. Azərbaycan əsilli görkəmli alim olduğu üçün məhz Azərbaycan ona maraq göstərib. Onun yanına gedib – gəlirdilər. Onu Azərbaycana dəvət etmişdilər. Amma onda millətçilik və dərin Azərbaycançılıq olmadığı üçün həmin vəsiyyəti uydurma hesab edirəm”.

“Lütfi Zadə Qarabağla bağlı bir dəfə də olsun danışmayıb” iddiasına gəlincə, H.İsaxanlı vurğulayıb ki, o, siyasətə qarışan adam deyil:

“Avrasiya Akademisı ilə bağlı 5 alim – Lütfi Zadə, mən, Arif Məlikov və iki məşhur türk alimi bir yerə toplaşmışdıq. Bununla əlaqadar söhbət etmişdik. Onun Azərbaycan prezidenti haqqında dediklərini olduğu kimi sizə çatdırıram. O bildirdi: “Azərbaycan prezidenti Azərbaycanın inkişafı üçün yaxşı siyasət aparır”. Mən Lütfi Zadədə bu cümlədən o tərəf xüsusi bir sevgi görməmişəm. Bu mənada sentimental şeylərə inanmaq lazım deyil. Yenə deyirəm ki, onun Azərbaycana xüsusi bağlılığı yoxdur. Sadəcə, Azərbaycanda qeyri-səlis məntiqlə məşğul olan adamlar olurdu. Burada doktorluq müdafiə edənlər onun yanınmda gedib – gəliblər.

O da bizimkilərin bəzilərini qəbul edib, onlara köməklik göstərib. Həm onun damarlarında axan qanın yarısı azərbaycanlı qanıdır, həm də məşğul olduğu sahə ilə bağlı burada müəyyən tələbələr var deyə  onu Azərbaycanda tanıdıblar. Açığı deyək ki, Lütfi Zadədən 10 dəfə böyük alimlər, “Nobel” mükafatı alanlar var. Amma Azərbaycanda Lütfi Zadə qədər populyar deyil. Bu Azərbaycan tərəfini qane etdiyi üçün onu burada məşhurlaşdırıblar. Bu mənada onun Azərbaycana gəlməsi, dəfn olunması mənasız söhbətlərdir”.

Məqalədə : Lütfi Zadə 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru